Azərbaycan işğal olunan
torpaqlarını geri qaytaracaq
Bahar Muradova: "ATƏT-in Minsk
Qrupunun fəaliyyəti ilə bağlı Siyavuş Novruzovun
bildirdiyi fikirlər çox məntiqlidir və bunu normal
qarşılayıram"
- Bahar
xanım, ATƏT nümayəndələri 9 yaşlı Fariz Bədəlovun erməni snayperi
tərəfindən qətlə yetirilməsini
araşdırır. Ortada 9 yaşlı
azərbaycanlı uşağın qətlə yetirilməsi
faktı olduğu və bunu
dünya KİV-ləri də
təsdiqlədiyi halda ATƏT hansı
araşdırmanı aparır?
- 2005-ci ildə Azərbaycan dövlətinin təkidli tələbləri ilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərdəki vəziyyətə dair araşdırma aparılmışdır. Bu yaxınlarda isə ATƏT-in faktaraşdırıcı missiyasının işğal altında olan Azərbaycan ərazilərindəki vəziyyətə dair növbəti hesabatı açıqlandı. Məsələyə məntiqlə yanaşsaq, o zaman biz işğal faktının və işğal olunmuş ərazilərdəki vəziyyətin acınacaqlı olduğunu, orada bizə məxsus nə varsa, hamısının dağıdıldığını, yerlə-yeksan edildiyini bilirik. Amma bununla belə tələb etmişdik ki, bizim bildiyimiz bütün faktları dünyanın da bilməsi üçün belə bir araşdırmaya ehtiyac var. Təbii ki, bu araşdırma da bizim haqlı olduğumuzu bir daha ortaya qoydu. Konkret olaraq, Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi ilə əlaqədar tələbimiz ondan ibarətdir ki, ATƏT bu məsələyə öz kəskin münasibətini bildirsin. Bildirilən münasibət isə elə formada olmalıdır ki, bu kimi hallar yenidən baş verməməli və günahkarlar cəzalandırılmalıdır. Ən azı, beynəlxalq ictimaiyyətin qınağına tuş gəlməlidir. Bundan əlavə, atəşkəsin tez-tez ermənilər tərəfindən pozulması hallarına beynəlxalq təşkilatlar öz münasibətini bildirməlidir. Əgər ATƏT-in Minsk Qrupunun həmsədrləri hesab edirlər ki, Farizlə bağlı məsələni bir daha araşdırmaq lazımdır, o zaman araşdırsınlar. Bizə məlum olan faktın onlara da bir daha konkret şəkildə, aydın olmasının heç bir ziyanı yoxdur. Çox istərdim ki, onlar bu məsələni araşdırdıqdan sonra həqiqəti olduğu kimi açıq-aşkar şəkildə bəyan edə bilsinlər.
- Bəs düşünmürsünüz ki, ATƏT nümayəndələrinin F.
Bədəlovun qətlə yetirilməsi ilə bağlı
aparılan araşdırması sonda
ATƏT-in faktaraşdırıcı missiyasının hesabatından qətiyyən fərqlənməsin?
- Düşünürəm ki, hər zaman ATƏT-in müvafiq missiyasının öz işini həyata keçirməsi onun işi olmaqla bərabər, bizim də işimizdir. Yəni bunun üzərində dövlət olaraq rəsmi şəkildə nəzarətimizi edək. Bu mənada, ATƏT-in Minsk Qrupunun həmsədrləri ortada olan qətllə bağlı məsələni araşdırsınlar və nəticəni olduğu kimi də bəyan etsinlər. Nəticə necə olacaqsa, təbii ki, ona da münasibət bildirəcəyik. Amma düşünmürəm ki, kimsə özündə hansısa bir cəsarət taparaq, ortada olan bir faktın təsdiq olunduğu təqdirdə, onu inkar etməyə çalışsın. Əgər belə olarsa, o zaman bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin imicinə ziyan gətirəcək. Ümumiyyətlə, Azərbaycanla bağlı ortada olan bütün faktlar və bu faktları inkar olunması halları birinci dəfə deyil. ATƏT rəsmiləri, həmsədrlər, Dağlıq Qarabağ üzrə ATƏT-də olan məruzəçi dəfələrlə bəyan edib ki, hər gün cəbhə xəttində mülki şəxslər, hərbçilər snayper gülləsinə tuş gəlir, həyatını itirir. Və bu "dondurulmuş münaqişə" deyil, hər gün insan həyatını itirilməsi ilə müşahidə olunan qaynar bir nöqtədir. Ona görə də, düşünürəm ki, bu araşdırmanın nəticəsinin qabaqcadan şübhə altına alınacağını düşünərək əvvəlcədən münasibət bildirmək bir qədər düzgün olmazdı.
- Yeni
Azərbaycan Partiyasının İcra katibinin müavini,
millət vəkili Siyavuş Novruzov ATƏT-in Minsk Qrupunu çürümüş
qurum hesab
edərək, onun tərkibinin
dəyişdirilməsinə zərurət olduğunu
bildirib.
Sizcə, ATƏT-in tərkibinin dəyişdirilməsi
məqamı yetişibmi?
- Siyavuş Novruzovun bu fikirləri çox məntiqlidir.Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun fəaliyyəti haqqında olan bütün tənqidli iradları normal qarşılayıram. Çünki bütün faktlar açıq-aşkar aydındır. Həmsədrlərin ortada nə qədər fəalliyyət görüntüsü olsa da, hələ ki, konkret bir əməl, nəticə yoxdur. Ona görə də, Siyavuş Novruzovun fikirlərində hansısa başqa bir məqam axtarmağa qətiyyən ehtiyac yoxdur. Bütün bu tələblər də məhz ATƏT-i hərəkətə gəlməyə vadar etməlidir. Əlbəttə ki, əslində, məqsədimiz ATƏT-in Minsk Qrupunun tərkibini dəyişmək deyil. Məqsədimiz odur ki, ATƏT-in Minsk Qrupunun öz işini layiqincə yerinə yetirsin və bu istiqamətdə çox ciddi addımlar atsın. Düşünürəm ki, ATƏT və onun Minsk Qrupu öz imkanlarından maksimum istifadə etmir, yaxud da etmək istəmir. Ona görə də, zaman-zaman ictimaiyyət arasında bu quruma qarşı iradlar səslənir.
- Bahar
xanım, ümumiyyətlə, ATƏT-in Minsk
Qrupunun fəaliyyətsizliyini
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə ikili standartdan yanaşma kimi də dəyərləndirmək olar.
- Ortada olan fakt ondan ibarətdir ki, münaqişənin həlli istiqamətində konkret bir nəticə yoxdur. Hər zaman qeyd etmişik ki, neçə illərdir ATƏT və onun Minsk Qrupu münaqişənin sülh yolu vasitəsilə həll olunması ilə məşğuldur. Lakin ortada konkret nəticə yoxdur, təcavüzkar ölkə öz siyasətini davam etdirir, işğala məruz qalan dövlətin isə, bu təcavüzdən əziyyət çəkməsi davam edir. BMT və digər beynəlxalq təşkilatların qərarları kağız üzərində hələ də qalmaqdadır və bütün bunlar haqda heç bir ciddi addım atılmır. ATƏT-in bir təşkilat olaraq, bütün imkanlarından tam istifadə etməməsi sayəsində belə qənaətə gəlmək olar ki, nə həmsədr ölkələr, nə də ATƏT Dağlıq Qarabağ probleminin tez bir zamanda həll olunmasını istəmirlər. Ölkə başçısı cənab İlham Əliyev də qeyd edir ki, BMT Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması haqda qəbul etdiyi qərarların yerinə yetirilməsinin mexanizminin olmadığından şikayətləndiyi halda, ərəb dünyasında konkret dövlətə qarşı sanksiya qəbul edən kimi onun icrasına çalışır. Deməli, beynəlxalq qurumlar istəsələr Ermənistana münasibətdə sərt tədbirlər görə bilərlər. Ona görə də, aydın məsələdir ki, Azərbaycanla, Dağlıq Qarabağla bağlı belə bir istək olmadığı üçün konkret hərəkət, nəticə də yoxdur. İkili standart özünü açıq-aydın büruzə verir.
- Rusiyanın
Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində
fəallığı fonunda Qərbin passivliyi maraq doğurmur ki?
- Bəzən belə fikirlər səslənir ki, bəzi həmsədr ölkələr aktiv, digərləri isə, passiv görünür. Bütün həmsədr ölkələrin indiyə qədər fəallaşması, yaxud da zəifləməsi ortadadır. Kaş ki, bu görüntülərin arxasında konkret bir nəticə olaydı və bütün bu fəaliyyət görüntü xatirinə edilməyəydi. Danılmaz faktdır ki, Rusiya da böyük bir dövlətdir. Rusiyanın Ermənistan üzərində ciddi təsir faktoru olduğunu nəzərə alsaq, qətiyyətlə söyləmək olar ki, bu dövlət göstərdiyi iradə sayəsində bir çox məsələləri həll edə bilər. Əsas odur ki, bu ölkələr bir-birlərinin fəaliyyətlərini qısqanmasınlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün güclərini səfərbər etsinlər.
- Soçi
görüşünə və faktaraşdırıcı
missiyanın hesabatına olan ümidlərimiz özünü doğrultmadı. Sizcə, bundan sonra Azərbaycan
dövləti hansı addımı atmalıdır?
- Bütün faktlar bəllidir. İşğala məruz qalmış Azərbaycan bir dövlət olaraq, beynəlxalq səylərin davam etməsində maraqlıdır. Əlbəttə ki, status-kvonun dəyişdirilməsinin vacibliyinin faktaraşdırıcı missiyanın hesabatında vurğulanması müsbət haldır. Qiymətləndirmə missiyasının hesabatından nə qədər narazı olsaq da, orada müəyyən məqamlar var ki, dövlətimizin haqlı olduğunu göstərir. Bu hesabatı oxuyan hər bir kəs Ermənistanın açıq-aşar işğal faktorunun, eləcə də, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma, oradakı mədəniyyət abidələrinin dağıdılması, adların dəyişdirilməsi ilə tanış olurlar. O baxımdan qiymətləndirmə missiyasının hesabatını tam da lazımsız bir sənəd hesab etmək olmaz. Status-kvonun dəyişdirilməsi məsələsinin həmin hesabatda öz əksini tapması çox yaxşı haldır. Status-kvonun dəyişdirilməsi tələbi burada varsa, çalışmaq lazımdır ki, bunu təklif kimi irəli sürən dairələr bu fikrin əmələ keçirilməsi istiqamətində hərəkətə gəlsinlər. 2011-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair Nazirlər Kabinetinin iclasında ölkə başçısı cənab İlham Əliyev də vurğuladı ki, daha tez zamanda status-kvonun dəyişdirilməsinə nail olmaq lazımdır və bunun üçün hansı üsullar tələb olunacaqsa, onlardan istifadə etmək lazımdır. Bir sözlə, Azərbaycan dövləti bütün vasitələrdən istifadə edərək, düşmən tapdağı altında qalmış öz torpaqlarını geri qaytaracaq.
AYLANA RZAYEVA
Səs.- 2011.- 14 aprel.- S. 6.