Yeni Azərbaycan Partiyası böyük ictimai dəstəyə malikdir

 

Regionun ən güclü siyasi təşkilatı olan YAP sıralarında Azərbaycan cəmiyyətinin bütün təbəqələri təmsil olunur

 

Yeni Azərbaycan Partiyasının qatılmış olduğu bütün siyasi proseslərdə xalqın rifah və gələcəyini əsas prinsip götürməsi də, onun hegemonluğu şərtləndirən başlıca xətt kimi qiymətə malikdir. Bu güclü ictimai-siyasi təşkilatın bu gün Azərbaycan cəmiyyəti, ictimaiyyətimiz arasında güclü dayaqlara malik olmasını təmin edən amillərdən biri də, onun Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılmasıdır.

Çünki Ümummilli Lider Heydər Əliyevin əsas amalı, başlıca qayəsi Azərbaycan xalqı, milli dövlətçiliyimizin qorunub saxlanmasından ibarət idi. Məhz bu səbəbdən də, onu bütün bəlalardan xilas edərək, ağ günə çıxarmış böyük siyasətçi, dahi rəhbər, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin partiyasına xalqımız həmişə dəstək olur. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi Azərbaycan xalqı tərəfindən böyük dəstəklə sonsuz sevgi ilə əhatə olunub.

Bizimlə həmsöhbət olan YAP üzvləri, partiyanın müxtəlif rayon təşkilatlarının rəhbərləri xalqın bu güclü siyasi təşkilata olan dərin sevgisindən sonsuz sədaqətindən bəhs ediblər.

 

Ramiz Şabanov: "YAP-ın əsas qayəsi xalqa xidmət prinsipinə əsaslanır"

 

"Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan xalqı tərəfindən böyük dəstəyə malik olub”- deyən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bu istəyin arxasında Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin, onun fenomenliyinin dayandığını bildirdi. Qeyd etdi ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli müstəqilliyimizin, formalaşmış dövlətçilik ənənələrimizin qorunması YAP-ın əsas qayəsinə çevrilib. "Çünki YAP xalqın istək və arzularından yaranan yeganə güclü siyasi təşkilatdır və bu partiyanın xalqımızın rifahına hesablanmış işləri cəmiyyətin birmənalı dəstəyinə səbəb olur" deyən R.Şabanov regional və beynəlxalq əhəmiyyətli məsələlərdə də bu qurumun aparıcı güc kimi çıxış etdiyini vurğuladı. "Ulu Öndər Heydər Əliyev siyasətini bu gün çox böyük həvəslə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında da, YAP özünün çiçəklənmə dövrünü yaşamışdır. Çünki həyata keçirilən uğurlu daxili-xarici siyasət, milli maraqlarımızın təmin edilməsi cəmiyyətin yekdil iradəsi sayəsində mümkün olur. Bu işlərdə də, YAP-ın rolunu xüsusi ilə qeyd etmək lazımdır. Həmişə xalqın iradəsinə uyğun formada işlər görən, onun maraqlarının tərənnümçüsü  mövqeyindən çıxış edən YAP bütün hallarda geniş ictimai dəstəyə malikdir.

 

Həmid Pənahov: "Ölkə daxilində mövcud ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaş- dövlət münasibətlərinin tam təminatı Azərbaycanın uğurlarının əsasında dayanır"

 

"Azərbaycan cəmiyyəti günü-gündən inkişaf edir, inteqrasiya proseslərində böyük aktivlik nümayiş etdirir" deyən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov ölkədə həyata keçirilən uğurlu işlərin müqabilində məhz yüksək göstəricilərin əldə olunduğunu söylədi. Bildirdi ki, bu gün Azərbaycan xalqı özünün inkişaf tərzi, yaşadığı güzərandan, övladlarının işıqlı gələcəyindən olduqca əmindir. "Çünki 1990-cı illərin  əvvəllərində xalq özbaşına gətirilən bəlalardan dərs çıxararaq, ümid və pənah yeri kimi Ulu Öndər Heydər Əliyevə müraciət etdi deyən H.Pənahov məhz Ümummilli Liderimizin də xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra millətimizin düşmüş olduğu çətin bəlalardan qurtulduğunu bildirdi. "Azərbaycan bu gün zəngin siyasi irsin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da yüksəkliklərə ucalmaqdadır. Onun həyata keçirdiyi uğurlu və möhtəşəm siyasət nəticəsində bu gün Azərbaycan, nəinki Cənubi Qafqaz regionunda, həmçinin, beynəlxalq arenada da, aparıcı mövqeyə malikdir. Bütün bunlar isə ölkə daxilində mövcud ictimai-siyasi sabitliyin bərqərar olmasından vətəndaş-dövlət münasibətlərinin tam təminatından asılı olan məsələlərdir" deyən H.Pənahov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli müstəqilliyimizin, dövlətçilik prinsiplərimizin bu gün ən yüksək formada özünü tərənnüm etdiyini də dilə gətirdi.

 

Ramiz Tatarov: "Yeni Azərbaycan Partiyası cəmiyyətdə güclü dayaqlara malikdir"

 

"Ölkəmizin malik olduğu böyük inkişaf Ulu Öndər Heydər Əliyev zəkasına, Onun müəyyənləşdirmiş olduğu strateji inkişaf xəttinə əsaslanır" deyən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov Azərbaycanın artan iqtisadi-siyasi gücünün günü-gündən daha da  inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan xalqı tarixin bütün dövrlərində bir sıra sınaqlarla üz-üzə qalıb. "Amma bu tarixi dönəmlərdə xalqımızı həmişə onun böyük oğulları, igid sərkərdələri ağır sınaqlardan üzüağ çıxarmağı bacarıb, deyən R.Tatarov 1990-cı illərin əvvələrində də, tarixin sərt üzü qarşısına tək buraxılmış xalqın yeganə ümid yerinin o zaman Naxçıvanda olan Ulu Öndər Heydər Əliyev olduğunu söylədi. "Məhz xalqın istək və arzularını yerinə yetirmək, millət qarşısında özünün tarixi missiyasını tamamlamaq üçün Ulu Öndər Heydər Əliyev millətinin səsinə səs verdi. 1993-cü ilin yayında Bakıya qayıdaraq, Azərbaycanı düşmüş olduğu ağır bəlalardan, xalqı qardaş qırğınından xilas etdi. Dövrün bütün çətinliklərinə, daxili xarici intriqalara baxmayaraq, Ulu Öndərin malik olduğu möhkəm iradə, uzaqgörən siyasəti nəticəsində Azərbaycan düşmüş olduğu çıxılmaz bəlalardan xilas edilərək, tərəqqi və inkişaf yoluna qədəm qoydu. Bundan sonra həyata keçirilən uğurlu iqtisadi siyasət, bədnam qonşularımız olan Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin qarşısını almaq üçün cəbhə xəttində atəşkəsə nail olunması ölkədə normal həyatın öz axarına düşməsini təmin etmiş oldu" deyən R.Tatarov məhz bu uğurlu siyasətin tərkib hissəsi olaraq Azərbaycanın öz inkişaf xəttinin formalaşdığını da dilə gətirdi.

 

 

Tapdıq Qurbanlı

 

Rəfiqə Kamalqızı

 

Səs.- 2011.- 7 aprel.- S. 7.