Dünya Mədəniyyətlərarası
Dialoq Forumu öz işini davam etdirib
Dünən Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirib. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda üçüncü sessiyasında iştirak edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət həyatında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub.
Sessiyanı açan Mehriban xanım Əliyeva qonaqları salamlayaraq, Forumun əhəmiyyətindən danışıb. Azərbaycanın birinci xanımı vurğulayıb ki, son illər Bakı əsil mədəniyyətlərarası dialoq məkanına çevrilib. Yaxın keçmişə nəzər salaraq, biz bir sıra beynəlxalq tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilib. 2009-cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Həmin il İKT-yə üzv ölkələrin, eləcə də, Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2008-ci ildə Azərbaycan bütün qitələri əhatə edən beynəlxalq qadınlar konfransına ev sahibliyi etmişdir. Bu konfransda mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi üçün həm güclü zəminin, həm də əlverişli mühitin mövcud olduğunu qeyd edən Mehriban xanım Əliyeva bildirib ki, qədim dövrdən bu günədək Azərbaycan bütün dünyaya açıq olan bir ölkə kimi tanınır. Ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik ibadətgahı, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm nəticəsidir.
Azərbaycanın birinci xanımı forumda səslənəcək müxtəlif fikir və təkliflərin, tədbirin nəticələrinin mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfə verəcəyinə ümidvar olduğunu deyib.
YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenou vurğulamışdır ki, bu sessiya çox əhəmiyyətlidir. Çünki bu sessiya qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi oynadığı rolun təşviq edilməsi məqsədilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsinə yönəlib. Bu baxımdan, mədəniyyətlərarası dialoq müştərək universal dəyərlərdən ilhamlanan davamlı proses hesab edilir.
Bu, olduqca aktual mövzudur. Çünki dinc şəraitdə birgə yaşamaq cəmiyyətin bütün üzvlərindən bir-birini daha yaxşı anlamaq, mövcud stereotiplərin və əvvəlcədən formalaşmış düşüncələrin hüdudlarından kənara çıxmağı tələb edir. Mədəniyyət gender məsələləri ilə və fəaliyyətlə bağlı fikirlərimizə təsir göstərir. Mədəniyyət gender bərabərliyi və ədalət üçün davamlı vasitələrin tapılmasında əsas rol oynayır.
Rusiya Federasiyası Federasiya Şurasının
sədr müavini Svetlana Orlova, Paris şəhəri 7-ci
rayonun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati,
ABŞ Mədəniyyətlərarası Dialoq Mərkəzinin
direktoru Vendi Lids-Hurvits çıxışlarında
bildirmişlər ki, dünyada müxtəlif siyasi, sosial və
mədəni məsələlərin çoxsaylı istinad
nöqtələri vardır. Bununla bərabər müxtəliflik,
mürəkkəbliklər də mövcuddur. Natiqlər
dünyada dialoqu gücləndirmək məqsədilə
qadınların təcrübə və istəklərinin
müxtəlifliyinə ədalətlə yanaşmağı
bu müxtəliflikdən bəhrələnməyi və
dialoqun miqyasını artırmağı təklif etmişlər.
Tədbirdə vurğulanıb ki, bunu etmək
üçün qadınlarla bağlı mədəniyyətlərarası
dialoqun mahiyyətini, onun növlərini və
qarşılaşdığı maneələri daha dərindən
anlamaq lazımdır. Bu, təhsil, elm, tədqiqatlar, media və
mədəniyyət sahələrində xüsusilə
vacibdir.
Zümrüd
Səs.- 2011.- 9 aprel.- S. 11.