Gənclərin YAP-a axını getdikcə artır

 

Əli Əhmədov: "Gənclər bizim gələcəyimizdir və ölkəmizin sabahı onlarla bağlıdır"

 

Dünən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının qərargahında YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın Gənclər Birliyinin fəalları ilə görüşüb. Ə.Əhmədov çıxışı zamanı bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan gənclərimiz üçün ən əlamətdar hadisədir. Çünki Azərbaycan gəncləri vətəninə, xalqına, dövlətinə xidmət etməyi ilə fərqləniblər. Bu gün taleyini YAP ilə bağlamaq istəyən çoxlu sayda gəncin olduğunu dilə gətirən Ə.Əhmədov bunun təsadüfi olmadığını dilə gətirib: "Azərbaycan gəncliyi özünün maraqlarını ifadə etmək imkanlarını Yeni Azərbaycan Partiyasında görür.

Azərbaycan gəncləri xəyallarının reallaşacağı bir yer varsa, onun Yeni Azərbaycan Partiyası olduğunu aydın şəkildə dərk edirlər. Dərk edirlər ki, məhz bu iqtidar onlara xəyallarının gerçəkləşməsi üçün lazım olan bütün imkanları yaradıb. Gənclər öz taleyini Yeni Azərbaycan Partiyası ilə bağlamaqla Prezident İlham Əliyevin apardığı siyasətin reallaşmasına öz töhfələrini vermək niyyətini açıq şəkildə ortaya qoyurlar. Sevindirici haldır ki, gənclər düşünülmüş şəkildə, qətiyyətlə öz talelərini Yeni Azərbaycan Partiyası ilə bağlamağa qərar veriblər".

Hazırda Azərbaycan gəncliyinə böyük diqqət yetirildiyini söyləyən Ə.Əhmədov ölkəmizdə gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini bildirdi: "Hazırda  bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hökuməti gəncliyin inkişafı ilə bağlı vacib tədbirlər həyata keçirir, gənclərin yüksək təhsil alması, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmək üçün müvafiq addımlar atır. Bildiyiniz kimi, hökumətimiz tərəfindən gənclərimizin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaları ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Hesab edirəm ki, həmin gənclər təhsillərini uğurla başa vuraraq, dövlətimizin inkişafı istiqamətində öz töhfələrini verəcəklər. Bu gün Azərbaycan sürətlə inkişaf edir, bütün sahələr üzrə böyük uğurlar qazanır. Gənclər bizim gələcəyimizdir və ölkəmizin sabahı onlarla bağlıdır".

Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. Məhz bunun nəticəsidir ki, bu gün gənclərimiz Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır və bu istiqamətdə səylərini davam etdirirlər.

Ə.Əhmədov regionların inkişafı ilə yanaşı, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni simasının da xeyli dəyişdiyini söylədi. Bildirdi ki, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafının təzahürüdür: "Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalmışdır".

YAP Sədrinin müavini, həmçinin, vurğulayıb ki,  gənclər yüksək təhsil almaq, müxtəlif faydalı işlərlə məşğul olmaqla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etməlidir: "Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bu amilə böyük önəm verir. Son 20 ildə ölkə əhalisinin sayı 2 milyon nəfər artıb və yaş tərkibi baxımından gənclərin sayı xüsusi çəkiyə malikdir. 1990-cı illərin əvvəlində Azərbaycanda əhalinin sayı 7 milyon idisə, indi bu göstərici 9 milyonu ötüb. Demoqrafik göstəricilər baxımından gənclərin mövqeyi yüksəkdir. Təbii ki, insan amili hər bir cəmiyyətin başlıca potensialıdır, hər bir millətin sərvətidir, dəyəridir. Azərbaycan gəncliyi yaxşı təhsil almış, müasir texnologiyaya yiyələnən, istedadlı gənclikdir. Bu isə etibarlı gələcək deməkdir. Ancaq bununla yanaşı, biz istəyirik ki, belə gənclər ölkənin ictimai-siyasi həyatında da fəal olsunlar. Partiya sıralarındakı 530 mindən artıq insanın 40 faizinin gənclər olduğunu qeyd edən Ə.Əhmədov bildirib ki, təkcə 2010-cu ildə YAP-ın sıralarına daxil olan 30 minə yaxın insanın 52 faizi gənclərdir. Ölkə Prezidenti İlham Əliyev hər zaman gənclərə böyük önəm verir, dövlət başçısının təşəbbüsü ilə ölkədə həyata keçirilən gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycanın ən fəal gəncləri isə məhz YAP-ın sıralarındadır. Son vaxtlar YAP Gənclər Birliyinin fəaliyyəti xeyli genişlənib. Ölkənin ictimai-siyasi həyatında partiyanın gəncləri fəal iştirak edirlər. Beləliklə, onlar ölkə Prezidentinin həyata keçirdiyi siyasətə dəstək olurlar".   

Ə.Əhmədovun sözlərinə görə, dünya dəyişir, inkişaf edir, yeni texnologiyalar yaranır: "Ölkəmizin bütün gəncləri kimi, YAP-ı təmsil edən gənclər də bu sosial şəbəkələrdə fəal iştirak edirlər, müzakirələrə qatılırlar. Bununla gənclərin cəmiyyətə inteqrasiyası sürətlənir, ictimai fikrə təsir imkanları artır. Nəticədə gənclərlə işin yeni məqamları meydana çıxır. Bütövlükdə, hesab edirik ki, ölkə gənclərinin fəal bir hissəsi olan YAP-ın gəncləri respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edirbundan sonra da edəcəklər". 

YAP-a üzv olmaq üçün 200-dən artıq gəncin partiyanın Nərimanov rayon təşkilatına müraciət etdiyini və onların partiyaya qəbulu ilə bağlı qərar qəbul etdiyini qeyd edən Ə.Əhmədov bundan daha çox gəncin müraciət etdiyini bildirib. YAP İcra katibi 2004-cü ilin bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən şəxslərin yalnız 2 faizinin gənclər olduğunu deyib və söyləyib ki, bu rəqəm 2009-cu ildəki seçkilərdə 27 faiz təşkil edib.

Daha sonra YAP-a yeni qəbul olunan gənclərdən İsmayıl İsmayılov, Turan Hüseynova, Zöhrab Ağalarlı, Aygül Rüstəmova və başqaları çıxış edərək, YAP-ın üzvü olmaqdan şərəf duyduqlarını, bu adı Ulu Öndər Heydər Əliyev ideyalarına, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev siyasətinə sadiq qalmaqla doğruldacaqlarını bildiriblər. Üzvlük vəsiqələri alan gənclər məsuliyyəti yaxşı anladıqlarını və Azərbaycanın inkişafı üçün əllərindən gələnini edəcəklərini vurğulayıblar.

Sonra tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 12 aprel.- S. 7.