YAP-ın
sıraları daha da genişlənir
Əli Əhmədov: "Gənclərin
böyük əksəriyyətini özündə birləşdirən
Gənclər Birliyi YAP-ın qüdrətinin və
gücünün çox əhəmiyyətli dayaqlarından
biridir"
Dünən
YAP Xətai rayon təşkilatının qərargahında
YAP-ın rayon və şəhər təşkilatlarının
gənclər birliyi sədrlərinin toplantısı
keçirildi. Toplantını giriş sözü ilə
açan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili
Əli Əhmədov bildirdi ki, bu ilin yanvar ayında YAP Gənclər
Birliyinin geniş konfransı keçirildi və yeni rəhbərlik
seçildi: "Azərbaycan gəncliyi öz vətənpərvərliyi,
siyasi fəallığı və vətəndaş
mövqeyi ilə daim fərqlənib.
Biz gənclərimizlə, sözün həqiqi mənasında,
fəxr edirik. Qürur hissi ilə qeyd edirik ki, bu cür gənclərə
malik olan Azərbaycanın gələcəyi parlaqdır.
Azərbaycanımızın gənclərinin yüksək intellekti, savadı, təhsili, müasir dünyagörüşə malik olması, Vətən yolunda canlarından belə keçməyə hazır olmaları ilə fərqlənirlər. Bu, yalnız Azərbaycan gənclərini səciyyələndirən xüsusiyyətlər deyil. Bu, eyni zamanda, Azərbaycanımızın, dövlətimizin kifayət qədər güclü dayaqlara söykənən və parlaq gələcəyinin fundamentidir. Hər bir cəmiyyətin, dövlətin gələcəyi onun gənclərindədir. Təbii ki, Azərbaycanın xoşbəxt gələcəyi də bugünkü Azərbaycan gəncliyi ilə bağlıdır. Azərbaycan gəncləri bu tarixi missiyanı öz üzərilərinə götürməyə həm layiq, həm də hazırdırlar. Azərbaycan gəncliyinin üzərinə düşən missiyanın çəkisini bir də o göstərir ki, Azərbaycan gənclər ölkəsidir. 20 il ərzində Azərbaycan əhalisinin sayı 2 milyon nəfər artıb. 90-cı illərin əvvəllərində Azərbaycanın 7 milyon əhalisi var idi. Bu gün ölkəmizin əhalisi 9 milyondan çoxdur. Bu, onu göstərir ki, ölkəmizdə əhali sürətlə artır və əhalinin demoqrafik tərkibində gənclər böyük üstünlük təşkil edir. Gənclər bizim, eyni zamanda, qüdrətli resursumuz, sərvətimizdir. Siz gənclərin həyatı Azərbaycanın sürətli, əzəmətli inkişafı dövrünə təsadüf edir. Azərbaycan çox sürətlə inkişaf edir. İqtisadiyyatımız yüksəlir. Son yeddi il ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə, büdcəmiz 10 dəfədən çox artıb. Azərbaycanın iqtisadiyyatının inkişafı digər sahələrdə də yüksəlişin əldə olunmasına stimul verir. Bugünkü Azərbaycanı 20 il bundan öncəki Azərbaycanla müqayisə edəndə, böyük fərqin şahidi oluruq. Təbii ki, bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir."
YAP Sədrinin müavini Ə.Əhmədov onu da bildirdi ki, paytaxt və bölgələrin siması gündən-günə dəyişir: "Bakımız gözəlləşir. Bakımız dünyanın ən gözəl şəhəri adını almağa layiqdir. Yaxın zamanlarda bu reallığın şahidi olacağıq. Bu gün Bakıda həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın bu missiyaya tam hazır olduğunu təsdiqləyir".
YAP İcra katibinin sözlərinə görə, ölkəmizdə həyata keçirilən islahatların və ölkə Prezidenti İlham Əliyevin siyasətinin çox uğurlu cəhətlərindən biri Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsidir: "Dövlət başçısı İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün bölgələrin tərəqqisini qarşıya ən ümdə məqsəd kimi qoydu. Regionların inkişafı proqramının məqsədi məhz insanlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq, yeni iş yerləri açmaq, sosial məsələləri həll etmək, xalqımızın rahat yaşaması üçün şərait yaratmaqdır. Regionların inkişafını ölkənin hərtərəfli tərəqqisi üçün başlıca amil kimi önə çəkən dövlət başçısı bununla respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə inkişafını həlli vacib məsələ kimi diqqətə çatdırdı. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq ictimaiyyətin marağını cəlb etdi. Dünya miqyasında iqtisadi inkişaf sahəsində birinci olmaq, əlbəttə, asan məsələ deyildir. Bunun səbəbi islahatlar, düşünülmüş siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli inkişafıdır. Bölgələrdə gedən quruculuq-abadlıq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması, bütün bunlar görülən işlərin praktik nəticələridir.
YAP Sədrinin müavini Ə.Əhmədov vurğuladı ki, bu gün Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti, xüsusilə, gənclər ölkəmizdə həyata keçirilən siyasətdən razılıqlarını ifadə edirlər. Bu razılığın ifadə olunması üçün kifayət qədər əsaslar var: "Partiyanın sıralarında 530 mindən artıq üzv birləşib. Bu, böyük qüvvədir. YAP-ın sıraları davamlı olaraq artır. Hər il partiyanın sıralarına 25-30 min üzv daxil olur. Bu, ondan xəbər verir ki, Azərbaycan vətəndaşları Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inanır. İkinci bir tərəfdən siyasi taleyini YAP ilə bağlayanlar atdıqları bu addımın doğru olduğu qənaətindədirlər və ətrafdakı insanlar da partiyanın ölkənin tərəqqisi, insanların rifah halının yaxşılaşması istiqamətində fəaliyyət göstərdiyini yüksək dəyərləndirərək, bu təşkilata üzv qəbul olunmaq haqqında qərara gəlirlər".
"YAP mövcud olduğu bütün dövrlərdə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib" fikrini söyləyən YAP İcra katibi Ə.Əhmədov onu da bildirdi ki, müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan ictimai-siyasi gərginliyin aradan qaldırılmasında, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatların həyata keçirilməsində, sonrakı illərdə ölkənin tərəqqisinin təmin edilməsində, bugünkü ictimai-siyasi proseslərdə partiyanın üzvləri yaxından iştirak edirlər: "Ölkəmizdə əldə olunan bütün nailiyyətlərdə YAP-ın rolu böyükdür. Bu gün partiyanın sıralarında birləşən üzvlərin 40 faizini gənclər təşkil edir. Bunun özü Azərbaycan gəncləri arasında YAP-ın nüfuzunun sübutudur. Beləliklə, gənclərin böyük əksəriyyətini özündə birləşdirən Gənclər Birliyi YAP-ın qüdrətinin və gücünün çox əhəmiyyətli dayaqlarından biridir. Bu gün Azərbaycanda ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. Çünki bu illər ərzində YAP, birmənalı şəkildə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaratmağa çalışır. Hər il partiya sıralarına daxil olanlar arasında gənclərin xüsusi çəkisinin artması onu göstərir ki, gənclər YAP-ın timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür. Öz enerjilərindən dövlət, xalq, partiya üçün istifadə edirlər. Beləliklə, cəmiyyətimizin çox böyük insani resurslarından olan gənclər YAP-ın tərkibində çox səmərəli fəaliyyət göstərir və eyni zamanda, partiya gənclərin ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırması üçün ciddi səylər göstərir".
2009-cu ilin dekabrında ölkədə bələdiyyə seçkilərinin keçirildiyini xatırladan Ə.Əhmədov qeyd etdi ki, YAP gənclərin seçkilərdə yaxından iştirak etməsi təşəbbüsünü irəli sürdü və bunun da çox müsbət nəticəsi oldu: "2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərdə isə onların təmsilçilik faizləri 27 rəqəmi həddinə çatdırıldı. Gənclərin bələdiyyələrdə iştirak səviyyəsi bələdiyyə təcrübəsi əsasında 10 dəfə artıb. Bu, gənclərimizin ictimai fəallığının artmasında irəli gəlir".
Ə.Əhmədov bütün sahələrdə Azərbaycan gənclərinin fəal iştirak etdiyini, qazanılan uğurlarda onların əhəmiyyətli rolunun ölkə rəhbərliyi və YAP tərəfindən yüksək qiymətləndirildiyini də vurğuladı: "Partiya olaraq gənclərimizin ölkənin ictimai-siyasi həyatında artan rolundan razılığımızı ifadə edir, onları daha da fəal olmağa çağırırıq. Bu fəallığı artırmağı arzulamaqla yanaşı, onun gerçəkləşdirilməsi üçün lazım olan şəraiti yaradırıq. Gənclər fəallıqlarını artırmaqla böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfəsini verə bilər. Çünki həm Azərbaycanın, həm də YAP-ın gələcəyi indiki gəncliklə bağlıdır. Biz gəncliyə böyük önəm verməklə, əslində, partiyanın gələcək gücünün, qüdrətinin əsaslarını, bünövrəsini daha da möhkəmləndirmiş olarıq. Dövlət başçısı İlham Əliyevin 6 aprel 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclər siyasətinin daha da inkişaf etdirilməsinə, gənc mütəxəssislərin işlə təminatına və digər sosial-iqtisadi problemlərinin həllinə xidmət edir. Bu, bir daha Azərbaycan dövlətinin gənclərə diqqətinin bariz nümunəsidir."
YAP Sədrinin müavini Ə.Əhmədov radikal müxalifət partiyalarının gənclərdən öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etmələrinə də münasibətini bildirərək, qeyd etdi ki, əgər hər hansı partiya gəncləri onların maraqlarına uyğun olmayan çağırışlarla öz tərəflərinə cəlb edib, ölkədə ictimai-siyasi sabitliyi pozmağa təhrik edirsə, bu, həmin qüvvələrin şəxsi, çirkin maraqlarını ortaya qoyur. Gənclik bu gün daha yaxşı biliklərə yiyələnmək üçündür. Azərbaycan gəncliyi reallıqları düzgün təhlil etməklə özlərinin gələcəyini düzgün müəyyənləşdirməlidir.
Sonda YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın rayon və şəhər təşkilatlarının gənclər birliyinin sədrləri üçün treninqlərin keçiriləcəyini bildirdi. Həmçinin, vurğuladı ki, bu treninqlər 3 mərhələdə aparılacaq.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 13 aprel.- S. 6.