Daşkəsənin uğur və inkişaf strategiyası

 

Rayonda 2188 hektar sahədə əkin aparılıbdır

 

Respublikamızın bölgələrinin sürətlə inkişafına dair Dövlət Proqramı Daşkəsəndə də uğurla həyata keçirilir. Məhz bu proqramın reallaşdırılması nəticəsində Daşkəsən iri sənaye və turizm rayonlarından birinə çevrilməkdədir. Əhalisi 32537 nəfər, ərazisi 1019 kv.km olan Daşkəsən Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Məşhur Qoşqar çayının sahilində yerləşən Daşkəsənin rayon mərkəzi - Daşkəsən şəhərinə Gəncə şəhərindən olan məsafə 43 kilometr, Bakı şəhərindən isə 406 kilometrdir.

 

Daşkəsən müasir tərəqqi yollarında

 

Bu gün tarixi keçmişini və təbii gözəlliyini qoruyub saxlayan Daşkəsən Prezident İlham Əliyevin rəhbərliyi ilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ının reallaşdırılması nəticəsində keyfiyyətcə yeni inkişaf müstəvisinə çıxıb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ının reallaşdırılması nəticəsində ölkə üzrə müxtəlif istiqamətlərdə xeyli işlər görülüb. Bu inkişafın nəticəsində rayonda ümumilikdə 2188 hektar sahədə əkin aparılıbdır. Bunun 1350 hektarını kartof, 592 hektarını taxıl, 246 hektarını digər əkin sahələri təşkil edir. Taxıl zəmilərindən 1162 ton məhsul istehsal olunubdur. Bu da əvvəlki illərdən çoxdur. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə 5 kənddə süni mayalanma məntəqələri fəaliyyət göstərir. Ötən il 172 baş heyvan mayalanmış, indiyədək onlardan 106 buzov alınıb. Quşçu kəndində fəaliyyət göstərən "Ağbaba" damazlıq kəndli-fermer təsərrüfatına 25 baş cins qaramal gətirilib. Rayonun sənaye məhsulunun həcmi 3.769,8 min manat, tikinti-quraşdırma işlərinin həcmi 5.690,2 min manat, kənd təsərrüfatı məhsulları 22.099,3 min manat olub.

 

İnfrastruktur və abadlıq işlərinin müvəffəqiyyətli nəticələri

 

Respublikamız ikinci dəfə müstəqillik əldə etdikdən sonrakı mərhələlər, keçid dövrü Daşkəsən rayonunun sosial-iqtisadi həyatına da özünəməxsus təsir göstərmişdir. Təkcə həmin ildə rayonda Heydər Əliyevin Abidə Kompleksi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev Parkı, 12 mənzilli yaşayış, 200 şagird yerlik orta məktəb binaları, şəhər Cümə məscidi, xalçaçılıq, tikiş, süd məhsulları emalı sexləri istifadəyə verilmiş, "Daşkəsən Filizsaflaşdırma" ASC-nin yeni müəssisə kimi fəaliyyətə başlamasının açılışı olmuş, 47 kilometr uzunluqda Gəncə-Daşkəsən magistral avtomobil yolu yenidən tikilmişdir. Yeni müəssisələr yaradılmış və onlarla digər obyektlərdə yenidənqurma, əsaslı təmir işləri görülmüş, Daşkəsən şəhərinin su-kanalizasiya sistemi yenidən qurulmuşdur. Rayonda Baytarlıq Diaqnostika Mərkəzinin yeni inzibati binasında nəzərdə tutulmuş işlər başa çatdırılıb. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının, Xoşbulaq kəndində Daşkəsən gənclərinin istirahət və təlim mərkəzinin, "ELBA" MMC tərəfindən ət kəsimi, süd məhsulları istehsalı sexləri, böyük həcmli soyuducu anbarının tikintisi davam etdirilir. "Çovdar" qızıl yatağında geoloji-kəşfiyyat işlərinə başlanılıb, "Alunit" istehsal sahəsinin işə salınması üzrə işlər aparılıb, Daşkəsən Əhəngdaşı müəssisəsi istehsal gücünü artıraraq, çoxsaylı avadanlıqlar, texnikalar alıb. Rayonun Quşçu körpü qəsəbəsində mineral sular istehsal edən Daşkəsən "Qırx bulaq" MMC fəaliyyətə başlayıb.

 

Təhsildə modern standartlar

 

Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində rayonda bir çox məktəb binaları inşa və təmir olunub. Son beş ildə Təhsil Nazirliyi hesabına dövlət büdcəsindən maliyyələşdirilməklə, Qabaqtəpə kənd əsas məktəbi yanında 100 yerlik əlavə 6 sinif otaqları tikilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yuxarı Daşkəsən qəsəbəsində 200 yerlik, Təzəkənd kəndində 160 yerlik orta məktəb binaları tikilib istifadəyə verilib, Aşağı Daşkəsən qəsəbəsində 80 yerlik məktəb tikintisi başa çatdırılıb.

 

Son yeddi ildə rayonda 4391 yeni iş yeri açılıb

 

Vaxtilə iş, çörək dalınca Daşkəsəndən başqa yerlərə üz tutub gedənlər indi bura qayıdanda abadlığa, gözəlliyə, yeniliyə heyran olduqlarını, az qala şəhəri tanımadıqlarını etiraf edirlər. Çünki bu gün Daşkəsən iri müəssisələr mərkəzinə çevrilib. Bu isə yeni iş yerlərinin açılması deməkdir. "Elba" MMC tərəfindən rayon ərazisində tutumu min ton olan soyuducu anbar kompleksi, kəsim və ət emalı müəssisəsi inşa olunur ki, həmin müəssisə fəaliyyətə başladıqdan sora 120 nəfər işlə təmin olunacaqdır. Görülmüş tədbirlər nəticəsində 2004-2008-ci illərdə Daşkəsən rayonu üzrə nəzərdə tutulan 2240 iş yerinə qarşı 2980 yeni iş yerləri açılıb. O cümlədən, rayonda 2008-ci il ərzində 626 (286 daimi) yeni iş yerləri açılıb. Belə ki, son yeddi ildə Daşkəsəndə 4391 yeni iş yeri açılıb və rayonda orta aylıq əmək haqqı 217,1 manat təşkil edir.

Ümumiyyətlə, bütün bu işlər, onu deməyə əsas verir ki, Daşkəsən rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini, birmənalı olaraq, dəstəkləyir və müdafiə edirlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 8 aprel.- S. 8.