Regionların sosial inkişafı tərəqqi yollarında

 

Lerikin timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə görmək olar

 

Qədim tarixə malik olan Lerik rayonu Talış dağlarının əhatəsində yerləşir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonları ilə həmsərhəd olan Lerikin 75,8 min nəfər əhalisi var.  Məlum olduğu kimi, son illər ərzaq təhlükəsizliyi ilə bağlı ölkəmizdə xeyli işlər görülüb, Prezident Sərəncamları verilib, qanunvericilik aktları qəbul olunub. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da bu məqsədə xidmət edir. Bu mənada, Lerik rayonunun ötən ildə qazandığı nailiyyətləri deyilənlərin bariz nümunəsi hesab etmək olar.

 

Lerikdə Dövlət Proqramı uğurla həyata keçirilir

 

Sözsüz ki, aqrar sahənin inkişafını şərtləndirən əsas amillərdən biri də, son illər Lerik rayonunda sağlam işgüzar mühitin formalaşmasıdır. RİH-in məlumatına əsaslanaraq, qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan məsələlər Lerik rayonunda da ardıcıllıqla və uğurla həyata keçirilir. Bu baxımdan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda ötən il 2 məktəb və 1 uşaq bağçası inşa edilib, incəsənət məktəbində və 24 ümumtəhsil məktəbində əsaslı təmir işləri aparılıb. Qasırğa nəticəsində ziyan çəkmiş bütün təhsil ocaqlarının dam örtükləri yenilənib, digər ziyanlar aradan qaldırılıb. Daha çox zərər çəkmiş Şingədulan kənd məktəbi əsaslı təmir edilib. Məktəblərin maddi-texniki bazası daha da gücləndirilib. Əsaslı təmir və yenidənqurmadan sonra Lerik rayon mərkəzi xəstəxanasının əhaliyə xidmət imkanları xeyli artıb. Bir sıra kənd xəstəxanaları və tibb məntəqələrində təmir işləri aparılıb.

Həmçinin, rayonun iqtisadi imkanları da genişlənib, sosial problemlər həll olunub, infrastrukturlar yenilənib. Texnoloji baxımdan mürəkkəb layihə sayılan magistral qaz kəməri Masallının Tüklə kəndindən Lerikin mərkəzinədək 40 kilometrdən artıq məsafədə çəkilib. Lerik şəhəri tam qazlaşdırılmışdır. Rayonda on bir qaztənzimləyici quraşdırılıb. Çətin sıldırım qayalardan, sıx meşəliklərdən, dəniz səviyyəsindən 1200-1500 metr hündürlükdə 36 yol, 6 çay keçidindən keçirilərək, kommunikasiyalarla təmin olunan qaz xətləri, hələlik, 1000-dən artıq abonentin sevincinə səbəb olub. Bütün bu işlərə 11 milyon 500 min manatlıq, o cümlədən, büdcə vəsaiti hesabına 9 milyon 180 min manatlıq xərc çəkilib. Qaz istismarı idarəsində 25 nəfər daimi işlə təmin olunub. İndiyədək yüzlərlə evə qaz sayğacı quraşdırılıb, mətbəx sobaları qoyulub, təbii qaz leriklilərin həyatına, məişətinə daxil olub. Bu, həm də meşələrin, flora və faunanın etibarlı qorunması deməkdir. Rayon mərkəzində 11 kilometrədək asfaltlama işi aparılıb. Bir çox kənd yolları hamarlanaraq daş-çınqıl tökülüb. Rayonun Bilnə, Murya, Rvarud, Çayrud, Bürsümbül, Bibiyanı, Babagil kəndlərinə gedən yollarda 7 körpü salınıb. 

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrası nəticəsində Lerikdə, ümumilikdə, 2004-2010-cu illər ərzində 5726 nəfər, o cümlədən, 2400 nəfər daimi işlə təmin edilibdir.

 

Aqrar sənayenin prioritet istiqamətləri

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında kənd təsərrüfatının inkişafında aqrar sənaye prioritet istiqamətlərdəndir. Bu baxımdan da, rayonda ötən ildə rayonda ümumi məhsul buraxılışının həcmi 16,5 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 14,7 faiz, sənaye məhsulunun ümumi həcmi 6,6 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 7,9 faiz, nəqliyyat xidməti 1,4 faiz, ticarət 7,2 faiz artmışdır. Rayonun tikinti sektoruna ötən ilin müvafiq dövrünə nisbətən 3 milyon 645,6 min manat çox vəsait qoyularaq xərclər 8 milyon 179,5 min manata çatdırılıbdır. Pərakəndə əmtəə dövriyyəsində 12,4 faiz, əhaliyə göstərilən pullu xidmətdə 11,9 faiz artım müşahidə olunub. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 17,9 manat artaraq 245,4 manata, əhalinin gəlirləri 5,5 faiz artaraq 42 milyon 320 min manata çatıbdır. Ötən ilin əvvəlindən görülmüş kompleks tədbirlər nəticəsində rayonda iribuynuzlu mal-qaranın baş sayı 35995-ə, qoyun və keçilərin sayı isə 126287-yə çatdırılıbdır. Təsərrüfatlarda diri çəkidə 3259 ton ət, 12724 ton süd, 2981 min ədəd yumurta, 223,5 ton yun istehsal olunub.

 

Bölgələrdə turizmin inkişaf perspektivləri

 

Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Bu baxımdan Lerik rayonunun əlverişli coğrafi mövqeyi turizmin inkişafı üçün böyük perspektivlər açır. Xüsusilə də, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunması rayonda turizm sahəsində mühüm işlər görülüb. Lerik yolunun 27-ci kilometrində 50 nəfərlik "Təbəssüm" turizm-əyləncə mərkəzi, neçə-neçə digər yeni turizm obyekti fəaliyyətə başlayıb. "Relax" turizm-istirahət mərkəzi bütün fəsillərdə turistlərin gözəl yay və qış istirahəti üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, "Relax" turizm-istirahət mərkəzində inşasına ötən ildən başlanan "AKVA-park"da işlər davam etdirilir. Burada tezliklə kanat yollarının tikintisi nəzərdə tutulub. Turist mərkəzində kotteclər, əyləncə guşələri yaradılıb. Turizm rayonda yeni sahə olsa da, qısa vaxtda 9 istirahət mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin istirahət etməsi üçün hər cür şərait yaradılıb. Ötən il 7587 nəfər turist dincəlmək üçün məhz Leriki seçib.

Lənkəran-Lerik yolu boyunca, Qosmalian və Bilnə kəndlərində yeni istirahət-əyləncə mərkəzləri, Lerik şəhərində və ərazilərdə, habelə, magistral yol boyunca ticarət və iaşə obyektləri tikilib. Magistral yolun 36-cı kilometrliyində müasir kottec və otellərə malik "Cənub" turizm mərkəzi inşa edilib.

 

 

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 30 aprel.- S. 10.