Mart soyqırımı erməni vəhşiliyinin ən dəhşətlisidir

 

Tərtər rayon sakinləri keçirilən tədbirdə bu fikri dönə-dönə vurğuladılar

 

Dünən Tərtər rayon icra hakimiyyəti və YAP Tərtər rayon təşkilatının birgə keçirdiyi tədbirdə 1918-ci ilin martında Bakıda və Azərbaycanın qəzalarında xalqımıza qarşı törədilmiş amansız qırğınlar və bu vəhşiliklərlə bağlı fikirlər söylənildi.

İlk öncə, tədbir iştirakçıları Tərtər rayonunun mərkəzində ucaldılmış soyqırımı qurbanlarının xatirə kompleksinin önünə əklil qoydular. Sonra rayon icra hakimiyyətinin akt zalında davam edən tədbirdə mərasim iştirakçıları 31 mart azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad etdilər.

Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov 31 mart hadisələri barədə danışdı və dedi ki, 13 ildir ki, xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il mart ayının 31-ni dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir: "Ermənilər deportasiya və soyqırımı proseslərini tələm-tələsik yox, müxtəlif tarixi şəraitlərdə, mərhələ-mərhələ, düşünülmüş plan əsasında həyata keçirməklə, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün plan hazırlamışdılar. 1828-ci ildə "Türkmənçay" müqaviləsinə uyğun olaraq İrandan 40 min, 1829-cu ildə Rusiya-Türkiyə müharibəsi sona yetdikdən sonra isə Türkiyədən 84 min 600 nəfər erməni İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazilərinə köçürülmüş və həmin ərazilərdə qondarma "erməni vilayəti" təşkil edilmişdi. Həmçinin, erməni silahlı qüvvələri öz çirkin niyyətlərini həyata keçirmək üçün 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, Qarabağda 157 kəndi bütün məscidləri, məktəbləri, qədim memarlıq abidələri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar".

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Ulu Öndər Heydər Əliyev azərbaycanlıların mart soyqırımı barəsində 26 mart  1998-ci ildə verdiyi Sərəncamla bu tarixin Azərbaycanlıların Soyqırımı Günü kimi tanındığını söylədi. "Çünki tarixi faktlar və dəlillər sübut edir ki, həmin vaxt xalqımız azğınlaşmış erməni daşnaklarının qurbanı olmuşdur. Bu yaxınlarda Qubada aşkar olunmuş kütləvi məzarlıq və burada insanların hansı vəhşiliklə öldürüldüyünü sübut edən ən tutarlı faktdır"-deyən R.Şabanov bildirdi ki, ölkə başçısı İlham Əliyev tərəfindən  xalqımızın tarixi həqiqətlərinə və başına gətirilən müsibətlərə verdiyi qiymət göstərir ki, dövlətimizin və xalqımızın bütövlüyü daima etibarlı əllərdədir.

Tədbirdə MTH-nin rayon şxbəsinin rəisi Raquf Məmmədov, İravanlı kənd bələdiyyə sədri Natella İbrahimova, Umudlu kənd tam orta məktəbin direktoru Zabil Zeynalov, şəhər 6 saylı orta məktəbin şagirdi Nübar Əlizadə və başqaları 1918-ci ildə xalqımızın başına gətirilən müsibətlərlə bağlı fikirlərini bildirdilər. Qeyd etdilər ki, xalqımıza zaman-zaman üz vermiş faciələri unutmağa mənəvi haqqımız yoxdur və bu faciələrdən daha qanlısı, daha dəhşətlisi olan 31 mart hadisələri millətimizin qan yaddaşına əbədi həkk olunmalıdır.

 

 

R.HÜSEYNOVA

 

Səs.- 2011.- 2 aprel.- S. 10.