Sona Vəliyeva: “Bir gün baş
götürüb getmək istəsəm..."
"Şeirimdəki qonşu oğlan da, məktubunu
gizli oxumağa yer axtardığım adam da... həyat
yoldaşımdır"
Xudmani, səliqəli iş otağında görüşdük. Ətrafda görünən hər şeyin üstündə zərif qadın əllərinin hərarəti duyulurdu, öncəki müsahiblərimdə qarışıq görməyə adət etdiyim iş masasının üstündə belə. Eyni hərarətlə də qarşılandığımdanmı... nədənsə... mənə elə gəldi ki, Sona xanımla, şairə, filologiya elmləri namizədi Sona Vəliyeva ilə çoxdan tanışıq. Əslində, "Qaragilə" mahnısının sözlərinin müəllifi kimi tanıdığım insanın yaradıcılığı ilə sonrakı tanışlıq, oxuduğum şeirləri, elmi işi və onun mövzusu, təsadüfən dinlədiyim çıxışları bu insanla bir "ruh qohumluğu"muz (ifadə də Sona xanıma məxsusdur) olduğunu anlatmışdı mənə. Qorxduğum bir məqam vardı ki, birdən yaradıcılığından yaranan obrazla müsahibimin özü təzad təşkil edər və məyus olub müsahibəni apara bilmərəm. Elə bundan da başlamaq istəyirdim söhbətə, amma Cəlil Məmmədquluzadənin portreti fikrimi yayındırdı...
İlk məhəbbət - Mirzə
Cəlil
- Mirzə Cəlilin portretini indiyə
qədər heç kimin kabinetində divarda asılan görməmişdim...
- Mirzə Cəlil hər bir azərbaycanlının, istər qadın olsun, istər kişi, ilk məhəbbətidir. Bu yaxınlarda Mirzə Cəlilin ad günü idi, Natiq "Kaspi" qəzetində mənim çoxdankı bir yazımı da dərc eləmişdi - "Mirzə Cəlil ən böyük azərbaycançı kimi".
- Həqiqətən, ilk mütaliə
etdiyimiz və ilk sevdiyimiz müəllifdir...
- Hərf tanımayanda "Poçt qutusu", "Saqqallı uşaq", "Quzu", "Usta Zeynal" hekayələrini böyüklərimizdən eşitmişik, xatirələrimizdə iz buraxıb.
- Bir halda ki, sevgidən
danışdıq, yaradıcılığınızda
öndə duran iki sevgidən söz açmaq istəyirəm,
birinci anaya, ikinci vətənə olan sevgi. Zatən birinciyə
sevgisi olmayan ikincini heç vaxt sevə bilməz...
- Orta məktəbdə oxuyanda "Pioner" qəzetində "Hardan başlanır vətən" mövzusunda inşa müsabiqəsi keçirilirdi. Müsabiqəyə göndərmək üçün sinfimizdə inşa yazan uşaqların hamısı "Sovetlər mənim böyük vətənimdir", "vətən sərhəddən başlayır" kimi ifadələr işlətmişdilər, mən yazmışdım ki, vətən mənim yaşadığım evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır. Çox yaxşı, işini sevən və xiridarı olan ədəbiyyat müəllimimiz vardı, onu ucadan hamıya oxudu və müsabiqəyə göndərdi, inşa böyük əks-səda doğurmuşdu. Vətən mənim üçün əziz mövzudur, bəlkə də ona görə də elmi işim də bu mövzuda oldu. Həmişə də özümü xoşbəxt hesab edirəm ki, yaradıcılığımda bu işıqlı xətt var.
"Bu, ruhun sevgisidir"
- Ruhunuzda, deyəsən, dərdi
sevmək də var. Deyirsiniz ki:
"Eh, dərdi sevməyə nə
vardı axı
Dərdin öz dilində
danışa bilsən..."
Danışa bilmisiniz ki?
- Allaha min şükür, hər sahədən xoşbəxt qadınam, amma hər birimizin içində müşkül bir dərdimiz var, torpaq bütövlüyü. Bu, məni ana kimi də narahat edir, qadın kimi də, vətəndaş kimi də. Bəlkə çoxlarına qəribə gələcək, bu dərddən çox danışılıb, çox deyilib, amma hər birimiz onu yaşayırıq. İşimdə də, həyatımda da nailiyyətlərimi azaldır, tamlığıma xələl gətirir.
- Yox, o dərdi hamı yaşamır, hamı çəkmir, onu da bütün dərdlər kimi çəkə bilən çəkir...
- Bəlkə Allah, doğrudan da, dərdi onu çəkənə verir. Hər halda, bu, böyük dərd özümüzü tam xoşbəxt hiss etməyə də qoymur.
Qəm çiçəklik, mən
dəryazam,
Bütövlüyə
tamarzıyam.
Ey bəxt yazan, qismət yazan,
Zülm, oynayım-oynayım.
Torpaq bütövlüyü olmadan insan ruhu bütöv ola bilməz. Təbriz dərdi azmış kimi, üstünə Qarabağ dərdi gəldi. Bu dərdlərin qabardılması ilə səmimi olduğuma inanmağınızı istəyirəm:
Kimin havası çalındı,
Kimin havası alındı,
Torpaq getdi, yurd talandı,
Dözüm, oynayım, oynayım
Hamımız
yaşayırıq o hissləri, bu hamımızın dərdi
olduğu üçün ruhumuza toxunur. Kimsə heç eyninə
almaya bilər, bir ailədə övladın da hamısı
eyni olmur. Ola bilsin toyda "Şuşanın dağların
oynayan oğlan" həmin adamlardandır, oynaya bilməyənlər
sizin, mənim kimilərdir.
- Amma "Şuşanın dağları"n oynayan
oğlan şeiriniz məndə başqa bir qənaət
yaratdı, bəlkə elə əzabın
böyüklüyündən oynayır,
yanğısını başqa cür necə
çıxartsın?... Əvvəl fərqli düşünərdim,
acığım gələrdi ki, o mahnını necə
oynamaq olar, bu şeirdən sonra o cür
düşünmürəm...
- Hər bir şeirin
özünün işıqlı enerjisi var, hesab edək ki, o
şeir bir işıq, enerji gətirəcək...
Şuşalının dərdi ikiqatdır, o, həm elini
itirib, həm evini, isti ocağını. Bu gün o, dərdindən
oynaya bilər. Allah-Taala o günü bizə qismət etsin ki,
Şuşalı günlərimiz gəlsin.
"Ünsiyyətdə qarşılıqlı enerji
olarsa, qarşıya qoyulan bütün məqsədlərə
çatarsan"
- Bütün bu qəmlərlə yanaşı,
yaradıcılığınızda bir işıq da var.
Kitabınızın adında da bu işıq var - "Mənim
çəhrayı dünyam"...
- Həmişə
çalışmışam ki, insanlarda münasibətdə
yaxşı xüsusiyyətlərini görüm, bu halda
münasibətlər alınacaq. Ünsiyyətdə
bir-birinizə müsbət enerji ötürə bildinizsə,
qarşınıza qoyulan bütün məqsədlərə
çatacaqsınız.
Əgər münasibətdə
qarşınızdakının mənfiliklərini
axtarsanız, ünsiyyət qura bilməyəcəksiniz,
çünki müsbət enerji mübadiləsi olmayacaq. Nə
yazıq ki, bəzən işıqlı, çəhrayı
gördüyün adamla münasibətdə bütün
fikirlərin alt-üst olur. İnsan odur ki, buna baxmayaraq,
özündə qala bilsin, dəyişməsin. Bu şeirin qəribə
bir tarixçəsi var. Rəfiqəm bir gün dedi ki,
hamı haqqında yaxşı fikirdəsən, hamını
çəhrayı dünyada görürsən, amma o, adam sənin
haqqında mənfi rəylər verir. Mən də fikirlərimi
o şeirlə ifadə etdim. Ola bilər çəhrayı
olmasın, amma mənim çəhrayı gördüyüm
dünyamla işiniz olmasın.
Gözümmü, ağlımmı, qəlbimmi
haqlı,
Bu yaşımda nə dəyişim, nə danım?
Dünyanı ağ-qara görmək üçün mən
Gərək əlifbadan başlayım, canım.
Mən layla eşitdim çəhrayı rəngdə,
Mən öyüd eşitdim çəhrayı rəngdə.
Üzümdə göz yaşım möcüzə,
vallah,
Görsən, inanmazsan - çəhrayı rəngdə.
- Amma dünyanı çəhrayı görmək
çox vaxt insanı arxadan zərbəyə məruz qoyur.
- Şərqin böyük
filosofu İmam Əli deyib: "O, pislik eləməkdən əl
çəkmirsə, mən niyə
yaxşılığımdan əl çəkim".
Yaxşılığın toxumunu su aparacaq, burda bitməyəcəksə,
ləkin o başında bitəcək.
- Övladlarımızın qarşısına
çıxacaq...
- Çıxmasa belə,
etdiyin yaxşılıqdan aldığın zövq elə nəyə
desən dəyər.
"Baş götürüb getmək istəsəm,
özümlə məni duyanı - həyat
yoldaşımı götürərdim".
- "Adi qayğılardan yaman bezmişəm"-
deyirsiniz. "Baş götürüb, həmdəminizlə əl-ələ
verib o qayğılardan hara qaçmaq" istəyirsiniz?
- Məni kövrəltdiniz,
məhz təsirindən çıxa bilmədiyim məqamlarda
yazdığım misralardan sitat gətirirsiniz. Adada
yaşamırıq. Düzdür, qohum var, əqrəba var, ətrafımızda
insanlar var. Geniş sferamız var, insanlar bir-birindən kömək
gözləyir. Düşünürsən ki, məndən
haqlı və ya haqsız kömək gözləyən
hamıya kömək etməyə məcbursan. Bəzən
bütün sahələrə enerjini parçalayıb
gözləyənlərin hamısına yardım əlini
uzadırsan. Bir də baxırsan ki, özün yorulmusan,
tükənmisən və yeni enerji toplamaq üçün sənə
munis birinin əlindən tutub uzaqlaşmaq istəyirsən.
Kimi götürəsən? O mövzuda bir şeirim də var:
Yoldaş olaq, çıxaq yola,
Gəl, özünlə apar məni.
Doğmaların içindəcə,
Tənhalıq öldürər məni.
- Kimi götürərdiniz?
- Bu yaxınlarda bir məclisdə
"Savalan" qrupunu dinlədim, məclisdən
çıxanda, mənə dedilər ki, o musiqiyə sizin kimi
qulaq asan yox idi, elə qəribə idiniz ki. O mənada, məni
anlayan başa düşən bir şəxs kimi mütləq
həyat yoldaşımı götürərdim. Qəlbinin ən
sirli sözünü kimə deyərsən? - sualı yaransa
mən yenə "həyat yoldaşıma"
cavabını verərdim.
"Ən yaxın sirdaşım da, ilk şeirlərimin
oxucusu da "qonşu oğlan"dır"
- Deyirlər şairin həyat
yoldaşı gərək yarımşair olsun. Bir şeirinizdə
deyirsiniz:
"İçimdən bir xəfif gizilti keçə,
Xəlvət oxumağa bir yer axtaram"
Yəqin bütün qadınların bir
qırxıncı qapısı var...
- Mən sizə çox əminliklə
deyirəm ki, bütün yaradıcılığımda
özüm varam, şeirdə qeyri-səmimi olmaq mümkün
deyil. Ustad Məmməd Araz deyir:
Anadan-bacıdan gizlətdiyimi
Qələmdən-kağızdan gizlətməmişəm.
İnanın, gizlətmək
mümkün də deyil. Dediyiniz həmin şeirdəki
qonşu oğlan da, məktubunu gizli oxumağa yer
axtardığım da həyat yoldaşımdır.
Bütün şeirlərimin olduğu kimi, o, şeirimin də
ilk oxucusu o, olub. Səmimi duyğular öz-özünə
yaranır.
- Amma yalnız sevgidən yazırsınız, sadəcə,
insan kamilləşdikcə, sevgi dar çərçivədən
çıxır, onun üçün böyük anlama
keçir...
- Ən böyük sevgi, vətənə,
torpağa olan sevgidir. Bu, danılmaz ilk sevgidir. Məsələ
bundadır ki, bu söz çox deyildiyindən, onun səmimiliyinə
inam azalıb. Bütün sevgilər ötür. Anaya,
torpağa olan məhəbbət ötüb keçmir. Torpaq əldən
gedəndə, insan dünyasını itirir.
İtər qəlb istisi, canı isinməz,
Nə yesə, ağzının dadı bilinməz.
Yüz də biz diləyək, Tanrı bitirməz
Torpağı, vətəni əsir olanın.
Nə qədər ki torpaq
bizim idi, onun belə əziz olduğun hiss etmirdik; itirdik,
bildik. Sevdiyimiz kimi, uğrunda qurban getməyi, onu
qorumağı da bacarmalıyıq. Mənim işıqlı
bir inamım var ki, o torpaqlara qayıdacağıq.
"Yazıçılar Birliyinin üzvüyəm, amma
ora getməyə vaxtım olmur"
- Sizi türk müğənnisi Əhməd Şəfəqin
Bakıda keçirdiyi bir tədbirdə daha yaxşı
tanıdım. Onun yaradıcılığını təhlil
etdiniz. Orda bir fikir də söylədiniz ki, insan çox
istedadlı ola bilər, amma milli-mənəvi dəyərlərə
bağlılığı yoxdursa, ondan heç nə olmaz,
heç nə edə bilməz...
- Əhməd bəy Azərbaycanı
çox sevən adamdır. Mənə də "bacı bəyim"
deyir. Bizi onunla birləşdirən milli-mənəvi dəyərlərə
bağlılıqdır. "Qaragilə" şeirimə
mahnı yazıb, ifa edir. Bunu ondan mən xahiş etməmişdim,
bilir ki, Qaragilə bir şəxsə müraciət, bir şəxsə
sevgi deyil. Bu, bizim üçün ayrılıq dərdidir, o
taylı-bu taylı həsrətimizdir. İlhamə xanım
da ifa etmişdi, hər iki ifa möhtəşəmdi.
- Şeirlərinizə az musiqi bəstələnir...
- O bəstələnənlərin
heç birindən mənim xəbərim olmayıb. Köhnə
dostlara həsr etdiyim şeiri də Cavanşir Məmmədov
bəstəkara sifariş vermişdi, görünür,
mövzu kiməsə yaxın gələndə, ona nəğmə
yaranır.
- Bu qədər dolu bir aləmdə, boşluq hiss
etdinizmi, yoxsa media ilə məşğul olmaq tələbatı
hardan yarandı?
- Teleradio Şurasının
üzvüyəm və öz işimdən zövq alıram,
çünki milli-mənəvi dəyərləri qorumağa
xidmət edirik. Bununla belə, "Kaspi" qəzeti mənim
sevdiyim peşə fəaliyyətimlə bağlıdır,
onu övladım qədər sevirəm və məmnuniyyətlə
vaxt ayırıram. Böyük işlər görürük
o qəzetdə. Məsələn, Mübariz İbrahimovla
bağlı yazı müsabiqəsi elan etmişdik, qalibləri
mükafatlandırdıq. O işin nəticəsi kimi ortaya bir
kitab çıxmaq üzrədir. İndi azərbaycançılıqla
bağlı daha bir müsabiqə elan etmişik.
- Elmi işiniz də azərbaycançılıqla
bağlıdır: "Milli dövlətçilik hərəkatının
yüksəlişi və Xalq Cümhuriyyəti dövründə
azərbaycançılıq ideyası"...
- Mövzu gərək
damarlarından gəlsin ki, onu layiqli təqdim edə biləsən.
- Dedilər Yazıçılar
Birliyini qəbul etmirsiniz, heç ora üzv də deyilsiniz?
- Yox, bu, yanlış məlumatdır. Mən Yazıçılar Birliyinin üzvüyəm, böyük bir ənənəsi olan birlikdir, münasibətim də yaxşıdır. Sadəcə, ora gedib-gəlməyə imkan tapmıram, iş rejimim imkan vermir.
- Siyasətə qoşulmaq istəmirsiniz
ki?
- Heç vaxt, heç vaxt, heç vaxt! Mən yaradıcı adamam, məndən siyasətçi olmaz.
Son görünmür...
- Həm də bir anasınız. Uşaqlarınıza
yetərincə vaxt ayıra bilmisinizmi, yoxsa bu sarıdan daxili
bir əzabla üz-üzəsiniz?
- Onu uşaqlarım daha
yaxşı cavablandırar, amma nəyi bacarmışamsa,
vermişəm onlara, bu sarıdan rahatam. Qadının hər
zaman ən ilkin vəzifəsi ana olmaqdır, qadın
olmaqdır. Evə nə qədər yorğun getsək də,
zövqlə hazırladığımız yemək həm
özümüzü yorğunluqdan qurtarır, həm də
ailəmizə xoş olur.
- Yemək bişirirsiniz?
- Əlbəttə.
Özü də deyilənə görə, çox
yaxşı xörəklər hazırlayıram.
- Söhbətə yaradıcılıqla
başladıq, onunla da tamamlayaq. Bu vaxta qədər cəmi
bir şeir kitabı az deyilmi?
- Sözə həssaslıqla
yanaşıram, şeir kitabı çap etdirmək
böyük məsuliyyətdir, çünki şeir səmimiyyətdir.
- Masanızın üstündəki yeni şeirlər
yeni kitabdan xəbər verir?
- İnşallah...
- Adı hazırdır?
- Bir anda yarana bilər, ilk
kitabım çapa gedəndə yuxuda gördüm
kitabımın üstündə "Son
görünmür" adı yazılıb. Oyanıb
axtardım, gördüm ki, o adda heç şerim yoxdur,
şerlərimin içində elə bir söz var. Bəlkə
bu da İlahidən gəlmə bir işarədir,
yaşayarıq, görərik.
Səs.- 2011.- 7 aprel.- S. 10.