Regionların inkişafı geniş xarakter daşıyır

 

Qazax rayonu uğurlu inkişaf mərhələsindədir

 

Son illər ərzaq təhlükəsizliyi ilə bağlı ölkəmizdə xeyli işlər görülür. Məlum olduğu kimi, ölkə Prezidenti də bu məsələyə xüsusi önəm verir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da bu məqsədə xidmət edir. Bu mənada, Qazax rayonunun ötən ildə əldə etdiyi nəticələri, qazandığı nailiyyətləri deyilənlərin bariz nümunəsi hesab etmək olar.

 

Aqrar sənayenin prioritet istiqamətləri

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında kənd təsərrüfatının inkişafın aqrar sənayenin prioritet istiqamətlərdəndir. Bu baxımdan da, Qazax rayonunda ötən ildə 10 ha yeni üzümbağı salınaraq üzüm sahələri 300 hektara çatdırılıbdır. Həmçinin, ötən il ərzində iribuynuzlu mal-qaranın baş sayı 556 baş artırılaraq 29259-a çatdırılıbdır. Heyvandarlıq məhsulları, o cümlədən, ət istehsalı 81 ton artırılaraq 4.800 tona, süd istehsalı 4.930 tondan 23.289 ton olub. İl ərzində 651 baş heyvan süni yolla mayalandırılmış və həmin heyvanlardan 320 baş bala alınıbdır.

 

Rayonda Dövlət Proqramı uğurla həyata keçirilir

 

Sözsüz ki, aqrar sahənin inkişafını şərtləndirən əsas amillərdən biri də, son illər Qazax rayonunda sağlam işgüzar mühitin formalaşmasıdır. Bu mənada, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan məsələlər ardıcıllıqla və uğurla həyata keçirilir. Bu baxımdan, Qazax rayonunda kənd təsərrüfatı məhsullarını emal etmək gücünə malik olan müasir tələblərə cavab verən konserv zavodunun tikintisinə başlanılıbdır. Şəhərdaxili yollarda 4.500 ton asfalt örtüyü qoyulmuş və işıqlandırıcı ilə birlikdə 200 ədəd işıq dayaqları quraşdırılmışdır. Həmçinin, rayonun sərhədyanı Abbasbəyli, Alpout, Fərəhli və Ürkməzli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri layihəsinə əsasən Coğazçay su anbarının aşağı hissəsində nasos stansiyasının özülü tikilmiş və Fərəhli kəndi istiqamətində D-500 mm-lik 2500 p/m uzunluğunda dəmir boru xətti çəkilmişdir.

Qazax rayonunda qaçqınlar yaşayan qəsəbənin ərazisindən keçən Ağstafa çayının sahili boyu 958 m uzunluğunda sahilbərkidici bənd çəkilmiş, Kür çayı boyunca Birinci Şıxlı kəndi ərazisində 2 yerdə 363 və  400 m uzunluğunda, İkinci Şıxlı kəndi ərazisində 565  m uzunluğunda və Yuxarı Salahlı kəndi ərazisində 1500 m uzunluğunda sahilbərkidici bəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. İllik gücü 110 min ton olan "AzRosPromİnvest" birgə müəssisəsinin, "Sınıq Körpü" sərhəd gömrük- keçid məntəqəsinin, 36 km uzunluğunda "Qazax-Gürcüstan sərhədi" beynəlxalq avtomobil yolunun, Çaylı kəndində 3 min tonluq taxıl qəbulu və saxlanması məntəqəsinin, Kommuna kəndində illik gücü 100 min ton olan qarışıq yem istehsalı kombinatının, Qazax rayon Baytarlıq məntəqəsinin  inzibati idarə binasının tikintisində işlər başa çatdırılıb. İllik gücü bir milyon ton olan Qazax sement zavodunun, Qazax şəhərində  2 min tonluq, Çaylı kəndində isə 250 tonluq meyvə-tərəvəz saxlama kamerasının, Qazax şəhərində Şəhidlər Xiyabanında 12 metr hündürlüyündə abidə kompleksinin tikintisində işlər davam etdirilir.

 

Rayonda abadlıq-quruculuq işləri geniş vüsət alır

 

Onu da vurğulayaq ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıbdır. Belə ki, Sınıq körpü ərazisində, respublikanın Qərb qapısında "Qazax-Gürcüstan sərhədi" beynəlxalq avtomobil yolunun son 600 metrlik hissəsində geniş abadlıq işləri aparılaraq iki tərəfli, 6 zolaqlı, müasir tələblərə cavab verən yol salınmış, əzəmətli qala divarları və qədim milli memarlıq elementlərini özündə əks etdirən qala bürclərinin tikintiləri başa çatdırılıbdır. Qala divarının üzərində 25 metr hündürlükdə Azərbaycan bayrağı ucaldılıb. Qazax şəhərində küçələrə asfalt örtüyü çəkilmiş, Heydər Əliyev prospektində beton səki daşları dəyişdirilərək, yenisi ilə əvəz edilibdir.

 

Qazaxda sahibkarlığın inkişafı üçün münbit şərait mövcuddur

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Qazax rayonunda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. Son illərdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə onlara dövlət dəstəyi artırılır. Bunun nəticəsidir ki, Qazax rayonunda 2010-cu ildə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə dövlət dəstəyi olaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlər verilib. Məhz ötən il ərzində Dövlət Sosial Müdafiə Fondu Qazax rayon şöbəsində hüquqi və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyat sayında da yüksəlmələr qeydə alınıb.

 

Aztəminatlı əhalinin sosial müdafiəsi gücləndirilir

 

 Qazaxda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilib. Ünvanlı sosial yardımların və müavinətlərin qanunçuluqla müəyyən edilmiş qaydada düzgün və öz vaxtında təyin olunması və ödənilməsi təmin edilmiş, başqalarının köməyinə ehtiyacı olan tənha, əlillərin və kimsəsizlərin aşkar edilməsi, onlara xidmət göstərilməsi həyata keçirmiş, ödəniş müəssisələri vasitəsilə müavinətlərin öz vaxtında ödənilməsinə nəzarət edilmişdir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi  məqsədilə 2010-cu il ərzində sosial yardıma ehtiyacı olanlar tam müəyyənləşdirildikdən sonra onlara sosial yardım təyin edilmişdir.

 

Rayonda enerji təminatı tam təmin olunub qaz təchizatı  sahəsində işlər davam edir

 

Rayonun əhalisini keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün elektrik şəbəkə rayonu tərəfindən 2010-cu il ərzində əhali tərəfindən yeni salınmış yaşayış evlərində, məskunlaşmış qaçqın və məcburi köçkünlərə 385 ədəd yeni sayğaclar quraşdırılıb. Eyni zamanda, rayonun Hüseynbəyli və Ermənistanla sərhəddə yerləşən Cəfərli, Bala Cəfərli kəndlərinə qaz verilişi bərpa edilmiş, Daş Salahlı və Canalı kəndlərində işlər davam etdirilir.

 

Təhsil, səhiyyə, mədəniyyət sahəsində uğurlar təmin olunub

 

Qazaxda Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci və peşə liseyi fəaliyyət göstərir. Səhiyyə sahəsində də, ötən il bir çox nailiyyətlər əldə olunub. Tibb məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rayon Mərkəzi Xəstəxanasının cərrahi bloku müasir səviyyədə əsaslı təmir edilmiş, yeni avadanlıqlar və narkoz aparatı ilə təchiz edilmişdir. Qazax rayonlararası Ruhi Xəstəxanası Respublika Səhiyyə Nazirliyinin xəttilə yeni avadanlıqlarla təmin edilib Doğum evində də əsaslı təmir işləri aparılıb. Rayonun əhalisinə mədəni xidmət göstərilməsi, milli adət-ənənələrimizin qorunub saxlanması, el bayramlarının, tarixi və əlamətdar günlərin qeyd olunması, görkəmli şəxsiyyətlərin yubileylərinin təşkili rayon mədəniyyət və turizm şöbəsinin işinin əsas hissəsini təşkil edir.

 

2010-cu ildə Qazax Azərbaycanın Folklor Paytaxtı elan edilib

 

Azərbaycanın qeyri-maddi irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 fevral 2010-cu il tarixli əmrinə əsasən Qazax Azərbaycanın Folklor Paytaxtı elan edilib.

 

Qazax idmançıları bayrağımızı həmişə yüksəkliklərə qaldırıb

 

Prezident İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğı nəticəsində Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi imicini qazanıb. Rayonda bu sahəyə və gənclərlə aparılan işə də xüsusi diqqət yetirilib və məqsədyönlü tədbirlər görülüb. 2010-cu ildə gənclərimizin idman sahəsində də uğurları çox olub. Rayonun idmançıları respublika və beynəlxalq yarışlarda iştirak edərək, bir sıra yüksək nəticələr əldə ediblər.

 

Maddi-mənəvi irsin qorunub saxlanması və inkişaf etdirilməsi məqsədilə rayonda mövcud olan tarixi abidələrin qorunması istiqamətində də məqsədyönlü işlər aparılıb

 

Prezident İlham Əliyev ötən il fevral ayının 9-da Qazaxda beşinci dəfə səfərdə olmuş Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun, "Sınıq körpü" Gömrük mənqətəsinin, Birinci Şıxlı kəndində inşa edilmiş 640 yerlik yeni məktəb binasının açılışında iştirak etmiş və Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya Evində olub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

 

Rəfiqə Kamalqızı,

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 1 aprel.- S. 8.