Son 10 ildə qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb

 

Qəsəbələrdə 20 min mənzil, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri həyata keçirilən islahatların yaxşılaşmasıdır.

 

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı

 

Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarını tərk edərək, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə ciddi təsirlər yaradıb. Çünki qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən birini təşkil edir. Onu da vurğulamaq lazımdır ki, qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev cənabları hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərəkən bildirmişdir: "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq". Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər.

 

2013-cü ilə qədər ölkə ərazisindəki bütün fin qəsəbələri ləğv olunacaq

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son 7 ildə Prezident İlham Əliyev 27 Fərman və Sərəncam imzalayıb, bir Dövlət Proqramı və ona əlavələr təsdiqləyib, bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və Sərəncamı verilib, Milli Məclisdə qanun qəbul olunub. Bununla yanaşı, Prezident İlham Əliyev son 7 ildə 17 dəfə, o cümlədən, 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 860 dollar pul xərcləyir.

 

Son 10 ildə qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb

 

Ümumiyyətlə, görülən tədbirlər nəticəsində son 10 ildə ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. Qəsəbələrdə 20 min mənzil, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib. 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Eyni zamanda, yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan və ciddi sosial çətinliklərlə üzləşən məcburi köçkünlərin problemlərinin həlli istiqamətində işlər görülür. Bu mənada, Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam təkcə məcburi köçkünlər yox, bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı.

 

İnsanların mənzil hüququ bərpa ediləcək

 

Qeyd etmək lazımdır ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bu da 1210 insanın mənzil hüququnun təmin olunması deməkdir. 2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi reallaşacaq.

Bütün bunlar təbii olaraq daha on minlərlə məcburi köçkünün mənzil-məişət şəraitini daha da yaxşılaşdıracaq, onların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verəcək. Bu, həm də Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının növbəti bariz təzahürüdür. Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görürlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 13 aprel.- S. 8.