Dünya Mədəniyyətlərarası
Dialoq Forumu qlobal platformanın əsasını qoyacaq
"Sərhədsiz dünyaya
doğru" devizi altında keçirilən forum
dünyanı qovuşdurmaq məqsədini
reallaşdırır
Beynəlxalq
aləmdə mədəniyyətlərarası dialoqlara ev
sahibliyi edən Azərbaycan həm regional, həm də qlobal
miqyasda bu prosesə töhfəsini verməkdədir. Belə
bir missiyanı üzərinə götürən Azərbaycan
dünya dövlətlərini qovuşduran bir məkana
çevrilib. Ölkəmiz
dünyanın əsas məsələlərindən
birindən digərinə çevrilən dövlət kimi əhəmiyyət
kəsb edən problemlərin sivilizasiyalar, dinlər, mədəniyyətlər
arasında anlaşmanın, əməkdaşlığın
optimal yollarının tapılmasında dövlətin bir
araya gəlməsinə vasitəçilik missiyasını həyata
keçirməkdədir.
Son illərdə bu mövzuda müxtəlif konfrans və forumlarda müzakirələr aparılıb, qurumlar təsis olunub. Yaxın keçmişimizə nəzər salsaq, 2008-ci ilin Avropa Birliyi tərəfindən "Mədəniyyətlərarası dialoq ili" elan olunması, ayrı-ayrı ölkə başçılarının təşəbbüsü ilə beynəlxalq toplantıların təşkili məhz bu qəbildəndir. Ölkəmizin tarixən müxtəlif dinlər, mədəniyyətlər üçün dinc yanaşı yaşama məkanı olması Azərbaycanın bu proseslərdə ön sıralarda yer almasını zəruri edir. XX əsrin əvvəlində bir müsəlman ölkəsi olaraq dünyaya ilk cümhuriyyəti, demokratik respublikanı vermiş, müsəlman Şərqində ilk dəfə mütərəqqi Qərb dəyərlərini dövlət səviyyəsində əxz və tətbiq etmiş Azərbaycan üçün bugünkü dünyaya mədəni tolerantlıq örnəyi olmaq, mədəniyyətləri qovuşduran məkan rolunda çıxış etmək tarixin üzərimizə qoyduğu bir missiyadır.
Bu gün qloballaşma prosesi dünyanın dörd yanını bir-birinə bağlayır. Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri qabaqcıl dövlətlərlə ayaqlaşmaq, bu qlobal inteqrasiya prosesində milli-mənəvi dəyərlərini dünya miqyasında layiqincə təqdim etməkdir.
Hələ 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda "Böyük İpək Yolu" layihəsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ölkəmizin regionlararası əməkdaşlığa, Şərq-Qərb dialoquna, Avropa-Asiya inteqrasiyasına mühüm töhfəsi idi. 32 ölkənin iştirak etdiyi konfrans qloballaşmaya, tarixi İpək Yolu üzərində yerləşən xalqlar, fərqli mədəniyyətlər arasında dialoqa, ünsiyyətə meydanın açılmasına səbəb oldu. Ümummilli Lider Heydər Əliyev bu nəhəng layihənin mərkəzində yerləşən ölkə kimi Azərbaycanın Şərqlə Qərbin qovuşmasında mühüm rola malik olması kimi qiymətləndirmişdir. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan mədəniyyətlərarası dialoqda oynadığı müsbət rolunu müasir dünyanın reallıqlarına uyğun olaraq, yeni müstəviyə, daha yüksək keyfiyyət mərhələsinə keçirməyə müvəffəq olub.
Bu gün Azərbaycan dünyaya zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Prezident İlham Əliyevin haqlı olaraq, qeyd etdiyi kimi, "Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir". Təqdirəlayiq haldır ki, bu istiqamətdə həm dövlət, həm də qeyri-dövlət xəttilə də mühüm işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycan muğamının, aşıq sənətinin, milli xalçaçılıq sənətimizin YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs xəzinəsinə daxil edilməsi məhz dəyərlərimizin dünyada təbliğinə nail olmaq kimi qiymətləndirilir.
Xatırladaq ki, YUNESKO-nun 60 illiyinə həsr edilmiş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində Parisdə keçirilmiş "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında" adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu bildirmişdir. Sonrakı illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu istiqamətdə həyata keçirilən təşəbbüslərə yol açmış oldu. 2008-ci ilin iyununda Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda beynəlxalq forum bu reallıqların davamıdır. Mehriban xanım Əliyevanın forumda çıxışı zamanı müraciətlə ifadə etdiyi "Görəsən, sivilizasiyalara, xalqlara və ayrı-ayrı insanlara bir-birini eşitməyə, anlamağa nə mane olur və nə kömək ola bilər?" fikri belə məzmunlu tədbirlərin keçirilməsində müstəsna rola malik oldu. Belə ki, maneələri aradan qaldırmağa, fərqli baxış və düşüncələrə təmas nöqtəsi tapmağa kömək edə biləcək yol dialoq olaraq müəyyənləşdi.
Təsadüfi deyil ki, bu gün bütün dünyanın böyük din xadimləri özünü tolerantlıq və dialoq məkanı təsdiq etmiş Azərbaycanda toplaşır və sivilizasiyaların qarşılıqlı anlaşması yollarını müzakirə edirlər. 2009-cu ilin noyabrında Bakıda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans, 2010-cu ilin aprelində Azərbaycan paytaxtının ev sahibliyi etdiyi dini liderlərinin sammiti buna sübutdur.
Bu gün "Bakı Prosesi"nin ideyadan praktik müstəviyə keçməsi üçün görülən işlərin nəticəsi olaraq Azərbaycan paytaxtı tarixdə ilk dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Nüfuzlu beynəlxalq təşkilatlar, UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən dəstəklənən forum Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya yeni rəng qatacaq və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsasını qoyacaq.
Bakıda təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumu son bir neçə ildə ölkəmizin bu sahədə həyata keçirdiyi təşəbbüslərin, ölkəmizin ev sahibliyi ilə gerçəkləşən və beynəlxalq sülh və əməkdaşlığa mühüm töhfə olan tədbirlərin məntiqi davamıdır. Hələ ölkə Prezidenti İlham Əliyev "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimində çıxışında bildirmişdir ki, biz öz siyasətimizlə, addımlarımızla və praktik işlərimizlə islam aləminin bir-birinə daha da yaxın olmasına çalışırıq. Birgə təşəbbüslərimiz çox uğurlu olur:"Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, sivilizasiyalar arasında aparılan dialoq daha da möhkəm olsun və yaxşı nəticələr versin." Bu baxımdan, bildiyimiz kimi, Azərbaycanın beynəlxalq aləmdə sülhsevər bir dövlət olaraq həyata keçirdiyi siyasət Avropa ilə islam dünyası arasında münasibətlərin möhkəmlənməsinə gətirib çıxarır.
Beləliklə, Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoq sahəsində ardıcıl təşəbbüslərinin beynəlxalq məkanda əks-səda doğurmasının nəticəsidir ki, dünyanın beş qitəsini əhatə edən 80-dən çox ölkəsinin rəsmi nümayəndələri paytaxtımızda toplaşıblar.
Artıq belə qənaətə gəlmək mümkündür ki, Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter alacaqdır. Davamlı olaraq bu xətt yeridiləcək. Bildiyimiz kimi, Azərbaycan islam dünyasının tərkib hissəsidir və İslam Konfransı Təşkilatının üzvüdür. Təsadüfü deyil ki, 2009-cu ildə Bakı islam mədəniyyətinin paytaxtı elan edilmiş, 2018-ci il üçün isə Naxçıvan islam mədəniyyətinin paytaxtı elan edilib. Azərbaycan dövlətinin qısa bir müddət ərzində belə mötəbər tədbirlərə ev sahibliyi etməsi onun tarixi irsi və müasir inteqrasiya prosesində fəal iştirakı, müstəqillik dövründə əldə etdiyi nüfuzdur.
Forumda dünyada mədəniyyətlərarası dialoq sahəsində mövcud olan çoxsaylı ideyalar, perspektivlər və yanaşmalar müzakirəyə çıxarılmaqdadır. "Sərhədsiz dünyaya doğru" devizi altında keçirilən forum dünyanı bir-birinə yaxınlaşdırmaq, qovuşdurmaq məqsədini reallaşdırır. Dünyaya sülh və yeniliklərin nəsib olmasında əhəmiyyətə malikdir.
Siyasi plüralizm, fikir və ifadə azadlığı, insanlar arasında bərabərlik, ayrı-seçkiliyin aradan qaldırılması, cəmiyyət daxilindəki münasibətlər mədəniyyətlərarası dialoqun inkişafına təsirin göstərir.
Qloballaşma
artıq bütün dünyada davamlı olaraq gedən bir
prosesdir. Aydın bir faktdır ki, dünya tərəfindən
qəbul olunan bu qloballaşma qaçılmaz prosesə
çevrildiyindən, bu məzmunda forumun keçirilməsi zəruriyyəti
meydana çıxmışdır.
Bu forum beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqda başlanğıc nöqtəsi kimi iştirakçılar tərəfindən qiymətini tapıb.
Onu da qeyd edək ki, forumda Azərbaycanın belə bir inkişaf mərhələsinə daxil olunmasında Ümummilli Lider Heydər Əliyevin rolu iştirakçılar tərəfindən xüsusi olaraq vurğulanıb.
Azərbaycanın bu gün beynəlxalq məkana çevrilməsində məhz onun ideyalarının gerçəkləşməsinin, uzaqgörən siyasətinin, müdrikcəsinə hazırladığı layihələrin nəticəsi olaraq qeyd olunub.
Forumda səslənmişdir ki, mədəniyyətlərarası dialoqun qurulma formaları mövcud dəyərlərdən bəhrələnməklə XXI əsrdə qarşıda duran çağırışlar nəzərə alınmalı, cəmiyyətin qurucularına xüsusi şərait yaradılmalıdır. Daha müasir, müsbət, şəffaf formada əməkdaşlığın qurulması yolları araşdırılıb, həyata keçirilməlidir.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Səs.- 2011.- 14 aprel.- S. 3.