“Qran-pri” mükafatçısı Əyyub Quliyevin
növbəti uğuru
Gənc azərbaycanlı
dirijor, A.Toskanini adına dirijorların beynəlxalq müsabiqəsinin
"Qran-pri" mükafatçısı Əyyub Quliyev
Rusiyanın ən yaxşı musiqi kollektivlərindən olan
Dövlət Akademik Simfonik Orkestri ilə
çıxış ediblər.
Əyyub Quliyevin sözlərinə
görə, Qafqaz Mineral Suları Federal Dövlət
Filarmoniyasının F.Şalyapin və A.Skryabin adına
zallarında keçirilən konsertlərin proqramına
dünya şöhrətli fransız bəstəkarları
Kamil Sen-Sansın və Jorj Bizenin əsərləri daxil olub.
Xatırladaq ki, layihənin təşkilatçıları
Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və N.Safonov
adına Dövlət Akademik Filarmoniyasıdır. Qeyd etmək
lazımdır ki, bu layihə "Fransız simfonik
teatrı" silsiləsi çərçivəsində
keçirilib və ilk dəfə olaraq Yessentuki, Kislovodsk və
Simferopol şəhərlərində K.Sen-Sansın fortepiano
üçün 5-ci "Misir" konserti və
"Afrika" fantariyası ifa olunub. Fortepiano
partiyasını məşhur rusiyalı pianoçu, beynəlxalq
müsabiqələr laureatı Dmitri Kaprin ifa edibdir. Konsert
proqramının ikinci hissəsində isə J.Bizenin
"Arlezian qızı" dramından və "Karmen"
operasından məşhur süitalar səslənib. Həmçinin,
Əyyub Quliyevin rəhbərliyi ilə adıçəkilən
simfonik orkestri tərəfindən K.Sen-Sansın
"Ölümün rəqsi" adlı simfonik poeması da
ifa olunub. Onu da xatırladaq ki, Əyyub Quliyev 2010-cu ildə
filarmoniyanın 115 illiyinə həsr olunmuş yubiley tədbirlərində
iştirak etmiş, ötən ilin sentyabrında isə
dünya şöhrətli pianoçu Nikolay Luqanski ilə
birlikdə filarmoniyanın yeni konsert təqviminin
açılışına dirijorluq etmişdir. Həmin
konsertdən sonra filarmoniyanın rəhbərliyi tərəfindən
ona orkestrin "Dəvətli dirijor" vəzifəsi təklif
olunmuşdur.
Səs.- 2011.- 5 aprel.- S. 12.