Bakının şəhərətrafı
qəsəbələrində yenidənqurma işləri
aparılır
Azərbaycan Prezidenti İlham Əliyev Bakının
şəhərətrafı qəsəbələrinin
sosial-iqtisadi inkişafı ilə bağlı Sabunçu
və Suraxanı rayonlarında görülən
işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində
şəhərətrafı qəsəbələrin sosial-iqtisadi
inkişafına həsr
olunmuş müşavirə
keçirilmişdi. Həmin
müşavirədə dövlətimizin
başçısı şəhərətrafı
qəsəbələrin sosial-iqtisadi
inkişafı ilə
bağlı tapşırıqlar
vermişdi. Həmin tapşırıqların icrası
ilə yerində tanış olmaq üçün martın
31-də Prezident İlham
Əliyev Sabunçu və Suraxanı rayonlarında olmuşdur.
Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi
inkişafına həsr
olunan müşavirədə
respublikamızın paytaxtında
ötən illərdə
konkret proqramların həyata keçirildiyini bildirərək Bakının
meqapolisə çevrilməsinin
prioritet məsələlərdən
biri olduğunu vurğulamışdı. Dövlətimizin
başçısı paytaxtın
yol-nəqliyyat infrastrukturunun,
energetika şəbəkəsinin,
təbii qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının,
digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi
üçün kompleks
tədbirlərin və
yenidənqurma işlərinin
bundan sonra daha da vüsət alacağını qeyd etmiş və bu məqsədlə
xüsusi dövlət
proqramı üzərində
işlərin getdiyini
bildirmişdir. Prezidentin
tapşırıqlarına əsasən Bakı şəhərinin bütün
rayonlarının kənd
və qəsəbələrində
yenidənqurma tədbirlərinə
başlanılmışdır. Müşavirədə qarşıya
qoyulan vəzifələrin
icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev Zabrat qəsəbəsinin 7500-dən artıq sakinin məskunlaşdığı "Teplitsa" adlandırılan
yaşayış sahəsində
oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov
dövlətimizin başçısına
görülən işlərlə
bağlı məlumat
verdi. Bildirildi ki, Prezident İlham
Əliyevin tapşırığına
əsasən qəsəbələrarası
yolların əsaslı
təmirinə başlanılıb.
Bu yaşayış sahəsindəki 12 min 300 kvadratmetr yola yeni asfalt örtüyü
döşənib. Dövlətimizin başçısının tapşırıqlarına
əsasən qəsəbələrarası
yollar boyunca işıqlandırma sisteminin
qurulacağı qeyd olundu, kəndlərdə və qəsəbələrdə
kanalizasiya xətlərinin
çəkiləcəyinin isə dövlət proqramına daxil edildiyi vurğulandı. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Qeyd edək ki, dövlət
başçısının tapşırığına əsasən
I Zabrat qəsəbəsi
ilə II Zabrat qəsəbəsi arasında
12 min sakinin yaşadığı yeni
sahədə də müasir məktəb binası inşa ediləcəkdir.
Prezident İlham Əliyev Suraxanı rayonunun Bülbülə kəndində
görülən işlərlə
də yaxından tanış oldu. 5500 sakinin yaşadığı
bu kənddə də dövlət başçısının tapşırıqlarına
əsasən yeni məktəb binası inşa ediləcək və bu məqsədlə
artıq torpaq sahəsi ayrılmışdır.
Bülbülə kəndində
məhəlləarası yolların
əsaslı təmirinə
də başlanılıb.
Burada 8 min kvadratmetr əraziyə yeni asfalt örtüyü
döşənib, yolun
45 min kvadratmetr hissəsində isə asfalt işləri qısa vaxt ərzində başa çatdırılacaqdır. Həyata
keçirilən abadlıq
və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı Bülbülə
kəndinin sakinləri
ilə görüşdü.
Sakinlər Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Sakinləri salamlayan Prezident İlham Əliyev bildirdi ki, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi
problemləri həll olunur. Prezident vurğuladı ki, burada əsas məqsəd ondan ibarət idi ki, Bakıətrafı qəsəbələrdə bütün
sosial-iqtisadi məsələlər
öz həllini tapsın: "Qəsəbələrdə məktəb
tikintisi sürətlə
aparılmışdır, tibb
məntəqələri tikilmişdir.
Elektrik enerjisi ilə təchizat, qazlaşdırma prosesləri
getmişdir. Yəni, müəyyən işlər
görülmüşdür. Ancaq mən çox istərdim ki, bu işlər
daha da sürətlə
və daha da keyfiyyətlə görülsün.
Qəsəbələrdə yaşayan
bütün insanlar maksimum şəraitlə təmin olunsunlar. İndi proqram hazırlanır və bu proqram bütün
qəsəbələri əhatə
edəcəkdir. Çox
böyük bir proqramdır. Hazırda qəsəbələrdə yaşayan
əhalinin sayı 800
mindən çoxdur. Bu, özlüyündə
böyük şəhərdir.
Bu qəsəbələrdə
yaşayan insanlar bir daha demək
istəyirəm ki, ən yüksək standartlarla təmin olunmalıdırlar. Amma bu məsələnin həllinin
çox sürətlə
getməsini nəzərə
alaraq, bir müddət bundan əvvəl Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə
vəsait ayrılmışdır
ki, təxirəsalınmaz
tədbirlər görülsün.
Bu gün bu yolun çəkilişi
verilmiş o vəsaitin hesabınadır.
Artıq müəyyən
işlər görülmüşdür.
Bu yol ümumiyyətlə yox idi, burada
torpaq yollar var idi. Yəni biz bütün
bu yolları yenidən qurmalıyıq,
yenidən tikməliyik.
Əlbəttə, proqram təkcə
yolların tikintisi ilə məhdudlaşmayacaqdır,
geniş tədbirlər
görüləcəkdir. Qəsəbədə qaz, işıq,
su problemləri həll olunubdur. Bu da böyük
bir nailiyyətdir.
Kanalizasiya problemləri var,
o da həll olunacaqdır. Çünki bilirsiniz, ölkəmizdə
gedən quruculuq-abadlıq
işləri hər bir bölgədə öz müsbət təsirini göstərmişdir.
Regionların sosial-iqtisadi inkişaf
proqramı vardır və icra edilir.
Eyni zamanda, Bakıətrafı
qəsəbələrin də
sosial-iqtisadi inkişafı
proqramının yeni mərhələsi başlanmalıdır.
Mən hesab edirəm ki, birinci mərhələdə
2011-2013-cü illər əhatə
olunmalıdır. Ancaq
artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə
tutduğumuz məsələləri
həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona
görə ola
bilsin ki,
2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri
əhatə edəcək
proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün
qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı
üçün bütün
lazım olan məsələlər öz
həllini tapacaqdır.
Bununla bərabər, İqtisadi İnkişaf Nazirliyinə göstəriş
verilmişdir ki, qəsəbələrdə yaşayan
iş adamları üçün əlavə
şərait yaradılsın.
Güzəştli şərtlərlə
kreditlər verilsin, burada iş yerləri yaradılsın,
yeni müəssisələr
açılsın ki,
işsizliyin də aradan qaldırılması
üçün əlavə
şərait yaradılsın.
Bütövlükdə ölkəmizdə işsizliyə qarşı
mübarizə çox
ciddi gedir. Demək olar ki, hər bir
bölgədə yeni
müəssisələr, minlərlə
iş yerləri, yeni zavodlar, fabriklər açılmışdır.
Bu gün bizim
iqtisadi və sənaye potensialımızın
güclənməsində bunun
çox böyük rolu vardır. Bu gün isə
mən gəldim özüm görüm ki, işlər necə gedir. Çox ümid edirəm ki, verilən bütün tapşırıqlar
yerinə yetiriləcəkdir.
Sizdən və bütün
qəsəbələrin sakinlərindən
xahiş edirəm ki, bu proqramın
icrası ilə bağlı olan məsələləri Prezident
Administrasiyasına da göndərsinlər. Əgər hər
hansı bir irad varsa, narazılıq
varsa, mütləq bizim xəbərimiz olmalıdır ki, bütün bu məsələlər lazımi
səviyyədə görülsün."
Abadlıq və yenidənqurma işlərinə
görə Prezident İlham Əliyevə minnətdarlıq edən sakinlər Bülbülə
kəndindən əsas
yola çıxmaq üçün köhnə
yolun bərpa olunmasını da dövlətimizin başçısından
xahiş etdilər. Sakinlərlə görüşdən
sonra Prezident İlham Əliyev Bülbülə kəndindən
əsas yola çıxmaq üçün
köhnə yolun vəziyyəti ilə tanış olmaq üçün buraya gəldi. Dövlətimizin
başçısı köhnə
yolun bərpa olunması ilə bağlı yerindəcə
tapşırıqlarını verdi. Prezident İlham Əliyevin tapşırığına əsasən
Heydər Əliyev prospekti ilə "Atəşgah" məbədini
birləşdirən küçələrdə
əsaslı təmir
işlərinə başlanılıb.
Daha sonra Prezident
İlham Əliyev
"Atəşgah" məbədinə
gələrək burada
həyata keçirilən
bərpa və abadlıq işlərinin gedişi ilə tanış oldu. Aparılan arxeoloji qazıntılar barədə
dövlətimizin başçısına
məlumat verildi. Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrdə
həyata keçirilən
abadlıq və quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlarını
verdi.
Səs.- 2011.- 1 aprel.- S. 2-3.