AXC-Müsavat cütlüyünün
səriştəsizliyi Kəlbəcərin
işğalına səbəb
oldu
Kəlbəcərlilərin ən ümdə arzusu
doğma yurda qayıtmaqdır
Düz 18 il bundan öncə
Azərbaycanın dilbər
guşələrindən olan
Kəlbəcər rayonu
aprelin 1-dən 2-nə keçən
gecə ermənilər
tərəfindən işğal
olundu. 52000 kəlbəcərli
öz yurdlarını
tərk etdi. İşğal nəticəsində
55 hərbçi və
yüzlərlə mülki
şəxs şəhid
oldu, 321 nəfər əsir və girov götürüldü,
130 yaşayış məntəqəsi
ermənilərin nəzarətinə
keçdi, bu ərazilərdə olan 97
məktəb, 9 uşaq
bağçası, 116 kitabxana,
43 klub, 42 mədəniyyət
evi, 9 xəstəxana dağıdıldı,
52 min soydaşımız
məcburi köçkün
düşdü. Hazırda
Kəlbəcər rayonunun
2,185 kv km ərazisi hələ də Ermənistan silahlı qüvvələrinin
nəzarətindədir. Kəlbəcərin
işğalı nəticəsində
Azərbaycan büdcəsinə
703,5 milyon manat ziyan dəyib.
İşğaldan sonra Kəlbəcərin zəngin
qızıl yataqlarının
vəhşicəsinə istismarı
nəticəsində, hər
il təxminən 5 t. Azərbaycan qızılı ermənilərin
əlinə keçir.
Geoloqların məlumatlarına
görə, ermənilər
Azərbaycanın zəngin
qızıl yataqlarını
xarici banklara girov qoyaraq külli
miqdarda vəsait əldə etməyə çalışırlar. Ekspertlərin
hesablamalarına görə,
hazırda Kəlbəcərdə
istismara hazır 150 t. qızıl ehtiyatı var. Proqnoz ehtiyatlar isə 350 t. həndəvərində dəyişir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində
Kəlbəcərdəki qızıl
ehtiyatlarının sürətlə
azaldığını təsdiq
edirlər. Bu işdə ermənilərlə
bir çox xarici şirkətlərin
əməkdaşlığı isə davam edir. Onu da
qeyd edək ki, işğalçı
dövlət hələ
1923-cü ildən - Dağlıq
Qarabağ Muxtar Vilayəti yaranandan bəri Kəlbəcərə
göz dikmişdilər.
Bu bölgənin qeyri-adi gözəlliyi, nadir təbiəti, əlverişli
coğrafi mövqeyi, saysız-hesabsız mineral
mənbələri, yeraltı
və yerüstü sərvətləri daim ermənilərin diqqətini
cəlb etmiş, zaman-zaman Kəlbəcərin
Ermənistana birləşdirilməsi
üçün məkrli,
əsil ermənisayağı
mübarizə aparıblar.
Yalnız 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbər
seçiləndən sonra
ermənilərin bu məkrli planları alt-üst edildi. Ulu Öndər Heydər Əliyev perspektivsiz bir region kimi qələmə
verilən Kəlbəcərin
hərtərəfli möhkəmlənməsinə,
onun iqtisadi qüdrətinin artırılmasına
xüsusi qayğı
göstərdi. Məhz Heydər
Əliyevin təşəbbüsü
ilə Azərbaycan KP
MK və respublika Nazirlər Soveti tərəfindən 1970-1980-ci illər
ərzində Kəlbəcərin
sosial-iqtisadi inkişafının
sürətləndirilməsi ilə bağlı iki dəfə birgə qərar qəbul edildi.
Təəssüflər olsun
ki, 1988-1993-cü illərdə
ölkəyə rəhbərlik
edənlər tamam başqa cür düşünürdülər. Onlar üçün torpaq, vətən anlayışları yad idi. Hətta elə qüvvələr var idi ki,
sanki Kəlbəcərin
ermənilərin əlinə
keçməsinə maraqlı
idilər. Belə olmasaydı, 1988-ci ildən 1992-ci ilə qədər ağır mühasirə şəraitinə
dözərək öz
oğul və qızlarının hünəri
ilə düşmənə
layiqli cavab verən, erməniləri daim qorxu və
vahimə içində
saxlayan Kəlbəcər,
son anda tamamilə tərksilah edilərək əhalisi əliyalın
qoyulmazdı. Bu, az imiş kimi,
rəsmi silahlı hissələr də sərhəd zonalarından
çıxarıldı. Respublika
Ali Məhkəməsi
hərbi kollegiyasının
22 sentyabr 1995-ci il tarixli iclasında göstərildiyi kimi, Kəlbəcərin müdafiəsi
barədə qərar
vaxtında qəbul edilməmiş, buradakı hərbi hissəyə müdafiə
üçün tapşırıq
verilməmiş və
ona lazımi kömək göstərilməmişdir.
Nə qədər qəribə olsa da, 1993-cü ilin fevralından erməni silahlı birləşmələri Ağdərə
rayonunun azad edilmiş kəndlərini
bir-bir yenidən tutmaqla, Kəlbəcərin
mühasirə halqasını
getdikcə daraltsa da, respublika Müdafiə Nazirliyi yalnız martın
15-də rayonumuzun ətrafında
aparılan uğursuz əməliyyatların
qarşısını almaq
və müdafiəni
möhkəmlətmək barədə
əmr verdi. Ən acınacaqlısı
isə budur ki, o zamankı
hakimiyyətin bütün
qərar və göstərişləri kimi
bu əmr də icrasız qalmışdı.
Beləliklə, AXC-Müsavat
cütlüyü öz
xalqı qarşısında
daha bir tarixi cinayətə imza ataraq, 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun
erməni silahlı birləşmələri tərəfindən
işğalına imkan
verdi. Kəlbəcərin
işğalı Azərbaycana
böyük fəlakətlər
gətirdi. Hərbi üstünlüyün ermənilərin
tərəfinə keçməsinə
və bununla da Ağdamın, Zəngilanın, Qubadlının,
Cəbrayılın və
Füzulinin işğalına
şərait yaratdı.
Beş il düşmən qarşısında əliyalın
olsa da, mərdliklə dayanan, bir qarış torpağını belə
ona verməyən, yurdunun canlı sipərinə çevrilən
igid kəlbəcərlilər
və Azərbaycanın
qala qapısı olan Kəlbəcər daxili çəkişmələrin,
xəyanətlərin qurbanına
çevrildi. Məğrur
dağlar diyarı beş gün ərzində boşaldılaraq
düşmənə təslim
edildi. Əlbəttə,
bu, olmaya da bilərdi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Kəlbəcəri müdafiə
etmək mümkün
idi. Əgər vaxtilə bunu edə bilməmişiksə,
bu, xalqın, millətin günahı deyildir, xalqa xəyanət edənlərin
günahıdır".
Onu da qeyd
edək ki, işğalın səbəbləri
ilə bağlı çoxlu fikirlər deyilir. Lakin onun əsil
mahiyyətini, Azərbaycan
aləmində Kəlbəcərin
yerini və mövqeyini dəqiqliklə
Ulu Öndər Heydər Əliyev göstərmişdir. 1996-cı il aprelin 1-də Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri
ilə görüşdə
Ulu Öndər demişdir: "...Doğrudan
da, Kəlbəcər
öz coğrafi mövqeyinə görə
elə bir yerdir ki, oranı
işğal etmək,
sadəcə olaraq, mümkün deyildir. Təsadüfi deyil ki, Ermənistanın işğalçı dəstələri
Azərbaycana 1988-ci ildən
hücum etmiş, Kəlbəcər isə
1993-cü ilin mart ayının sonunda işğal olunubdur. O vaxt Azərbaycanın bir çox bölgələri, o cümlədən, bütünlükdə
Dağlıq Qarabağ,
Kəlbəcərlə qonşu
olan Laçın rayonu işğal edilmişdi. Amma Kəlbəcər bir ada kimi
qalmışdı. (Bir
tərəfdən, doğrudan
da, coğrafi mövqeyinə görə,
digər tərəfdən
isə kəlbəcərlilərin
özlərinin qəhrəmanlığına
görə.) Demək,
onu saxlamaq, qorumaq mümkün idi. Ermənistanın işğalçı qüvvələrini Azərbaycanın
zəbt olunmuş torpaqlarından, o cümlədən, Dağlıq
Qarabağdan, Laçından,
başqa yerlərdən
çıxarmaq üçün,
şübhəsiz ki,
Kəlbəcəri strateji
nöqteyi-nəzərdən qoruyub saxlamaq lazım idi. Bu, qarşıya qoyulan çox ciddi vəzifə idi. Ancaq təəssüf
ki, o vaxt
bunu etməyiblər".
Həmişə olduğu
kimi, bu gün də kəlbəcərlilər ölkə
Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini qətiyyətlə
dəstəkləyir, ona
möhkəm inanırlar.
Bildirirlər ki, ölkə
başçısının müdrik siyasəti sayəsində baş verən proseslər tezliklə torpaqlarımızın
işğaldan azad olacağına ümid yaradır. Əgər düşmən sülhə
gəlməsə, hər
bir kəlbəcərli
döyüşə tam
hazırdır və Ali Baş Komandanın
əmrini gözləyir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 2 aprel.- S. 11.