Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu geniş coğrafiyada təbliğ olunacaq
Dünyanın nüfuzlu Euronews
televiziya kanalının
Bakıda keçiriləcək
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün
əsas media tərəfdaşı kimi
çıxış etməsi
bu tədbirin möhtəşəmliyindən və ona göstərilən
beynəlxalq marağın
yüksək səviyyəsindən xəbər
verir.
Bununla bağlı Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyi ilə Euronews
televiziyası arasında müqavilə
imzalanmışdır. Müqavilənin şərtlərinə
uyğun olaraq, telekanal forumda çəkiliş aparacaq və
tədbirdən sonra verilişi 1 həftə ərzində 20
dildə 20 dəfə nümayiş etdirəcək.
Aprelin 7-dən 9-dək
Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun rəsmi sessiyaları və tədbirləri ilə
yanaşı, xüsusi mədəni proqram da təşkil ediləcək.
Bu proqram da bilavasitə mədəniyyətlərarası
dialoq mövzusuna həsr olunacaq.
Mədəni proqram
çərçivəsində Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi ilə Avstriyanın Federal Təhsil,
İncəsənət və Mədəniyyət nazirliklərinin
birgə təşkilatçılığı ilə "Yəhudi,
xristian və müsəlmanlar: mədəniyyətlərarası
dialoq ən qədim yazılarda" adlı sərgi
keçiriləcək. Sərgidə ən qədim əlyazmalar
nümayiş etdiriləcək. Artıq Avstriyanın Azərbaycandakı
səfirliyi ilə bu istiqamətdə iş aparılır. Eyni
zamanda, tədbir çərçivəsində YUNESKO, Avropa
Şurası və AŞ-nin Sivilizasiyalar Alyansının birgə
sərgisi də açılacaq.
Səs.- 2011.-5 aprel.- S. 12.