Azərbaycanda "Turizm ili"nin
elan olunması qarşıya yeni vəzifələr qoyur
Ölkəyə gələn turistlərin viza rejimi
sadələşdiriləcək
Azərbaycan Prezidenti
İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı ölkədə turizm sektorunun
inkişaf etdirmək məqsdinin qarşıya qoymuşdur. Bildiyimiz
kimi, turizm öz perspektivliyinə görə qeyri-neft sektoru
arasında aparıcı mövqelərdən birini tutur. Dünyada
turizm beynəlxalq miqyasda sürətlə inkişaf edən
biznes sahələrindən biri olduğundan potensial imkanlara
malik dövlətlər bundan yararlanırlar. Mütəxəssislərin
tədqiqatlarına görə, dünyada əməkqabiliyyətli
əhalinin 8,1 faizi turizm industriyasında və onunla
bağlı iqtisadiyyat sahələrində
çalışır. Bu baxımdan Azərbaycanın daxili
gücünü və potensialını nəzərə
alaraq respublikada turizm sektorunu inkişaf etdirmək zərurəti
meydana çıxmışdır. Ölkəmizdə turizmin
əksər növlərinin inkişafı üçün
geniş imkanlar mövcuddur.
Azərbaycan Prezidenti
İlham Əliyevin Sərəncamı ilə 2011-ci ilin
ölkəmizdə "Turizm ili" elan olunması bu sahədə
çalışanların qarşısında yeni vəzifələr
qoymuşdur. Sərəncamdan irəli gələn vəzifələrin
icrası ilə bağlı ardıcıl olaraq işlər
görülür. Bu məqsədlə görülən
işlərdən biri də Milli Məclis tərəfindən
ölkəyə gələn turistlərin viza rejiminin sadələşdirilməsi
üçün "Ölkədən getmək, ölkəyə
gəlmək və pasportlar haqqında" Azərbaycan
Respublikası Qanununa dəyişikliklər və əlavələrin
edilməsidir.
Təklif edilən əlavə
və dəyişikliklər əcnəbilərin turizm
şirkətləri vasitəsilə elektron qaydada viza
almasını asanlaşdıracaqdır. Turizm şirkətləri
turistlərə viza almaq üçün şəxsin sənədlərini
poçt vasitəsilə ölkəmizin səfirliklərinə
və konsulluqlarına göndərmək iqtidarına malik
olacaqlar. Sənədlər daxil olduqdan sonra onlara qanunvericiliklə
müəyyən edilmiş qaydada və müddətdə
baxılacaqdır. Viza "Giriş-çıxış və
qeydiyyat" idarələrarası
avtomatlaşdırılmış məlumat-axtarış
sistemi vasitəsilə rəsmiləşdiriləcək. Həmin
sənədlər elektron poçt ünvanına göndəriləcək.
Dəyişikliklərə
əsasən, əcnəbilərin ərizələrinə əlaqədar
qurumlara müraciət olunduğu gündən ən gec bir ay
keçənədək baxılacaqdır. Lakin əgər səfər
təcili müalicə, yaxud hər hansı təxirə
salınmaz faktla bağlıdırsa, o halda, müraciətə
48 saat ərzində baxılması nəzərdə tutulur.
Dünya Turizm Təşkilatı
tərəfindən Azərbaycan hərtərəfli dəstəklənən
məkana çevrilib
Azərbaycanda "Turizm İli" elan olunması ilə bağlı beynəlxalq miqyasda müvafiq danışıqlar aparılması da ölkədə turizmin inkişafına müsbət təsir göstərən amillərdəndir. Bu baxımdan Dünya Turizm Təşkilatının rəhbər şəxsləri ilə görüşlərin keçirilməsi də Dövlət Proqramının həyata keçirilməsi istiqamətində atılan addımlar istiqamətində yüksək dəyərləndirilir. Ölkədə turizmin inkişafı ilə bağlı 5 illik Dövlət Proqramının imzalanması dövlət əhəmiyyətli məsələ olduğundan Azərbaycan turizm imkanlarının təqdimini yüksək səviyyədə təşkil edir. Beynəlxalq tədbirlərdə ölkənin daxili potensialının, onun florasının, faunasının, yeraltı və yerüstü sərvətlərinin sərgilənməsi xarici vətəndaşların ölkəmizlə bağlı məlumatlarının artmasına gətirib çıxarır.
Dünya Turizm Təşkilatı tərəfindən Azərbaycan hərtərəfli dəstəklənən, regional əməkdaşlığın təşviqi, turizmin və turizm məhsulu istehsalının inkişafına töhfə verə biləcək bir məkan kimi dəyərləndirilir. Belə ki, Xəzər dənizi regionda kruiz turizminin inkişaf etdirilməsi baxımından əlverişlidir.
Dünya Turizm Təşkilatı regional əməkdaşlıq imkanlarının araşdırılması məqsədi ilə Azərbaycana yüksək səviyyəli peşəkarların göndərilməsini nəzərdə tutmuşdur.
Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün münbit şəraitin mövcudluğu, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunması, milli turizm kompleksinin rəqabətə davamlılığına əsaslandıran faktdır. Azərbaycanda turistlərin yerləşdirmə biznesinin dinamik surətdə inkişafı ötən illərlə müqayisədə rəqəmlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması bu statistik rəqəmlərin ilbəil artmasına gətirib çıxarıb.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 6 aprel.- S. 9