YAP-ın rayon-şəhər təşkilatı sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

 

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının güclənməsi, möhkəmlənməsi, mövqelərinin daha fundamental dayaqlar üzərində qərar tutması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və insanların münasibətilə bilavasitə bağlıdır"

 

Ötən gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatı sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. YAP-ın Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədovun rəhbərlik etdiyi müşavirədə İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı və partiyanın İdarə Heyətinin üzvü Kərim Kərimov iştirak edib.

Müşavirəni giriş sözü ilə açan YAP-ın İcra katibi Əli Əhmədov mütəmadi olaraq, YAP-ın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə müşavirələrin keçirildiyini bildirib. Müşavirələrdə fikir mübadiləsinin aparıldığını deyən partiyanın İcra katibi müvafiq tapşırıqların da verildiyini ifadə edib: "Bütövlükdə Yeni Azərbaycan Partiyası cəmiyyətimizin ən güclü siyasi təşkilatı kimi ölkəmizdəki ictimai-siyasi proseslərin həmişə mərkəzində olub. Bu gün də belədir. Partiyaya olan böyük maraq, ətrafında yüz minlərlə insanın birləşməsi, təbii ki, YAP-ın gücünün göstəricisi olmaqla yanaşı, ölkəmizdə gedən, ictimai-siyasi proseslərin mərkəzində və ön sırasında olmasından xəbər verir".

Ötən ilin noyabrında keçirilən parlament seçkilərindən sonra ilk müşavirənin keçirdiyini xatırladan YAP Sədrinin müavini  məmnunluq hissi ilə qeyd etdi ki, Bütövlükdə, Yeni Azərbaycan Partiyasının,  partiyanın hər bir yerli strukturunun   seçkilərlə əlaqədar fəaliyyəti səmərəli olub: "Yüksək nəticələrin əldə olunmasında partiyanın hər bir yerli təşkilatının  rolu var. Parlament seçkilərinin nəticələrinə görə, YAP-ın Milli Məclisdə təmsil olunan nümayəndələrinin sayı 71 nəfərə çatıb. Bu da ötən beş ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrinə ölkə vətəndaşlarının verdiyi  yüksək qiymətin bariz nümunəsidir.  Ölkəmizdə həyata keçirilən siyasətin nəticəsi olaraq bütün sahələrdə inkişaf geniş vüsət alıb. Əhalinin  rifah halı gündən-günə yaxşılaşır, sosial müdafiənin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Azərbaycan yeniləşir və müasirləşir. Hər kəs bu inkişafı  özünün gündəlik həyatında hiss edir. Sözsüz ki, reallığa yüksək dəyər verən xalqımız bu inkişafı görür, dövlətin siyasətini dəstəkləyir, Prezident İlham Əliyevin ətrafında sıx birləşir. Azərbaycan inkişaf edir, iqtisadi imkanlarını günbəgün artırır. Bu isə ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə böyük stimul verir. Təbii ki, Yeni Azərbaycan Partiyasının özünün də güclənməsi, möhkəmlənməsi, mövqelərinin daha fundamental dayaqlar üzərində qərar tutması  Prezident İlham Əliyevin  həyata keçirdiyi siyasətə insanların  münasibəti ilə bilavasitə bağlıdır".

"Bu dəstək bir çox parlamentlərdə özünün ifadəsini tapır" söyləyən Ə.Əhmədov bildirdi ki,  bunun mühüm göstəricilərindən biri partiyanın sıralarının günü-gündən artmasıdır: "Bu gün partiyanın sıralarında olan insanların sayı 530 mindən artıqdır. 2010-cu ildə YAP-ın sıralarına daxil olanların sayı 27 mindən çox idi. Bütün bunlar  onu göstərir ki, Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində böyük inam var, YAP-ın  fəaliyyəti dəstəklənir və bunun nəticəsidir ki, partiyanın tərkibi kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənir."

Ölkə Prezidenti İlham Əliyevi dəstəkləyən insanların günbəgün inanmının artdığını dilə gətirən YAP-ın İcra katibi söyləyib ki, YAP-ın uğurlarının fundamental əsasında xalqın İlham Əliyevə bəslənən etimadı inamı dayanır: "Partiyanın  sıralarına daxil olan üzvlərin sayının böyük əksəriyyətini gənclər təşkil edir. Hər il partiyaya daxil olan üzvlərin yarısı gənclərdir. Bu, onu göstərir ki, Azərbaycan gəncliyi özünün siyasi taleyini YAP-a bağlamaq barədə qəti qərara gəlib.  Digər səbəb isə ondan ibarətdir ki, Azərbaycan gəncliyi özünün maraqlarını ifadə etmək üçün ən əlverişli imkanın Yeni Azərbaycan Partiyasında yaradıldığını aydın şəkildə dərk edirpartiya sıralarına daxil olmaqla buna adekvat  münasibətini bildirmiş olur. Bu gün ölkəmizdə ictimai-siyasi ab-havanın həm  formalaşmasında, həm onun inkişaf meyillərinin və istiqamətlərinin təyin edilməsində partiyanın  həlledici rolu var. Bu gerçəkliyin yaranmasında partiyanın hər bir üzvünün, hər bir yerli strukturunun rolu var. Əmin olduğumu bildirmək istəyirəm ki, yarandığı gündən səmərəli fəaliyyət göstərən YAP-ın yerli təşkilatları və strukturları  bu gün də həmin templə çalışırlar. Azərbaycan vətəndaşları partiyaya inanır. Partiya bu məsuliyyəti üzərində hiss edirbuna uyğun şəkildə də  fəaliyyət göstərir".

Ə.Əhmədov onu da söyləyib ki, bu gün ölkəmizin inkişaf dinamikası  daha da sürətlənməkdədir: "Ölkəmizdə böyük layihələr həyata keçirilir. Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirən geniş vüsətli  layihələrin əsası qoyulur. Ölkəmizin gələcək perspektivləri hər bir Azərbaycan vətəndaşına aydın olduğu üçün kifayət qədər optimist hisslər formalaşdırıb.  Azərbaycan son 7-8 ildə nə qədər böyük templərlə inkişaf edibsə,  bundan sonrakı mərhələdə ölkəmizin inkişaf miqyasları daha geniş olacaq. Hər bir Azərbaycan vətəndaşı çox aydın şəkildə dərk edir ki, ölkəmizin inkişafı nəticəsində insanların sosial rifahı yaxşılaşacaq, qarşıdakı  hər il yola saldığımız illərdən daha uğurlu olacaq. Bu inam, təsəvvür artıq   Azərbaycan vətəndaşlarında ənənə halını alıb."

YAP Sədrinin müavini qeyd etdi ki, partiyanın hər bir yerli strukturunun üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasətin bundan sonra da uğurla  davam etdirilməsində partiyanın hər bir üzvünün iştirakını təmin etməkdir. Partiyanın hər bir üzvü  ölkədə geniş vüsət alan abadlıq-quruculuq, inkişaf proseslərinə öz töhfəsini verməlidir. Azərbaycanın inkişaf dinamikasının sürətləndiyini deyən İcra katibi Əli Əhmədov irimiqyaslı layihələrin keçirildiyini də vurğulayıb: "Bütün bunlar Azərbaycanın gələcəyi üçün nikbinlik yaradır. İnkişaf bundan sonra da sürətlənəcək. Azərbaycan 10, 15 il bundan əvvəlki ölkə deyil. Bundan sonra da qarşımıza daha əzəmətli vəzifələr qoymaq məcburiyyətindəyik. Bu zamanın, dövrün tələbidir. Digər tərəfdən bu inkişafla əlaqədar insanların təsəvvüründə də, düşüncələrindən də dəyişikliklər əmələ gəlir. Sözsüz ki, bu dəyişikliklər müsbətdir, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin daha qətiyyətlə, düşünülmüş şəkildə dəstəklənməsindən ibarətdir. Bütövlükdə həyatımızda yeniləşmə prosesi geniş vüsət alır".

Millət vəkili Əli Əhmədov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətlə də bağlı geniş məlumat verib. Bildirib ki, bütün sahələrdə  modernləşmə həlledici əhəmiyyət kəsb edir: "Güman edirəm ki, qarşımızda duran on illik ərzində Azərbaycanda modernləşmə  taktikası xüsusi əhəmiyyət kəsb edəcək. İqtisadiyyatın modernləşməsi istehsalın yeni sahələrinin yaradılmasını, tələb etdiyi kimi, ictimai modernləşmə də hər bir Azərbaycan vətəndaşının ictimai münasibətlərində yeni məqamların, cəhətlərin meydana gəlməsini  tələb edir. Bütün  bunlar, təbii ki, ictimai-siyasi proseslərə təsirini göstərir".

"YAP daim yeniləşmə, müasirləşmə və təkmilləşmənin tərəfdarı olub" fikrini vurğulayan Əli Əhmədov onu da söyləyib ki, əldə olunan nailiyyətlərin kökündə də bu amilin rolu inkaredilməzdir: "Hər bir dövrün tələbinə uyğun olaraq partiya öz fəaliyyət istiqamətlərini müəyyənləşdirir və bu istiqamətlərdə uğurlu nəticələr əldə edir. Əminəm ki, bundan sonra da qarşımızda duran vəzifələri yüksək səviyyədə yerinə yetrəcəyik".

Müşavirədə, həmçinin, qarşıda duran vəzifələrlə əlaqədar  geniş fikir mübadiləsi aparılıb, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verilib.

 

 

R.KAMALQIZI

 

Səs.- 2011.- 12 aprel.- S. 6.