"Mədəniyyət paytaxtlarının dialoqu" layihəsi çərçivəsində konsert təşkil olunub

 

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Heydər Əliyev Sarayında "Küləyin nağılları" adlı konsert proqramına tamaşa etmişlər. "Mədəniyyət paytaxtlarının dialoqu" layihəsi çərçivəsində təşkil olunan konsertin ideya müəllifləri Azərbaycanın və Litvanın mədəniyyət xadimləridir. Konsertdə hər iki ölkənin incəsənət ustaları müxtəlif xalqların milli rəqslərini məharətlə ifa ediblər. Konsertin "Dünya yaranır" adlanan birinci hissəsində folklor elementləri ilə uzlaşan müasir rəqsvideokadrlar zülmətdən azadlığa çıxan, təmiz səmaya qalxan küləyin qaranlıqdan, oddan, sudan, havadantorpaqdan həyatı yaratması təsvir olunmuşdur.

 "Dünya canlanır" adlı ikinci hissədə isə dünya xalqları mədəniyyətlərinin özünəməxsus xüsusiyyətlərini, adət-ənənələrini əks etdirən rəqslər ifa olunub. Konsertin əvvəlində küləklər şəhəri doğma Bakının və onun qoynuna sığındığı mavi Xəzərin səmasına yüksələrək dünyanı dolaşan Azərbaycan küləyi "Sülhsevər dünya" adlanan üçüncü hissədə qonaqlarla birgə oxunan mahnı ilə gözəllik, məhəbbət, səmimilik, aydınlıq və sadiqliklə dolu öz vətəninə - Odlar yurduna qayıdır. Azərbaycanın ən yaxşı rəqs qrupları - Dövlət Rəqs Ansamblının, Dövlət Akademik Opera və Balet Teatrının, Pantomima Teatrının və Bakı Xoreoqrafiya Məktəbi kollektivinin, eləcə də, litvalı rəqqasların ifa etdikləri dünya xalqlarının nadir rəqs və musiqi nümunələri, həmçinin, milli rəqslərimiz və Azərbaycan muğamının həzin sədaları qonaqları və bu möhtəşəm gecənin tamaşaçılarını riqqətə gətirib. Qədim Odlar Yurdunun tarixin ənginliklərindən süzülüb gələn mənəvi dəyərləri ilə dünya mədəniyyətinin qiymətli nümunələrindən olan musiqi və rəqslərin yüksək peşəkarlıqla ifa olunduğu konsert böyük maraqla qarşılanıb.

 

 

Zümrüd

 

Səs.- 2011.- 9 aprel.- S. 11.