Ağababa Rzayevin 90 illiyi qeyd olunub

 

Mərasimdə tanınmış qələm sahibləri, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər. "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov sovet dövründə Azərbaycanın ən aparıcı mətbu orqanı sayılan "Kommunist" - indiki "Xalq qəzeti"nin uzun illər redaktoru işləmiş, böyük bir jurnalistlər ordusunun yaranmasında xidmətləri olmuş A.Rzayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Ağababa Rzayevin qəzetdəki fəaliyyətinin Ulu Öndər Heydər Əliyevin məhz o vaxt "Kommunist" mənim qəzetimdir", - deyərək ölkədə iqtisadisosial sahələrdə geniş quruculuq işlərinə başladığı dövrə təsadüf etdiyini vurğulayan H.Həsənov, redaksiyanın qaldırdığı problemlərin ölkə rəhbərliyi tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini, onun redaktorluğu müddətində qəzetin tirajının ilbəil artaraq yarım milyon nüsxəni keçdiyini diqqətə çatdırmışdır.

Yubiley tədbirində vaxtilə A.Rzayevlə bir yerdə çalışmış tanınmış jurnalistlər Oqtay Cəfərov, Yusif Kərimov və başqaları çıxış edərək, bütün həyatını mətbuatımıza, xalqın maariflənməsinə, gənclərin əqidəcə sağlam tərbiyə olunmasına sərf etmiş jurnalistin fəaliyyətini yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, işlədiyi mətbu orqanının və orda çalışan əməkdaşların mənafeyini və nüfuzunu daim uca tutan Ağababa Rzayev mötəbər və vicdanlı sözün keşiyində dayanan bir insan olmuşdur.

 

Zümrüd

 

Səs.- 2011.- 30 aprel.- S. 12.