Serbiyada yaşayan və təhsil alan Azərbaycan gəncləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdilər

 

Serbiyada yaşayan və təhsil alan Azərbaycan gəncləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdilər.

Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilmiş ardıcıl islahatlar və quruculuq nəticəsində müasir Azərbaycanın regionun ən güclü dövlətinə çevrildiyi vurğulanan müraciətdə deyilir: "1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuşdur, vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısı alınmış və müstəqil dövlətçiliyimiz xilas olmuşdur. Məhz o illərdə Azərbaycanda iqtisadi-siyasi sabitlik yaranmış, ölkəmiz dünya birliyinin bərabərhüquqlu üzvünə çevrilmişdir. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu qarşılıqlı hörmət əsasında və mili maraqlara söykənən münasibətlər qura bilmişdir. Bu proseslər bu gün də Azərbaycanın dönməz inkişafını təmin edir və əminik ki, bundan sonra da ölkəmizin uğurlu inkişafı qətiyyətlə davam edəcəkdir. Son 20 il ərzində Azərbaycan çox böyük bir yol keçmişdir və dövlətçiliyin güclü əsasları tam şəkildə qurulmuşdur. Ölkə daxilində milli birliyə və əmin-amanlığa nail olmuşdur".

Müraciətdə daha sonra qeyd olunur ki, ölkədə demokratikləşmə proseslərinə dövlətimiz tərəfindən ciddi önəm verilir və gerçəkləşdirilir. Bir neçə ildir ki, dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoysa da, Azərbaycan bu sınaqdan bacarıqla çıxa bilmişdir. Azərbaycan bu gün sürətlə və dinamik şəkildə inkişaf edən bir ölkədir.

Serbiyada yaşayan və təhsil alan Azərbaycan gəncləri daha sonra bildirirlər ki, Azərbaycanın günü-gündən daha da inkişaf etməsi xaricdə yaşayan hər bir vətəndaşımızın qürur mənbəyinə çevrilmişdir. Bu isə inkişaf edən, dünyada tanınan bir ölkənin vətəndaşı kimi gənclərdə özünə olan inamın artmasına səbəb olmuşdur.

Müraciətdə daha sonra qeyd olunur: "Cənab Prezident, Sizin Azərbaycan gənclərinə şəxsi dəstəyiniz, əməli fəaliyyətiniz, gənclərin dövlətə, dövlətin isə gənclərə etimadı artıq tam formalaşmış və özünü təsdiq etmişdir. Azərbaycanın gənclərinin qarşısında böyük perspektivlər açılmış və Azərbaycan hər addımda öz arxasında qüdrətli bir dövlətin dayandığını hiss etməkdədir. Bütün bunlar gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsində ciddi bir stimul verir".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Prezident İlham Əliyevin fəaliyyətini birmənalı dəstəklədiklərini bildirən gənclər Onun Ali Baş Komandan kimi hər bir əmrini yerinə yetirməyə hər an hazır olduqlarını bəyan etmişlər. 

Serbiyada yaşayan və təhsil alan Azərbaycan gənclərinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti bu fikirlərlə yekunlaşır: "Bu gün özünü azərbaycanlı hesab edən hər bir şəxs harada yaşamasından asılı olmayaraq, Azərbaycana ləyaqətlə xidmət etmək, onu gücləndirmək və daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Ona görə də biz Serbiyada yaşayan və təhsil alan Azərbaycan gəncləri xarici himayədarların təsiri altına düşmüş bəzi müxalif qüvvələrin ölkəmizdə xaos və hərc-mərclik yaratmaq niyyətlərini pisləyir, buna qarşı qəti etirazımızı bildirir və Azərbaycanımıza hər cür dəstək verməyə hazır və yanınızda olduğunuzu bəyan edirik. Azərbaycanın sürətlə inkişaf etməsinə qısqanclıqla yanaşan, onu sevməyən və ya qənim kəsilən qüvvələr ayrı-ayrı fərdləri, pozucu, dağıdıcı qrupları dövlətçiliyimizə qarşı qanunsuz hərəkətlərə təhrik etməyə cəhd göstəriblər. Azərbaycanda radikal meyilli qruplar əxlaqi dəyərlərə sığmayan hərəkətlər etməklə, müxalifətin heç bir sosial dayağı və milli dəstəyi olmayan miskin varlığını büruzə verməyə çalışırlar. Bununla da heç bir real bacarığa və dövlətçilik təcrübəsinə malik olmayan, səriştəsiz müxalifət XX əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, müstəqil dövlətçiliyimiz və cəmiyyətimiz üçün gərginlik mənbəyinə və sosial bəlaya çevrilmək arzusundadır. Lakin bunlar faydasızdır və heç bir nəticə verə bilməz, ona görə ki, mövcud sabitliyi, dinamik inkişafı, ölkədə aparılan uğurlu islahatları pozmağa, ona xələl gətirməyə çalışan qüvvələrə Azərbaycan xalqı heç bir zaman imkan verməz. Biz gənclər də, öz növbəmizdə, buna göz yuma bilmərik, heç cür buna imkan verməyəcəyik".

 

 

Səs.- 2011.- 13 aprel.- S. 5.