7 apreldə “Molla Nəsrəddin"
jurnalı işıq üzü görüb
Bu gün
müsəlman Şərqində ilk satirik jurnal olan "Molla
Nəsrəddin"in nəşrə başladığı
gündür. Azərbaycan milli mətbuatında satirik
üslubda çapdan çıxan jurnal sonralar milli mətbuatımızda
bu janrda olan mətbu nümunələri üzə
çıxmasına şərait yaratdı. Jurnal ədəbi
nümunələr məcmusu olmaqla yanaşı, ictimai
mühitdə böyük əks-sədaya səbəb oldu. Bu
jurnal milli mətbuatımızda bir bünövrə
oldğundan davamçıları məhz bu ideoloji xətlə
yaradıcılıq yollarını davam etdirdilər. Mollanəsrəddinçilər
milli ruhu hakim tutaraq, ölkənin ictimai- siyasi mədəni həyatında
baş verənləri dərc etdirməklə, Azərbaycan və
Şərq mətbuatında sözün düzünü deməyi
bacardılar və bu yolun yolçusutək zaman-zaman
silahdaşlarını ətraflarına toplayıb mübarizdə
bir nöqtədə birləşdilər. Belə bir hünər
sahibi olan qələm sahibləri zamanın mühakiməsində
özlərinin əqidə və məsləklərinə
doğru hərəkət edib, Azərbaycan xalqını
düçar olduqları bəladan xilas etməyə
çalışırdılar. Mübarizədə möhkəm
olan silahdaşların hər birinin, demək olar ki, milli mətbuatdan
imzaları tanış olan şəxslər idi. Mollanəsrəddinçiləri
hansısa bir qüvvə məsləklərindən döndərə
bilmədi. Bu yol həqiqət yolu idi. Bu yol mübarizələrlə
zəngin olan bir yol idi. Cəsarət, inam, milli heysiyyət hər
şeydən üstün olduğundan silahdaşlar daha sıx
olaraq birləşməyi bacardılar. "Molla Nəsrəddin",
sözün böyük mənasında, ənənə
yarada bildi. Bildiyimiz kimi, "Molla Nəsrəddin"in
yarandığı dövr hədsiz gərginliklərlə
dolu idi. Rusiyada inqilabi ideyalar geniş vüsət
almışdı, İranda azadlıq hərəkatı
alovlanırdı. Avropada yeni mütərəqqi fikirlər
daha da alışır, onun təsiri bütün Şərqə
yayılırdı. Belə bir zamanda Mirzə Cəlil
çoxillik cəhdlərdən sonra "Molla Nəsrəddin"
adlı məcmuənin yaranması yönündə istəklərini
məharətlə gerçəkləşdirdi.
Jurnalın ad seçimi
maraqlı bir təsadüflə əlaqədardır. Bəs
Mola Nəsrəddin kim olub, onun belə məşhurlaşmasına
səbəb nə idi? İlk olaraq, qeyd edim ki, Molla Nəsrəddin
müxtəlif türk ellərində müxtəlif adlarla məşhur
olmuşdur. Türkiyədə hələ qədim dövrlərdən
başlayaraq, elm və maarif adamına hörmət əlaməti
olaraq, ona Xoca deyə müraciət edirdilər. Bu ənənə
indi də qalmaqdadır. 1935-ci ildə bütün titul və
dərəcələr - bəy, əfəndi, paşa, xoca,
ağa və s. ləğv edildi. Kişilər
üçün müraciət forması "bəy",
qadınlar üçün "bayan" sözləri müəyyənləşdirildi.
Lakin "xoca" sözü Türkiyədə indi də
hörmət ifadəsi olaraq müəllim və alimlər
arasında geniş surətdə işlənməkdədir. Əfəndi
isə hələ yunanlardan götürülmüş
savadlı adamlara müraciət forması kimi
saxlanılmaqdadır. Taciklər arasında əfəndi,
özbəklərdə isə əpəndi kimi işlədilir.
Orta Asiyada Nəsrəddin əfəndi kimi tanınır. Azərbaycanda
isə molla ləqəbi ilə məşhur olmuşdur. Nəsrəddin
tarixən müdriklik anlayışı tək
qavranıldığından, onun el arasında hər bir fikri
dildən-dilə gəzərək, məşhurlaşmışdır.
Onun haqqında ilk nümunə XVI əsrin əvvəllərində
Türkiyədə yazıçı və şair Lamii tərəfindən
tərtib olunmuşdur. XIX əsrdən başlayaraq Molla Nəsrəddin
lətifələrinin çap olunmasına
başlanılmışdır.
Əvvəl İstanbulda
və sonra Bulakda Nəsrəddin
yaradıcılığının mətbəə nəşrlərinin
əsası qoyulmuşdur. Məhz belə bir nüfuz
qazanmış şəxsin adının əbədiləşdirilməsi
məqsədi ilə çap olunmağa başladı. O,
insanları güldürə-güldürə
düşünməyə məcbur edir. Bu, həm də həqiqətlərin
asan bir yolla qavranılması idi. "Molla Nəsrəddin"
jurnalı tez bir zamanda tanındı. Buna səbəb
tutduğu yol və əqidəsi idi. Nəşrin redaktoru Mirzə
Cəlil Məmmədquluzadə satirik ruhlu qələmi ilə
jurnalın abunəçilərin sayınının günbəgün
artmasına gətirib çıxarırdı. Bu abunəçilər
təkcə Azərbaycandan olan oxucular deyildi. Onun coğrafi məkanı
geniş və əhatəli idi. Müxtəlif xalqların
oxucuları ona müraciət edirdilər. Sosial mövqeyinə
görə, jurnal adamları heyrətə qoyurdu. Qısa fasilələrlə
təqiblər nəticəsində çap olunan jurnala tələbat
yüksək olduğundan, onun tirajı da yüksəlirdi.
Otuz üç illik zaman məsafəsində Mirzə Ələkbər
Sabir, Əli Nəzmi ruhu bu jurnalda yaşandığından,
izləyicilərin marağı da artmaqda idi. O, çəkinmədən
hökmdarların üzünə onların
günahlarını demişdir. Bir sözlə, bütün
dünyanın sevdiyi türk oğlu, müdrik insan Cəlil Məmmədquluzadə
bəşəriyyəti güldürür və
güldürə-güldürə düşünməyə
məcbur edir. Bu nəşrin ismi Anadoludan tutmuş, Çinə
qədər uzanan böyük bir ərazidə məşhurdur.
Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda
və Azərbaycanda, Tatarıstanda, Başqırdıstanda,
Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə,
Balkan ölkələrində, bir sözlə, hər yerdə
"Molla Nəsrəddin"in adı məşhurdur.
"Molla Nəsrəddin" jurnalı hər kəs
üçün doğma və əziz jurnala çevrildi.
Burada dərc olunan məqalələrin hər biri insanı
güldürən və eyni zamanda, düşündürən
sətirlər, misralar idi. Əslində, jurnalın ilk
sayının uğurlu olması onun sonrakı uğurunun təməlini
yaratmış oldu. Jurnalın üz qabığında təsvir
olunan karikaturada Molla Nəsrəddin dərin yuxuya
dalmış soydaşlarımızı göstərərək
gülürdü.
Təsvir olunanlardan bir
neçəsi dərin yuxuya dalmış, biri durub gərnəşir,
digəri isə yenidən yatmağa
hazırlaşırdı. Bu, jurnalın qayəsini, məqsəd-məramını
son dərəcə anlaşıqlı şəkildə ifadə
edən məharətli bir karikatura idi. Əsəri milliyyətcə
alman olan karikaturaçı-rəssam Oskar Şmerlinq çəkmişdi.
Şübhə etmək olmaz ki, rəssama ideyanı məhz
Mirzə Cəlil vermişdi. Jurnalın ilk sayı min tirajla nəşr
olunmuş, yarısı Mirzə Cəlilin özü
demişkən, günortayadək Tiflis şəhərində
satılmışdı. Müxtəlif başlıqlarla səhifələrin
bəzəyən jurnal zəmanəsinin nəşri olmaqla
yanaşı, əsrlərin sevilən jurnalına
çevrildi. Bir örnək, məktəb oldu. Zaman onu
yetişdirdiyindən, o da "Mozalan"ı ,
"Kirpi"ni yetişdirdi. Satirik ruh, qəlbi ağlayaraq
gülmək ideyası bu gün də yaşamaqdadır.
Zümrüd
Səs.- 2011.- 7 aprel.- S. 11.