Zaqatala sürətli inkişaf yolundadır

 

Rayonda ümumi məhsul istehsalının həcmi 4,3 dəfə artaraq 186,8 milyon manata çatıb

 

Regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarından irəli gələn vəzifələr Zaqatala rayonunda da uğurla həyata keçirilməkdədir. Belə ki, 2004-2010-cu illər ərzində rayonda ümumi məhsul istehsalının həcmi 4,3 dəfə artaraq 186,8 milyon manata çatıb. Həmin dövrdə sənaye məhsulu istehsalı 2,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı isə 3 dəfə artmışdır. Həmin müddətdə əsas kapitala yönəldilən investisiyaların həcmi 30,9 dəfə artaraq 57,9 milyon manat, o cümlədən, tikinti-quraşdırma işlərinin həcmi 18,5 dəfə artaraq 37 milyon manat təşkil edibdir.

 Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində 2004-2010-cu illər ərzində rayonda 8400-ü daimi olmaqla, 12859 yeni iş yeri açılıbdır. Rayonda, həmçinin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardımın, pensiyaların vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzindədir. Bu baxımdan, rayonda adambaşına düşən orta aylıq pensiyanın məbləği ötən ilə nisbətən 26,7 faiz artaraq 90,3 manat təşkil etmiş, orta aylıq əmək haqqı isə 38,7 faiz artaraq 165,8 manata çatıbdır.

 

Rayonun aqrar sektorunda görülən işlər

 

Son illər aqrar sektorda həyata keçirilən məqsədyönlü tədbirlər rayonda kənd təsərrüfatının dinamik inkişafına imkan yaradıb. Belə ki, fermer təsərrüfatlarında 12165 hektar sahədə payızlıq taxıl, o cümlədən, 8892 hektar buğda səpini aparılıb, əvvəlki illə müqayisədə taxıl sahələri 92 hektar genişləndirilib. Rayonda heyvandarlığın inkişaf etdirilməsində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsində iribuynuzlu mal-qaranın sayı 59590 baş, keçən ilin müvafiq dövrünə nisbətən 45 baş, qoyun-keçilərin sayı 161499 baş, yaxud 565 baş çox olub. 3 ay ərzində diri çəkidə ət istehsalı 1292, süd istehsalı 7103 ton, yumurta istehsalı 2 milyon 690 min ədəd olub. Həmçinin, buğda və çəltik istehsalçılarının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydalarına uyğun olaraq, 2241 nəfər istehsalçıya 299594 manat yardım verilib.

 

Rayonda yeni sənaye müəssisələri yaradılır

 

Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində Zaqatala rayonunda da sürətli abadlıq-quruculuq işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. Şəhər elementləri ilə zəngin olan genişmiqyaslı yenidənqurma tədbirləri Zaqatala rayonunun simasını tamamilə dəyişib, rayonunun gözəlliklərini daha da artırıb. Regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərə uyğun olaraq rayonda Müalicə-Diaqnostika Mərkəzi, Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, şəhər stadionu, 4 otel, fındıq, süd və tütün emalı zavodları, Daxili Qoşunların "N" saylı hərbi hissəsi üçün yeni hərbi şəhərcik, Tala çayı üzərində asma körpü tikilib istifadəyə verilibdir. Zaqatala şəhərində Ümummilli Liderimizin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulub, parkda Ulu Öndərin abidəsi ucaldılıb, Heydər Əliyev Mərkəzi yaradılıbdır.

Bundan əlavə, rayonda əlil və şəhid ailələri üçün 28 və 36 mənzilli iki yaşayış binası, beton zavodu, 8 fındıq emalı, 3 süfrə suları və 2 meyvə-tərəvəz emal edən sexlər, bir-sıra nazirlik və qurumların yerli şöbələri, habelə, 110 və 111 saylı dairə seçki komissiyaları üçün yeni inzibati binalar, 20 yeni məktəb binası, 2 mədəniyyət evi, Muxax kəndində Ağciyər xəstəlikləri xəstəxanası, 7 tibb məntəqəsi, Zaqatala poçt filialı və yerli poçt şöbələri üçün yeni binalar, Tala çayı üzərində uzunluğu 185 metr olan Mişleş körpüsü və digər sosial obyektlər tikilib istifadəyə verilibdir.

 

Zaqatalada çayçılıq inkişaf etdirilir

 

Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan çayçılığın inkişafı üçün zəruri tədbirlər həyata keçirilir. Bu baxımdan, birinci Dövlət Proqramının icrasının ilk ilində rayonda mövcud 60 hektar çay plantasiyasından yalnız 5 hektarı məhsuldar vəziyyətdə idi. Görülmüş tədbirlər nəticəsində 2008-ci ilin sonunadək 35 hektar çay plantasiyası bərpa edilərək, məhsuldar vəziyyətə gətirilibdir. Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kredit vəsaiti hesabına isə 2009-cu ildə daha 5 hektar çay plantasiyası bərpa edilibdir. 2009-cu ildə bu göstərici 70 tona çatdırılıb. Azərbaycan Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə 2015-ci ilədək Zaqatala rayonunda yaşıl çay yarpağı istehsalının 120 tona çatdırılması nəzərdə tutulur. Bunun üçün daha 10 hektar çay plantasiyasının bərpa edilərək, məhsuldar vəziyyətə gətirilməsi, habelə, 5 hektar sahədə yeni plantasiyanın salınması planlaşdırılır.

Bütün bu işlər, onu deməyə əsas verir ki, Zaqatala rayonu inkişaf etməklə yanaşı, zaqatalalılar Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini, birmənalı olaraq, dəstəkləyir və müdafiə edirlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 2 aprel.- S. 8.