Azərbaycanda inkişaf
prosesləri davamlı və dönməz xarakter
daşıyır
"Azərkontrakt" Səhmdar Cəmiyyətinin
sədri Miri Qəmbərovun yap.org.az-a müsahibəsi
- Miri müəllim, hazırda
dünyada qlobal böhranın hələ də davam etdiyi bir
dövrdə Azərbaycandakı sosial-iqtisadi vəziyyəti
necə qiymətləndirmək olar?
- Bildiyiniz
kimi müstəqil Azərbaycan dövləti Ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq
inkişaf etməkdədir. Bu gün ölkəmizdə
inkişaf proseslərinin dönməz xarakter alması
birmənalı şəkildə Azərbaycanda Heydər Əliyev
siyasətinin alternativi olmadığını sübut edir. Ulu öndərimizin əsasını qoyduğu
mükəmməl iqtisadi inkişaf strategiyasının
Prezident İlham Əliyev tərəfindən yeni
tərəqqi erasının tələbələrinə
uyğun olaraq davam edirilməsi respublikamızın
yüksək sıçrayışlı
inkişafını təmin etməkdədir. Ölkəmizin hazırkı inkişafını təmin
edən iqtisadi strategiya, inkişaf modeli mövcuddur.
İqtisadiyyatın dinamik inkişafını davam etdirmək,
maliyyə sisteminin möhkəmlənməsini təmin
etmək, kompleks tədbirləri nəzərdə tutan proqramları
icra etmək çoxmülkiyyətli iqtisadiyyat və azad
rəqabət şəraitində mümkün olur.
Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan
modelini yaradıb. İqtisadi konsepsiyanın həyata
keçirilməsi nəticəsində Azərbaycan keçid
iqtisadiyyatını arxada qoyub. Cənab Prezident İlham
Əliyev bəyan edib ki, Azərbaycan artıq postsovet
ölkəsi deyil, respublikamız yüksək inkişaf
etmiş, keçid iqtisadiyyatını arxada qoymuş dünya
iqtisadiyyatına sıx inteqrasiya etmiş və müasir bazar
iqtisadiyyatına malik dövlətdir.
Mən bir
iqtisadçı kimi deyə bilərəm ki, bu gün
Azərbaycanda uğurlu, davamlı islahatların həyata
keçirilməsi son illər daha da sürətlənib.
Hazırda ölkəmizin bütün iqtisadi
sahələrində əhəmiyyətli
dərəcədə artım meyilləri hiss olunur.
- Azərbaycanın inkişafı
ilk növbədə, vətəndaşların sosial
rifahının yüksəlməsi ilə müşaiyət
olunur. Bu mənada sosial sahədə həyata
keçirilən proqramların üstünlükləri
nədən ibarətdir?
- İqtisadi
siyasətin inamla həyata keçirilməsi sayəsində
Azərbaycanda davamlı olaraq əməkhaqqı və
pensiyalar artırılır. Prezident İlham
Əliyevin müvafiq sərəncamları ilə əmək
pensiyaçılarının sosial müdafiəsinin
gücləndirilməsi ilə bağlı tədbirlər
həyata keçirilib və bu, öz mühüm
nəticələrini göstərib. Ümumiyyətlə,
sosial tərəqqi Prezident İlham Əliyevin
fəaliyyətində başlıca
prioritetlərdən birini təşkil edir və ötən
bir il ərzində dövlətin kapital resurslarının
böyük bir hissəsinin bu sahəyə
yönəldilməsi bu strategiyanın uğurlarını
şərtləndirmiş olur. Ötən müddətdə
dövlətin gəlirləri ilk növbədə, sosial
kateqoriyaların maddi rifahının
yüksəlməsinə və sosial infrastrukturların
yaxşılaşdırılmasına yönəlib.
Respublikamızda yüz minlərlə insanı
əhatə edən sosial tərəqqi və
əməkhaqlarının artırılması ilə
bağlı dövlət siyasəti hökumətin
vətəndaşlara olan yüksək diqqət və
qayğısının nəticəsidir. Artıq
ölkəmizdə orta pensiya məbləği 106 dollara
çatıb. Bu artımdan sonra pensiyaların ölkə
üzrə orta məbləği 150 dollara qədər
yüksəlib. Son 7 il ərzində Azərbaycanda
əməkhaqqı və pensiyalar orta hesabla 5 dəfə artıb.
Hazırda
ölkəmizdə orta pensiya məbləği 150 dollar
təşkil edir ki, bu da respublikamızın həmin
göstərici üzrə MBD ölkələrinin
əksəriyyətini üstələdiyini təsdiqləyir.
Ümumiyyətlə, 2010-cu ildə
dövlətimizin başçısının
imzaladığı müvafiq sərəncamlara əsasən,
bütün güc strukturlarında, dövlət idaretmə
sistemində və digər dövlət
təşkilatlarında çalışan insanların
maaşlarında artım baş verib. Bütün
büdcə təşkilatlarında çalışan
vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə davamlı
tədbirlər görülüb, onların aylıq
vəzifə maaşları artırılıb. Bundan 2010-cu
ildə aztəminatlı əhali qruplarına
göstərilən qayğı daha da gücləndirilib, məcburi
köçkünlərə və ünvanlı yardım
alan ailələrə verilən aylıq müavinətin
məbləği artırılıb. Hesab edirəm ki,
gələcəkdə də hökumətin əhalinin sosial
rüfahının gücləndirilməsi
istimqamətində tədbirləri davam edəcək.
- Bildiyimiz kimi hazırda inkişaf
məsələləri ilə ölkəmizdə
mühüm proqramlar qəbul olunub. Bu baxımdan,
respublikamızın qarşıdakı dövrdə
sosial-iqtisadi vəziyyəti barədə qənaətiniz
necədir?
- Qeyd etdiyim kimi dövlət
başçısının
müəyyənləşdirdiyi iqtisadi siyasətin
başlıca hədəfləri makroiqtisadi sabitliyin
möhkəmlənməsi, davamlı inkişafın intensiv
xarakter alması, iqtisadi bölmələrdə
fəallığın təmin edilməsi, maliyyə
bazarının canlandırılması, investisiya qoyuluşlarının
davam etdirilməsi, əhalinin sosial şəraitinin
yaxşılaşması və digər iqtisadi ssenariləri
əhatə edir və bu hədəflərin yerinə
yetirilməsi respublikamızın uğurlarını daha da
artıracaq.
Azərbaycan
yeni sosial-iqtisadi inkişaf mərhələsinə daxil olur
və qarşıdakı mərhələdə
islahatların dərinləşdirilməsi zəruridir.
Azərbaycan bazar iqtisadiyyatının ən son yeni
modellərini tətbiq etməyə hazırlaşır.
Sosial, iqtisadi, siyasi və hüquqi islahatların
dərinləşdirilməsi bütün sahələrdə
şəffaflığın tam təmin edilməsini zəruri
edir. Yəni, azad, liberal iqtisadiyyatın
tələbələri budur ki, sosial-iqtisadi inkişafa mane
olan neqativ hallar, o cümlədən korrupsiya halları,
sahibkarlığın fəaliyyətinə süni maneə
yaradan yoxlamalar aradan qaldırılmalı, dövlət
orqanlarının fəaliyyətində şəffaflıq
təmin olunmalıdır.
Məlum olduğu kimi yanvarın 14-də Nazirlər
Kabinetinin ölkəmizin 2010-cu ildəki sosial-iqtisadi
inkişafının nəticələrinə dair
keçirilən iclasında Prezident İlham Əliyev
Azərbaycanı inkişaf etmiş ölkəyə
çevirmək üçün siyasi, iqtisadi islahatların
davam etdiriləcəyini bəyan edib. Sosial ədalət
prinsiplərinin bərqərar olması, dövlət
orqanlarında şəffaflığın təmin
edilməsi, ictimai nəzarət, demokratiya - inkişaf etmiş
ölkələrin ölçü meyarlarıdır. Cənab Prezident iqtisadiyyatın davamlı
inkişafını təmin etmək məqsədilə
qiymətlərin süni şəkildə
qaldırılmasının qarşısının alınması,
azad rəqabətin təmin edilməsi,
inhisarçılıq meyillərinin, əsassız
yoxlamaların, vergidən yayınma hallarının aradan
qaldırılması, biznes mühitinin
yaxşılaşdırılması kimi vəzifələr
qoydu. Bürokratik əngəllərin aradan
qaldırılması, korrupsiyaya qarşı mübarizə və
şəffaflığın artırılması
istiqamətində tədbirlərin gücləndirilməsi
barədə ciddi tapşırıqlar verib. Bu
istiqamətdə son dövrlər kompleks və sistemli
şəkildə aparılan tədbirlər artıq öz
mühüm bəhərələrini verməkdədir.
Burada bir
məsələyə də toxunmaq istərdim. Məlum
olduğu kimi bəzi ərəb dövlətlərində
baş verən hadisələrdən sonra Azərbaycanda sabitliyi
pozmaq istəyən qüvvələr də
fəallaşmağa çalışırlar. Fikrimcə,
Ermənistanın Azərbaycana qarşı
təcavüzü, torpaqlarımızın
işğalının davam etdiyi bir şəraitdə
belə hərəkətlər yolverilməzdir.
Ölkəmizdə iqtidar, müxalifət mövqeyində
olmasına baxmayaraq bütün qüvvələr
həmrəy olmalı, milli maraqlarımıza zidd addımlar
atılmamalıdır. Məqsədimiz
Azərbaycanın dinamik inkişafını davam etdirmək,
ən ağır problemimizi milli həmrəylik
nəticəsində həll etməkdən ibarət
olmalıdır.
- Bəs Heydər Əliyev Fondunun
həyata keçirdiyi layihələr Azərbaycanın
dünyada tanınması, xalqımızın
adət-ənələrinin təbliğ olunması
işinə nə dərəcədə töhfələr
verməkdədir?
-
Respublikamızda genişmiqyaslı proqramların həyata
keçirilməsində Heydər Əliyev Fondunun
fəaliyyəti daha çox nəzərə çarpır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə təhsil, səhiyyə, sosial müdafiə,
mədəniyyət, incəsənət, ekologiya və
digər sahələrdə mühüm layihələr
həyata keçirilməkdədir. Fondun dəstəyi
ilə paytaxt və regionlarda yeni məktəb binaları
tikilib, əsaslı təmir olunub, təhsil ocaqları ən
müasir avadanlıqlarla təchiz edilib. Bundan başqa, onlarla
səhiyyə müəssisəəsi əsaslı
şəkildə təmir olunub. Azərbaycanda
səhiyyənin inkişafı və onun maddi-texniki
bazasının gücləndirilməsi daim diqqət
mərkəzində saxlanılır. Azərbaycanda
səhiyyə müəssisələrinin yenidən
qurulması, əhalinin sağlamlığının daha
yaxşı təşkili, bu sahədə qabaqcıl
texnologiyaların tətbiqi və yeni kadr potensialının
hazırlanması Heydər Əliyev Fondunun fəaliyyətinin
mühüm istiqamətlərindəndir.
Fondun
təşəbbüsü ilə ölkəmizdə
mədəniyyətin inkişafı ilə bağlı
mühüm tədbirlər görülür,
mədəniyyət və incəsənət
xadimlərinə dövlət səviyyəsində
yüksək qayğı göstərilir. Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən layihələr mədəniyyətimizin
inkişafı, onun dünyada təbliği, Azərbaycanın
zəngin mədəni irsinin, musiqisinin qorunmasında
mühüm rol oynayır. Muğamın, aşıq
sənətinin təbliği, bu sahələrə
böyük dəstəyin göstərilməsi ölkəmizin
milli-mənəvi dəyərlərinə verilən ən
böyük qiymət sayıla bilər.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə həyata
keçirilən regional layihələrin miqyası da
artmaqdadır. Fond dünya xalqları arasında dialoqun
təşviqi və inkişafında mühüm rol
oynamaqdadır.
- Miri müəllim,
rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti
barədə nə deyə bilərsiniz?
"Azərkontrakt" SC bu gün ölkəmizin
inkişafı ilə bağlı həyata keçirilən
tədbirlərdə necə iştirak edir?
- Cənab Prezidentin müvafiq
tapşırıqlarına uyğun olaraq respublikamızda
həyata keçirilən tədbirlərdən kənarda
qalmırıq və buna görə də biz öz
səylərimizi daha da artırmışıq.
İqtisadiyyatın inkişafı, iş yerlərinin
yaradılması, biznes fəaliyyətinin
genişləndirilməsi və iqtisadiyyata sərmayə
qoyuluşlarını həyata keçirmək hər bir
şirkətin başlıca məqəsədlərindən
biridir. Ona görə də, təşkilatımız
hökumətin həyata keçirdiyi tədbirlər
planına uyğun olaraq üzərinə düşən
vəzifələri layiqincə yerinə yetirməyə
çalışır.
Səs.- 2011.- 5 aprel.- S. 6.