Azərbaycanlılara qarşı ermənilərin apardıqları soyqırımı siyasəti"

 

Bu mövzuda Gəncə Şəhər İcra Hakimiyyəti ilə YAP Gəncə şəhər təşkilatı 31 mart soyqırımı qurbanları ilə bağlı elmi-praktiki konfrans keçirib

 

Gəncə Şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı ilə birgə "Azərbaycanlılara qarşı ermənilərin apardıqları soyqırımı siyasəti" mövzusunda elmi-praktik konfrans keçirib.

Tədbirdən əvvəl Gəncə şəhər 4 saylı orta məktəbin yeniyetmələrinin hazırladığı "İntiqam günü" adlı ədəbi-bədii kompozisiya göstərilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfransı giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov "31 Mart Azərbaycanlıların soyqırımının dünya miqyasında siyasi- hüquqi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda məruzə etdi. İ.İsmayılov bildirdi ki, 1918-ci il martın 30-31-də Bakı Kommunası erməni daşnakları Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə azərbaycanlılara qarşı bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar: "1998-ci il martın 26-da Ulu Öndərimizin imzaladığı "31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi haqqında" Fərmanında deyilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsil qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".

İ.İsmayılov onu da vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. YAP Gəncə şəhər təşkilatının sədri azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri olduğunu bildirdi: "Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi işğal olunan ərazilərdə  mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab bukletlər xaricdə yayımlanmışdır".

ADAU-nun dosenti Məleykə Əlizadə "Ermənilərin tariximizin mədəni dəyərlərimizin saxtalaşdırılmasına qarşı yönəlmiş siyasəti" mövzusunda çıxışında əsrlər boyu tariximizi saxtalaşdıraraq qondarma tarix yaradan ermənilərin bu siyasəti dövrümüzə qədər davam etdirdiklərini söylədi: "Müstəqil Azərbaycan dövlətinin yaranmasından sonra da ermənilərin ənənəvi siyasəti himayədarlarının köməyi sayəsində daha geniş miqyasda aparılmışdır. Ermənilər işğal olunmuş torpaqlarda yerləşən maddi mədəniyyət mərkəzlərini məhv edir, epiqrafik mənbələri  saxtalaşdıraraq, onları öz adlarına çıxırlar. Bundan başqa, erməni "ziyalıları" milli musiqi nümunələrimizə musiqi alətlərimizə erməni donu geydirərək, onlara sahib çıxmağa çalışırlar. Həmçinin, milli kulinariyamızı əlimizdən almağa cəhd göstərməklə erməni xislətini aşkarcasına büruzə verirlər".

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin  Gəncə REM-in əməkdaşlarının birgə hazırladığı "31 Mart Soyqırımı (tarixi gerçəkliklər)" kitabı tədbir iştirakçılarına təqdim olundu. Mərasimdə, həmçinin, kitabın ingilis rus dillərinə tərcümə olunaraq, yayımlanması tövsiyə edildi.

 

 

RƏFİQƏ

 

Səs.- 2011.- 2 aprel.- S. 10.