Sətirlərin qoxusundan ruhu sezilən şair

 

Azərbaycan poeziyasında ismini yaradıcılıq yolu ilə tanıdan, varlığından güc alan misraları səmimiyyətlə oxucuya çatdıran qələm sahibləri zamanla mühakimədə qalib olduqlarını ifadə gücünə malik olan sətirlərində büruzə verirlər. Bu sətirlərin qoxusundan yaradıcı şəxsin ruhunu sezməmək mümkün deyildir. İnsan təbiəti, xarakter və keyfiyyət fərdiliyi, məhz qələmə alınan nümunələrdə özünü göstərir. Fərdi yaradıcılıq üslubu və bənzərsiz ifadə tərzi məxsusiliyi qabardan əsas cəhətlərdən biri olaraq qəbul olunur.

  Sözsüz ki, adını bu aləmdə yaşadan söz əhlinin yaradıcılığı fərdiliyi ilə seçildiyindən və mövzu baxımından şaxəli, ürəkaçan olduğundan, sənət dünyasında körpü yaratmaq missiyasını  reallaşdıra bilir. Belə qələm sahiblərindən biri də Azərbaycan poeziyasının tanınmış simalarından olan Yazıçılar Birliyinin üzvü, beynəlxalq Rəsul Rza mükafatı laureatı Mövlud Teymurdur. Hər zaman dövrün, zamanın nəbzini tutmaq iqtidarında olan şairin poeziyasından müharibənin qoxusu, zamanın dəhşətləri, ictmimai-siyasi mühitin diqtəsi və münasibətlər, şairi düşündürən iztirablar aşılanır və birmənalı olaraq, təqdim edilir. Bir neçə onilliklərdir ki, bu aləmdə sirli-soraqlı dünya ilə bağlı fəlsəfi düşüncələrini bizlərlə bölüşür və cəmiyyətin diqqətində olan məsələlərə münasibəti nəzmə çəkdiyi misraları ilə diqqətə çatdırır. Ruhu gənc, qələmi iti, təfəkkürü aydın və sağlam olan şairin misralarına hakim olan sənət meyarı onu özünün sezmədiyi bir halda belə 60 illik bir ömrün astanasına gətirib çıxarıb. 60 ilin sazağını, istisini, nəşəsini, sevinc və qüssəsini yaşayan şair bir ömür yolundan müəmmalı soraqlarla bu günə gəlib çıxmışdır.

Yaşın ölçüsü yaşanılan illərlə, qəlbin hərarəti ilə ölçüldüyündən, zəngin təəssüratlarla kamilliklə gəncliyin bir ortaq nöqtəsində yaşayır. Mütəmadi olaraq kitablarının oxucusu olduğum Mövlud Teymur yaradıcılıq qayəsində mövzu rəngarəngliyi onun neçə-neçə əsərlərinin meydana gəlməsi ilə nəticələnib. Poeziyasının gücü, qüdrəti ilə Azərbaycan milli poeziyasına, ədəbiyyatına neçə-neçə ədəbi nümunələr daxil etmişdir. Müxtəlif illərin məhsulu olan bu nümunələrdə düşüncə müxtəlif məqam və prizmalara yönələrək, şeir parçalarını meydana gətirməsinə səbəb olub. Onun "Rəsul Rza demişkən", "Haqqın ömrü", "Qar bərəkətdir", "Çox sevirəm anamı", " atlı xilaskar", "Qarabağ bizimidir", "Bir sözüm var", "Ürək yanğısı" kimi şeirlər kitabında şairin düşüncələri ilə tanış oluruq. Şeirlərində Mövlud Teymur insani keyfiyyətlərdən, fərdlərin cəmiyyətə olan baxış və fərziyyələrindən, bu dünyada əbədiyyətə qovuşansözü, hikməti ilə bu aləmə iz salan isimlərdən də söz açır. Bahar ömründən xəzan çağına tək əli qələmli sənətə, vətənə, Azərbaycana, bu torpağın hər bir nemətinə məhəbbət və nəvaziş göstərən insanların dünyasının pıçıltılarını nəzmə çəkərək, ideyasını məhz bu qismdə olan lövhələrdə diqqətə çatdırır. Mövlud Teymur insanpərvər bir şairdir desək, fikrimizdə yanılmarıq. Belə ki, şair isti nəfəsli insanlara həssaslıqla yanaşıb. Söz mülkündə onların bacardığı tərzdə portretini yaratmağa nail olmuşdur. Bu qələmin qəhrəmanları kimlərdir?  Rəsul Rza, Nigar Rəfibəyli, Anar, Osman Sarıvəlli, Əliağa Kürçaylı, Məmməd Araz, Səməd Vurğun, Nazim Hikmət, Mikayıl Müşfiq, Ağabəyim Ağaonlarla belə Azərbaycan torpağının yetirdiyi böyük ziyalılar nəslindən söz açılır. Mövlud Teymur onların azərbaycançılıq məfkurəsindən, milli mənəvi-dəyərlərimizin təbliğindəki düşüncə tərzinin  meyarından söz açmaqla yaradıcı insanların qəlb dünyasının aliliyini göstərməyə çalışır. Mövlud Teymur Azərbaycan torpağının dahilər, istedadlar yetirməsini əsərlərində lirik lövhələrlə əks etdirir.

Bu baxımdan şair "Rəsul Rza demişkən" kitabı da maraq doğurur. "Hər sözü məna dolu", "Kür kimi dəli-dolu", "Araz kimi gur idi" misraları ilə sənət dünyasınında söz çələngini bədii boyalarla əks etdirir. Azərbaycana olan sonsuz sevgisini qələmə alır. Rəsul Rza vətən, el qeyrəli oğul idi - deyən şair onun həyatda tutduğu mövqeyə də etinasız qala bilmir.Mövlud Teymur poeziyasına yaxından bələd olduqca bu ismin insanlara bəxş etdiyi zövqü duyur mənəvi zövqqida qəlbinin istisindən hiss olunur. O, zamanla ayaqlaşaraq, ölkənin həyatında baş verən ictimai, siyasi, mədəni hadisələri diqqətə çəkir, insan düşüncəsinə zaman-zaman təsirini göstərir. "Misli görünməyən rəhbərdir Heydər" adlı şeirində şair Azərbaycan taleyini, onun reallıqlarını məhz Ümummilli Lider Heydər Əliyev dühası ilə obrazlı bir şəkildə ifadə edərək, oxucunu azərbaycançılıq ideyası ilə yoğrulmuş düşüncələr içində yaşamağa sövq edir. O, həyat hadisələrini incə bir hisslə oxucusuna təqdim edir. Heydər Əliyevin Azərbaycanı qurub-yaratdığını, Onun arzusu, əməli, eşqi ilə bu diyarın şöhrətlənməsini məxsusi bir şəkildə obrazlaşdırır.

 

Gecəni nurladan ulduzdu, aydı,

Çağlayan bulaqdı, kükrəyən çaydı,

Alınmaz ordudur, sınmaz alaydı,

Misli görünməyən rəhbərdir Heydər.

 

Mövlud Teymur dövlətimizin bu səltənətə yiyələnməsində Heydər Əliyev əməyini şeir dilinə çevirərək, Onun bəşəriliyini qürurla tərənnüm edir.

Onun şeir nümunələri fəlsəfi mahiyyəti, bəşəriliyi ilə seçilir. Doğma vətəninin müstəqilliyi, firavanlığı ilə dünyaya qanad açan şairin səmavi şeirlərində ürəkdən süzülüb gələn etiraflarda həyatın təzadsız məqamları nəzmə köçüb:

 

Mən bu dünyanın firavan övladıyam,

Azad qəlbim, azad dilim var mənim.

Ürəklərə min bir gözəllik bəxş edən,

Azad yurdum, azad dilim var mənim.

  

Bu gözəllikləri duyan bunun içində xoşbəxt düşüncələrinə qovuşan şairin ilham pərisi Azərbaycan olduğundan, yaradıcılıq eşqi tükənmir yazıb-yaradaraq, görüşləri ilə oxucularını dünyasına sövq edir.

Yaradıcılıq qayəsi zəngin olan şairin mövzu baxımdan zəngin misralarında Azərbaycan təbiəti, cəmiyyəti, onun gəncliyi, müdrikliyi əks olunmaqla yanaşı, uşaqları da diqqətə çəkilmiş, bu ya digər məqamlar bədii təfəkkürün məhsulu olaraq oxucuların ixtiyarına verilmişdir.

Mövlud Teymur poeziyası məxsusiliyi, ifadəliyi, obrazlılığı, şaxəliyi ilə seçilir yadda qalır. Bu poeziya 60 illik bir zaman məsafəsində zənginləşmiş, bədii çaları ilə Azərbaycan poeziyasına orijinallıq gətirmişdir. Daim axtarışda olan şair fikir dünyasını oxucularla daim bölüşür yeni nəfəsi ilə həyatla, insanla, cəmiyyətlə bağlı mülahizə   qətiyyətini nəzmə çəkir.

 

 

Zümrüd

 

Səs.- 2011.- 13 aprel.- S. 12.