Mixi yazılı
iki daş abidə tapılıb
Azərbaycanın Lerik rayonunda mixi yazılı iki daş abidə tapılıb. Bu daş abidələrdən birini rayonun Blaband kəndi yaxınlığındakı Müsü mağarasında sakinlər tapıb. Digəri isə rayonun Xəlifəküçə kəndində aşkar edilib. Daşlar 15-20 sm. hündürlüyündə olmaqla yastı formadadır. Sakinlər bu daş abidələri təsadüfən aşkarlayıblar. Mixi yazıların əsasən Azərbaycanın cənub-şərq bölgəsində tapılması onu söyləməyə imkan verir ki, hələ 5 min il bundan əvvəl mixi yazıların vətəni Mesopotamiya ilə bu ərazinin ictimai, siyasi, mədəni əlaqələri olub. Əgər bu yazı burada yazılıbsa, çox ehtimal ki, assuriyalılar, babillilər, midiyalılar kimi qədim Azərbaycan əhalisi də bu yazılardan istifadə edib. Yazının üstündəki mətn oxunarsa, onun mənası aydınlaşar, həm bu daşın tarixi, həm də yerli, yoxsa gəlmə olması aydınlaşar.
Zümrüd
Səs.- 2011.- 7 aprel.- S. 11.