ABŞ Dövlət
Departamentinin hesabatında Azərbaycanla bağlı həqiqətə
söykənməyən məqamlar çoxdur
- Çingiz
müəllim, məlum olduğu kimi bu günlərdə
ABŞ Dövlət Departamentinin növbəti hesabatı
açıqlanıb. Hesabatda Azərbaycanla bağlı əks
olunan fikirlərə münasibətiniz necədir?
- ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində həqiqətə söykənməyən, həddindən artıq şişirdilmiş məqamlar çoxdur. Məsələn, hesabatda qeyd olunur ki, guya mediada və siyasi fəaliyyətdə sərt məhdudiyyətlər var, hökumət siyasi opponent hesab etdiyi şəxslərin məhkəməsiz həbs olunması hallarını davam etdirir. Əslində, bu, tamamilə ədalətsiz yanaşmadır. Çünki bu gün məhkəmənin qərarı olmadan hüquq normalarında nəzərdə tutulan saatdan artıq heç kim polis orqanlarında saxlanılmır. Əgər belə bir fakt varsa, yaxşı olardı ki, bunlar da hesabatda əks olunardı. Amma bu yoxdur, sadəcə, ümumi söz toplusudur. Hesabatda deyildiyinin əksinə olaraq, Azərbaycanda dini azadlıqlar da məhdudlaşdırılmır. Bütün dünya bilir ki, Azərbaycan ən böyük tolerant ölkədir. Bu gün ölkəmizdə katoliklərin, xristianların kilsələri, sinaqoqlar fəaliyyət göstərirsə, hansı məhdudiyyətdən danışmaq olar? Həbsxanalarla bağlı deyilənlər də ədalətsizdir. Bu gün Kürdəxanı təcridxanası Avropada nümunə göstərilən təcridxanalardan biridir. Hazırda ədliyyə sistemində aparılan islahatlar onu göstərir ki, hesabatdakı məqamlar reallığı əks etdirmir. Amma bu məlumatları hardan alırlar?
Media nümayəndələrinə qarşı məhkəmələrə gəlincə, əslində, burada qeyri-adi məsələ yoxdur. Hər bir vətəndaş, o cümlədən, məmurlar, deputatlar, iş adamları da özləri haqqında yazılanlarla razılaşmırlarsa, məhkəməyə müraciət etməlidirlər. Biz sivil olmaq istəyirik, qanundan kənar çıxmaq niyyətimiz yoxdur. Mediada gedən yazılara münasibət bildirmək üçün qolumuzu çırmalayıb zor tətbiq etməməliyik ki? Əgər məmur məhkəməyə müraciət edirsə və problemi məhkəmə yolu ilə həll edirsə, bunun mənfi hal kimi qabardılması ədalətsizlikdir. Kimsə özünün hüququnu və şərəfini qorumaq üçün məhkəməyə müraciət edirsə, biz bunu alqışlamayıq ki, problem qanundan kənar yox, qanuni yolla həll olunur.
- Hesabatda iddia
olunur ki, Azərbaycanda sərbəst toplaşmaq
azadlığı məhdudlaşdırılır. Sizcə,
bu iddia nə dərəcədə reallığı əks
etdirir?
- Bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qanunla tənzimlənir. Burada qeyri-qanuni hərəkət yoxdur. Amma onu da demək istəyirəm ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir. Nə qədər ki, qanunsuz aksiyalar olacaq, onların qarşısını almaq üçün hüquq-mühafizə orqanları da fəaliyyətdə olacaq. Fikrimcə, şəhərin mərkəzindəki Fəvvarələr meydanında mitinq keçirmək düzgün deyil.
Hesabatda o da yazılır ki, guya müxalifətin mitinq cəhdi zamanı 169 şəxs həbs olunduqdan sonra işgəncələrə məruz qalıblar. Küçələrdə icazəsiz aksiyalar zamanı saxlanılarkən, ola bilər ki, kimlərəsə qarşı müəyyən sərtlik olsun. Amma onlar polis məntəqəsinə təhvil verildikdən sonra, istintaq təcridxanasına göndərildikdən sonra bir faktı göstərə bilməzlər ki, orada zorakılığa məruz qalıblar.
- Bəs hesabatda
Ermənistanla bağlı məqamlar reallığa
uyğundurmu? İşğalçı dövlətə
münasibət necədir?
- Azərbaycan vətəndaşı olaraq bu hesabatda Ermənistanla bağlı məqam mənim diqqətimi cəlb etdi. Hesabatda göstərilir ki, erməni separatçıları Dağlıq Qarabağ ərazisini işğal ediblər. Bu həqiqətə uyğun deyil, siyasi gedişdir, ədalətsiz açıqlamadır. Azərbaycan dövləti Dağlıq Qarabağdakı bir qrup separatçı ilə yox, Ermənistan dövləti ilə üz-üzə qalıb. Ermənistanın hərbi qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib və bu gün orada qeyri-qanuni qurum yaradıb. Amma həmin qurumun arxasında Ermənistan dayanır. Əgər separatçılardan söhbət gedirsə, Ermənistan kənarda qalırsa, onda sual olunur: Ermənistanda hərbi xidmətə çağrılan gənclər nə üçün Dağlıq Qarabağda hərbi xidmət keçməyə göndərilir? Təkcə bu fakt göstərir ki, işğalı Ermənistan dövləti edib və faktları kifayət qədər artırmaq olar. ABŞ-ın bu məsələyə yanaşması hiddət doğurur. Bu, artıq ABŞ-ın Qarabağ məsələsində siyasətinin təzahürüdür. Qeyd etmək istəyirəm ki, bu cür dövlətlərin belə yanaşması onu göstərir ki, onlar Dağlıq Qarabağ probleminin həllində maraqlı deyillər, əsil həqiqətləri gizlətməklə məşğuldurlar. Belə olmasaydı, Metyu Brayzanın Xankəndi hava limanına aviareyslərin açılışı ilə bağlı Azərbaycanın bir məmurunun tələskən bir açıqlamasına dərhal reaksiya verməsi və sətiraltı formada dövlətimizi bu addımdan çəkinməyə çağıran fikri bayaq dediyim məqama aiddir. Əgər Metyu Brayza həqiqətin tərəfində olsaydı, mütləq deməliydi ki, Ermənistan tərəfinin bu aviareyslərin açılmasındakı marağı və hərəkətləri beynəlxalq hüquq normalarına ziddir.
- Yeri gəlmişkən,
həmsədrlər bölgəyə növbəti səfəri
başlayıb. Bu səfərdən müsbət nəticə
gözləmək olarmı?
- Açığı bu səfərlər ciddi gözləntilərim yoxdur. Bu yaxınlarda faktaraşdırıcı missiyanın hesabatında Ermənistana qarşı ciddi tələblər yox idi. Həmsədrlər işğalçıya beynəlxalq hüquq normaları çərçivəsində yanaşmırlar. Ona görə də, 20 ilə yaxındır ki, aparılan danışıqların heç bir nəticəsi yoxdur. Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatların sənədləri icra olunmur. Yeri gəlmişkən, Dövlət Departamentinin hesabatında Ermənistanda insan hüquqlarının pozulması hallarının miqyasını kiçiltmək, Azərbaycanla bağlı faktların isə şişirtmək məqsədi görünür. Əslində, bu, ABŞ-ın həmsədr dövlət olaraq ölkəmizə qarşı qərəzli mövqeyidir. Belə hesabatların açıqlanması milli məsələdir. Bu problemlərdən yeganə çıxış yolu hamımızın həmrəy olmasıdır. Saxta informasiyalar, kiminsə qapısını döyüb 3-5 min qrant almaqdan ötrü onların çaldığı havaya oynamaq, əslində, ermənilərin dəyirmanına su tökməkdir.
Problemlər
var və bunu heç kim inkar etmir. Amma heç kim deyə bilməz
ki, Azərbaycandakı vəziyyət beş il bundan əvvəlkindən
müsbət mənada fərqlənmir. Sözsüz ki, irəliləyişlər
var. Gəlin harda çatışmazlıqlar varsa,
yığışıb özümüz həll edək.
Amma bu informasiyalarda "qarışqadan fil düzəldib"
sonra xaricə ötürmək, hesabatlara salınıb Azərbaycana
gələcəkdə siyasi təzyiq kimi istifadəyə
imkan yaratmaq vətənpərvərlik deyil. Onu bilmək
lazımdır ki, Qərb dövlətləri bu cür
yanaşmalarla Qarabağ məsələsində ermənilərə
güzəştə getməyimizə
çalışır. Bu mənada, həmsədrlərin fəaliyyəti
də xalqımızda narazılıq doğurur.
- Bir neçə gün öncə
ATƏT-ə daxil olan bəzi ölkələrin səfirləri,
diplomatik korpusların nümayəndələri bir neçə
müxalifət partiyasının rəhbəri ilə
qapalı görüş keçirdilər. Sizcə, bu
addım hansı məqsədlərə xidmət edir?
- Əslində,
belə görüşlər bütün dövlətlərdə
ola və normal qarşılana bilər. Amma burda başqa bir məsələ
var. Son vaxtlar küçələrdə aksiyaların
artmasına edilən cəhdlər fonunda səfirlərin
hansısa partiyanın qərargahında qapalı
görüşlər keçirmələri onlara dəstək
vermələri hesab oluna bilər. Kimsə görüşmək
istəyirsə, onu səfirliyə dəvət edib mətbuatın
iştirakı ilə söhbət apara bilərdilər. Amma
nümayişkaranə şəkildə hansısa müxalifət
partiyasının qərargahına gedib qapalı söhbətlər
aparmaq həmin partiyaların qaldırdığı məsələlərdə
yardımçı və dayaq olmağın nümunəsi
kimi qeyd oluna bilər. Onların bu addımı Azərbaycanın
daxili məsələsi ilə bağlı mövqe ortaya
qoymasıdır.
Yenə də
deyirəm ki, burada məqsəd başqadır. Amerikalı,
ingilis, fransız istəmir ki, Azərbaycanda mitinq və digər
aksiyalar normal keçsin. Onların hamısının bir bəlası
var: Dağlıq Qarabağ məsələsi ermənilərin
xeyirinə həll olunsun. Ona görə dediyim budur ki, bu məsələdə
iqtidar-müxalifət olmamalıdır. Erməni dəyirmanına
su tökmək bizim ziyanımızadır. Beynəlxalq qərarlar
bizim xeyirimizə olsa da, əməli tədbirlər
görülmür. Bu amil həmin dövlətlərin
mahiyyətini açıq şəkildə ortaya qoyur.
Səs.- 2011.- 13 aprel.- S. 14.