"Qarabağ triosu"nun Belçika və Hollandiyada konsert proqramları anşlaqla qarşılanıb

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov Belçika və Hollandiyada konsert proqramları ilə çıxış edir. Müğənninin ilk konserti aprelin 1-də Belçikanın Antverpen şəhərində keçirilib. Növbəti üç konsert isə Hollandiyada - aprelin 2-də Utrext, 3-4-də Amsterdam şəhərlərində olub. Konsertlərin təşkilatçısı Hollandiyanın məşhur Troppen teatrıdır. Bu dəvət 8 ay əvvəl xanəndəyə edilmişdir. Təşkilatçılar tərəfindən konsertə ciddi hazırlıq görülmüş, internet saytlarında məlumatlar, elanlar, afişalar, konsertlərin vaxtı və yeri barədə məlumatlar yerləşdirilmişdir. Hər konsertdən əvvəl Azərbaycan haqqında, musiqimiz barədə, eləcə də, Mənsum İbrahimov haqqında çəkilmiş 30 dəqiqəlik film nümayiş olunub. Konsertlərdə "Qarabağ triosu" adı altında çıxış edən tərkib əməkdar artistlər - tarzən Elçin Həmidov, kaman ifaçısı Elnur Əhmədov, balabançı Nizami Allahverdiyev, nağara ustası Kamran Kərimov xanəndəni uğurla müşayiət edirlər.

 

 

Səs.- 2011.- 5 aprel.- S. 12.