"Sərgüzəşti-vəziri-xani-Lənkəran"
tamaşası yeni yozumda
Akademik Milli
Dram Teatrının səhnəsində görkəmli Azərbaycan
dramaturqu Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
komediyası oynanıldı. Tamaşada xalq artisti Nurəddin
Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal,
Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli
Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət
Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev,
aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı,
Şəlalə Şahvələdqızı, İlahə Həsənova,
Aslan Şirinov, Əlvida Cəfərov, Elnur Qədirov,
İlyas Əhmədov, Elnar Qarayev və başqaları
iştirak edirdilər. Tamaşa dahi ədibin 200 illiyinə həsr
olunub.
Tamaşanın
quruluşçu rejissoru, əməkdar incəsənət
xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev,
quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı
xalq artisti Səyavuş Kərimidir.
Xatırladaq ki, Azərbaycan
dramaturgiyasının banisi M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
komediyası ilə 1873-cü ildə milli
teatrımızın bünövrəsi qoyulmuşdur. Bu
komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda
səhnə həyatı verilmişdir. Akademik Milli Dram
Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit,
şən yumorla yanaşı, 18-ci əsrdə hökm
sürən idarəçilik üsul-idarəsinə sarkazmla
işarələr vurulur. Rejissor ilk səhnələrdən
tamaşaçının diqqətinə çatdırır
ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi
zamanı təhlükəsizlik tədbirləri ilə
başlayır. Hadisələrdən məlum olur ki, vəzir
Mirzə Həbib öz vəzifəsini qorumaq
üçün baldızı Nisə xanımı Xana ərə
vermək fikrindədir. Nisə xanım isə Xanın
qardaşı oğlu Teymur ağanı sevir. İki
arvadının, qaynanası Pəri xanımın və
baldızı Nisə xanımın kələkləri Mirzə
Həbibi gülünc vəziyyətə salır. Tamaşa
xoşbəxt sonluqla, dənizdə batan Xanın yerinə
Teymur ağanın xan seçilməsi və sevgilisinə
qovuşması ilə bitir.
Tamaşanın təlqin
etdiyi fikrə görə, baş verən hadisələr
yalnız bir cənub şəhərində deyil, xanlıq
üsul-idarəsi olan dünyanın hər bir ölkəsində,
hər bir dövrdə baş verə bilər. Zəngin
milli geyimlərimizlə, aktyorların koloritli oyunları ilə
bizi XVIII əsrin sonlarına XIX əsrin əvvəllərinə
aparan tamaşa problematikası və ideya-bədii təqdimatı
etibarilə təsirlidir.
Səs.- 2011.- 5 aprel.- S. 12.