YAP Gənclər Birliyi 31 mart
soyqırımı ilə bağlı aksiyalar keçirib
Aksiyalarda paylanan bukletlərdə ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırımı haqda məlumatlar
və şəkillər yer alıb
Dünən Yeni Azərbaycan
Partiyası (YAP) Gənclər Birliyinin üzvləri Bakı
şəhərinin müxtəlif yerlərində 31 Mart Azərbaycanlıların
Soyqırımı ilə bağlı aksiya keçiriblər.
Partiyanın gənc üzvləri 31 mart soyqırımı ilə
bağlı hazırlanmış bukletləri paytaxt sakinlərinə
paylayıblar.
Bukletlərdə 1918-ci
ildə ermənilərin Azərbaycanda yaşayan xalqlara
qarşı törətdiyi qətliamların şəkilləri
və məlumatlar yer alıb. Aksiya şəhərin mərkəzi
və kənar hissələrində, həmçinin, metro
stansiyalarının qarşısında keçirilib. YAP GB
üzvlərinin bildirdiyinə görə, aksiyada məqsəd
əhalinin, xüsusilə də, gənclərin diqqətini
1918-ci ildə ermənilərin xalqımıza qarşı
törətdiyi cinayətin bir daha xatırladılmasından
ibarətdir.
Nizami rayon YAP Gənclər
Birliyi üzvləri tərəfindən Nizami rayon ərazisində
keçirilən aksiyada müxbirlərimiz də iştirak
edib. Bukletlər paylanarkən 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü haqqında əhaliyə ətraflı
məlumat verilib. Hadisə zamanı ermənilər tərəfindən
törədilən vəhşiliklər, insanların
başına gətirilən müsibətlər haqqında məlumat
bukletlərdə göstərilib. Azərbaycanlıların
erməni daşnakları tərəfindən
amansızcasına soyqırıma məruz qalması
faktları əhali arasında böyük kədər hissi ilə
qarşılanıb.
YAP GB-nin Nizami rayon təşkilatının
sədri Əli Pənahovun SİA əməkdaşına
bildirdiyinə görə, belə tədbirlərin gələcəkdə
daha çox həyata
keçirilməsi nəzərdə tutulur.
"Tarixən ermənilər öz məkrli niyyətlərini azərbaycanlılara qarşı reallaşdırmaqa çalışmışlar. Xalqımıza qarşı erməni şovinist millətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi, əsasən XVIII əsrdən başlayır. Erməni şovinistləri XVIII əsrin əvvəllərindən açıq və gizli formada çar Rusiyasının himayəsinə arxalanıb, "böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətinə başlayıblar.
Erməni daşnaklarının müxtəlif illərdə törətdiyi faciələrin əsas istiqaməti bir millətin- türklərin soyqırımına yönəldiyini, onların torpaqları hesabına "böyük Ermənistan" yaratmaq siyasəti yürütməsi və yürüdülən siyasətin bu gün də davam etməsi baxımından da aktualdır- deyə YAP GB Nizami rayon təşkilatının sədri xatırladıb.
O, qeyd edib ki, daima erməni şovinistləri Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və ərazilərinə yiyələnmək üçün hər cür vasitələrə əl atıblar. Ermənilərin məkrli siyasətlərinin içərisində Azərbaycan türklərini daha da çox qırmaq, sonra isə Ermənistan dövlətini yaratmaq planlarını həyata keçirmək əsas istiqamət alıb.
Təşkilat sədrinin sözlərinə görə, 1918-ci ildə V.Lenin bolşevik S.Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək, Bakıya göndərib. S.Şaumyan isə sovet hakimiyyəti qurmaq adı altında azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirməyə başlayıb.
"Mart-aprel aylarında S.Şaumyan başda olmaqla, erməni şovinistləri tərəfindən törədilən soyqırımı aktı öz miqyası ilə bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilir. Erməni millətçiləri Bakı, Şamaxı, Quba, Naxçıvan, İrəvan və ayrı-ayrı qəzalarda türkləri, yəhudiləri, ləzgiləri, talışları və digər xalqların nümayəndələrini qətlə yetiriblər.
Martın 30-u saat 5.00-da Bakıda ilk atəş səsləri eşidilib və şəhərdə azərbaycanlıların kütləvi qırğını başlayıb. Bakıda 12 minə yaxın dinc əhali öldürülüb. "Kaspi", "Açıq Söz" qəzetlərinin redaksiyaları dağıdılıb. Şamaxı şəhərində və onun kəndlərində təxminən 16.000-ə yaxın azərbaycanlı qətlə yetirilib.
Naxçıvan qəzasında bir neçə kənd yandırılıb, Zəngəzur qəzasında 115 kəndin əhalisi məhv edilib, onlardan 3257 kişi, 2276 qadın və 2196 uşaqdır. Bütövlükdə, bu qəza üzrə 10.068 azərbaycanlı öldürülüb, 50.000 sakin qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib. 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd məhv edilib. Ümumilikdə, 1918-ci il soyqırımı zamanı 50 mindən artıq azərbaycanlı öldürülüb. Xalqımız öz tarixini unutmamalı və gələcək nəsillərə həqiqətləri çatdırmalıdır. Biz də bu işdə əlimizdən gələni edirik"-deyə Əli Pənahov bildirib. Qeyd edək ki, Nizami rayon YAP GB-nin üzvləri bu tədbirdə fəal iştirak ediblər. Partiyanın digər rayon təşkilatları da fəallıq nümayiş etdirib və analoji aksiyaları paytaxtın müxtəlif yerlərində reallaşdırıblar.
Elçin Bayramlı
Səs.- 2011.- 1 aprel.- S. 7.