“Ermənistanla Rusiya arasında bağlanan hərbi müqavilə Azərbaycanın gözünü qorxutmağa yönəlib"

 

- Azərbaycan ordusunun gücləndiyi bir məqamda bəzi kənar şəxslər silahlı qüvvələr haqda real olmayan məlumatlar yayırlar. Azərbaycan ordusunun modernləşməsi, NATO standartlarına tam uyğunlaşması niyə anti-Azərbaycan mövqeli qüvvələri belə narahat edir?

- Şimali Afrikanın ərəb ölkələrində və ümumiyyətlə, dünyada baş verən hadisələrdən görürük ki, xalqın, onun siyasi rəhbərliyinin axır ümid, inam yeri ordudur. Bəzi qüvvələr ordumuz barəsində olmayan məlumatlar yaymaqla Azərbaycan ictimaiyyətində  inamsızlıq yaratmaq istəyirlər. Həmin qüvvələr hansısa formatda Azərbaycanın hərbi-siyasi rəhbərliyinin  siyasətinə qarşı çıxmaq istəyirlər. Lakin bu formatda istənilən çıxış əsassızdir. Silahlı qüvvələrdə baş verən xoşagəlməz hadisələrin isə düşmən qruplar tərəfindən təşkili kimi qiymətləndirmək olar. Əldə etdiyimiz məlumatlara görə, sonuncu üçüncü ordu birləşməsində baş verən hadisə zamanı həlak olanların üçü başından, 3-ü isə ürəyindən vurulub biri isə sağ qalmışdı. Sağ qalan əsgər isə Sumqayıt hərbi hissəsindən xidmətə çağırılıb. O deyirdi ki, hadisə hansısa qara geyimlilər tərəfindən həyata keçirilib. Belə olan halda, yəqin ki, hadisə dost tərəfdən deyil, düşmən tərəfindən həyata keçirilib. Onlar hansısa formada ordu rəhbərliyinə qarşı təxribat həyata keçirmək istəyirlər. Bunu təxribat adlandırmaq olar. Hansı qurum güclüdür, təxribat işləri də ona qarşı həyata keçirilir ki, vətəndaşlarda inamsızlıq yaransın. Ordumuzla bağlı mənfi fikirlər yayan qüvvələr bu cür üsullarla öz çirkin əməllərini həyata keçirirlər.

- Sizcə, Ermənistan-Azərbaycan müharibəsi başlayarsa, Azərbaycan Silahlı Qüvvələri hansı zaman kəsiyində müharibəni bitirə bilər?

- Bu gün elə bir vəziyyət yaranıb ki, əgər müharibə olarsa, Azərbaycan ordusu nəinki Dağlıq Qarbağı geri qaytarar, həmçinin, tarixi torpaqlarımız üzərində hüququmuzu da bərpa edər. Bu gün Azərbaycan ordusu həm silah, həm texnika, həm insan resursu, həm də komandirlərin hazırlıqları baxımından Cənubi Qafqazda liderdir. Bu liderliyi Ermənistan da qəbul edir. Ona görə də Ermənistan görüşlər zamanı hansısa bir formada Azərbaycan ordusunun texnikası, şəxsi heyəti, snayperlərini cəbhə xəttindən yığışdırmaq haqda məsələ qaldırır ki, özlərinə rahat şərait yarada bilsinlər. Azərbaycan ordusu 15-20 il bundan əvvəlki ordu deyil. Ermənistan ordusu isə Rusiyanın nəzarətinə olmaqla yanaşı, həm də Rusiya tərəfindən idarə olunur. Ermənistanda çalışan zavod və fabriklər rus biznesmenlərinin əlindədir. Ona görə də onların hansısa formada Azərbaycan ordusuna qarşı mənfi münasibətlər göstərməsinin heç bir yeri yoxdur. Bu gün Ermənistanı qoruyan Rusiya-Ermənistan müqavilələri, Gümrüdəki hərbi bazası olmasa Ermənistan silahlı qüvvələri qısa müddətdə tam məğlubiyyətlə üzləşər. Bunu onlar da başa düşürlər.

- Müharibə başlayarsa, Ermənistanla hərbi əməkdaşlıq müqaviləsi olan Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyatları gözləniləndirmi?

- Yadınızdadırsa, 2008-ci il avqustun 8-də Rusiya-Gürcüstan müharibəsi baş verdi. Mənim fikrimcə, bu müharibə Gürcüstana deyil, Azərbaycana qarşı idi. Azərbaycanın qaz-neft ixracına, iqtisadiyyatına qarşı idi. Müharibənin əsas məqsədlərindən biri gələcəkdə "Nabucco"nun qarşısının alınması idi. Rusiya Gürcüstana qarşı çıxaraq, Azərbaycanı qorxutmaq məqsədi güdürdü. Yadınızdadırsa, həmin müharibə zamanı Bakı-Tbilisi-Ceyhan neft borusunun üzərinə 12 bomba atmışdılar. Onlardan yalnız 4-ü partlamışdı. Şükürlər olsun ki, həmin partlayışlar kəmərə zərər verməmişdi. Daha sonra onlar dəmiryolu körpüsünü partlatdılar. Beləliklə, bir müddət olsa da, Azərbaycan neftinin Batumiyə çatdırılmasının qarşısını ala bildilər. Gürcüstana qarşı müharibə onu göstərdi ki, Rusiya hansısa formada Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasında maraqlı deyilbu müharibə ilə o, Azərbaycanı balanslaşdırılmış siyasət aparmağa məcbur etdiyini düşünüb. Ermənistanla Rusiya arasında bağlanan hərbi müqavilə Azərbaycanın gözünü qorxutmağa yönəlib. Məsələnin axırı ya ədalətli sülhlə qurtarmalı, ya da Rusiyanın vassallı olan Ermənistanın vəziyyəti gərgin olacaq. Bu gün Ermənistan iqtisadiyyatı 60 faiz İrandan, qalan payı isə digər dövlətlərdən asılıdır. Əgər bu münasibətlər korlanarsa, Ermənistan daha acınacaqlı vəziyyətdə olacaq.

Biz Ermənistana pislik etməmişik, onlar bizə pislik ediblər. Rusiyanın onlara dəstəyi İran ərazisi vasitəsilə baş verə bilər, lakin İran da buna yol verməyəcək. Bundan əlavə, hazırda Rusiyanın silahlı qüvvələrində proqressiv proseslər gedir.

O ki qaldı Rusiya ilə Ermənistan arasında bağlanan hərbi əməkdaşlıq müqaviləsinə, o, sadəcə, göz qorxutmaq üçündür. Buna fikir verməliyik, amma özümüzü qorxutmamalıyıq.

 

 

Səs.- 2011.- 9 aprel.- S. 7.