Azərbaycanın inkişafı
dünyanın diqqət mərkəzindədir
"Bu gün Azərbaycan inkişaf dövrünü
yaşayır, ölkəmiz regional sabitlik və inkişaf
amilinə çevrilib"
Bu gün Azərbaycan
özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş
mərhələsini yaşayır. İndi ölkə həyatının
bütün sahələrində yüksək tərəqqi və
sürətli inkişaf nəzərə çarpır. Bu da
təsadüfi deyil. Çünki özünün daxili
imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan
ölkəmiz 20 ildir müstəqil iqtisadi siyasət
yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı
və əsas iştirakçısı kimi regionda və
dünyada mühüm tərəfdaşa, başlıca
nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi
mövqeyə malik olan Azərbaycan özünün müstəqil
iqtisadi siyasəti sayəsində
dünyanın ən sabit və davamlı inkişaf edən
dövlətinə çevrilmişdir.
Son yeddi il ərzində yoxsulluğun səviyyəsi 4
dəfə azalıbdır
Hazırda
iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada yüksək
inkişaf tendensiyası müşahidə olunmasın. Bütün
bunlarla yanaşı, ölkəmizdə son illər bir
sıra məqsədyönlü iqtisadi islahatların həyata
keçirilməsinə xüsusi diqqət göstərilmişdir
ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması üçün əlavə
imkanlar yaratmışdır. Təkcə onu demək kifayətdir
ki, ölkəmizdə sosial sahədə həyata keçirilən
davamlı tədbirlər son 7 ildə keyfiyyətcə yeni mərhələyə
qədəm qoyub və bu tendensiya daha çox minimum əməkhaqqının
artım dinamikasında hiss olunur. Belə ki, 2004-2010-cu illər
ərzində ümumi daxili məhsul təxminən 3,2 dəfə,
dövlət büdcəsinin gəlirləri 5 dəfə,
orta aylıq əməkhaqqı 3,5 dəfə artıb, minimum
əməkhaqqının artım tempi isə 6,5 dəfədən
çox olub.
Göründüyü kimi sosial siyasətin uğurla həyata keçirilməsi insanların aylıq gəlirlərinin, əməkhaqlarının artmasına öz müsbət təsirlərini göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə vətəndaşların illik gəlirlərində hər il 15 faizə yaxın artım qeydə alınır. Prezident İlham Əliyev bildirib ki, hökumət həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət verir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını bildirib: "Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılmışdır. Azərbaycanda orta əməkhaqqını dollarla hesablasaq, 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Düzdür, son yeddi ildə yoxsulluğun səviyyəsinin 4 dəfə aşağı düşməsi böyük nəticədir. Təxminən 44 faizdən 9,1 faizə düşməsi görülmüş işlərin nəticəsidir. Son yeddi ildə 900 mindən çox iş yeri açılmışdır ki, onlardan 700 minə qədəri daimi iş yeridir. İşsizliyin böyük hissəsi aradan qaldırılmışdır, amma hələ də işsizlik var. Xüsusilə, 2011-ci ildə və ondan sonrakı illərdə biz bu sahələrə xüsusi diqqət göstərəcəyik ki, bütün çatışmayan məsələləri həll edək, çatışmayan cəhətləri aradan qaldıraq".
Davamlı inkişaf strategiyası
Bu strategiya yoxsulluğun tamamilə aradan qaldırılması və insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Onu da vurğulamaq lazımdır ki, ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bəlli olduğu kimi, bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. Burada neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür.
Prezident İlham Əliyev bütün çıxışlarında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə davam etdirilməsini həlli vacib məsələ kimi diqqətə çatdırır. Regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi beynəlxalq ictimaiyyətin marağını cəlb edir. "Mən şübhə etmirəm ki, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini tezliklə tapacaqdır"- deyən dövlət başçısı bildirir ki, bu gün bölgələr inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Təbii ki, uğurların əsasında məqsədyönlü islahatlar, düşünülmüş siyasət, hər bir sahə üzrə proqramların mövcudluğu və onların xalq tərəfindən dəstəklənməsi dayanır.
Təkcə onu demək kifayətdir ki, Dövlət Proqramının icrasına başlandığı gündən bəri keçən 7 ildə ölkədə 30 mindən çox yeni müəssisə yaradılıb, qeyri-neft sektorunda məhsul istehsalı 2 dəfə artıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində dinamik artım baş verib, xüsusən də, sənaye istehsalı 3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 30 faiz, əhalinin gəlirləri isə 5 dəfə artıb. Ötən il ölkəmizə 15,5 milyard dollar sərmayə qoyulub ki, onun böyük hissəsi artıq daxili sərmayələrdir. Həmçinin, Azərbaycan şirkətləri və Azərbaycan dövləti tərəfindən 9 milyarddan çox vəsait qoyulub. Bütün bu sadalanan uğurların davam etdirilməsi məqsədilə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bu baxımdan olduqca böyük önəm daşıyır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 5 aprel.- S. 8.