ETSN və KİVDF birlikdə 5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar jurnalistlər arasında müsabiqə elan edib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar olaraq jurnalistlər arasında müsabiqə elan edib. Dünən nazirliyin akt zalında "Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək" layihəsi əsasında aparılacaq müsabiqənin başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib. Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov müsabiqənin keçirilməsinin məqsədini açıqlayıb: "Müsabiqənin təşkil edilməsində məqsəd ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunmasının təbliği və əhalinin məlumatlandırılmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu dövr ərzində qarşıya qoyulan bir çox məqsədlərə nail olunub".

Cəmiyyətdəki insanların ekologiyaya münasibətindən danışan H.Bağırov bildirib ki, ictimaiyyətin fikri əsas rol oynayır: "Cəmiyyətdəki insanların hər birinin ekologiya təsirindən, münasibətindən çox şey asılıdır. Ölkədə ekoloji problemlərin 70 faizinə qədəri vətəndaşların həyat tərzi, gündəlik fəaliyyəti, ənənələri və digər məsələləri ilə bağlıdır. Buna görə də ictimaiyyətlə qarşılıqlı fikir mübadiləsinin aparılmasında jurnalistlərin mühüm rolu var. Artıq insanlar özlərinə sual verməyi bacarmalıdır ki, "mən ekologiyanın qorunması üçün nə edə bilirəm?" Biz çox istərdik ki, bu müsabiqə insanlar üçün təkan rolunu oynasın. Ötən il də belə bir müsabiqə təşkil olunub. İnanırıq ki, bu müsabiqədən də sonra ekoloji mühitin, təbiətin qorunması istiqamətində müəyyən irəliləyişlər əldə edəcəyik".

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, bu gün ətraf mühiti qorumaq bizlərin hər birini narahat edironu qorumaq hər kəsin borcudur. Onun sözlərinə görə, ötən ilbu mövzuda müsabiqə keçirilib və nəticədə 37 jurnalist qalib olub: "Bu il isə müsabiqə 15 mövzu olmaqla 5 istiqamət-ekoloji təhlükəsizliyin təminatı, "Yaşıl" texnologiyanın tətbiqi, mövcud ekoloji problemlər, meşələrin artırılması və mühafizəsi, biomüxtəliflik üzrə keçirilir və hər istiqamət üzrə 3 mövzu təklif olunur. Yekun nəticədə isə 15 qalibin olması nəzərdə tutulur. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndiriləcək ki, bunların da 2-si jurnalist təşkilatının üzvü, 1-i isə ekologiya mütəxəssisi olacaq. Müsabiqədə ən azı 1 il müddətində fasiləsiz işləyən jurnalistlər iştirak edə bilər. Yazılar, telesüjetlər 15 aprel -27 may tarixinədək rəsmi günləri saat 10:00 -17:00-dək fonda şəxsən təqdim olunmalıdır. Hər istiqamət üzrə müsabiqənin qalibləri üçün birinci yerə 1000 manat, ikinci yerə 800 manat 3 yerə 500 manat, 10 nəfərə isə həvəsləndirici mükafat - 300 manat müəyyən edilib. Qaliblər, həmçinin, müvafiq diplomlarla təltif olunacaqlar".

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışı zamanı bildirib ki, son 30-40 ildə ekoloji tarazlıq pozulub. Bütün bu problemlərin mətbuatda kifayət qədər işıqlandırıldığını deyən Ə.Amaşov qeyd edib ki, artıq son illər ekoloji jurnalistika yaranıb. Həmçinin, MŞ sədri bir sıra təkliflər də irəli sürüb: "Mən təklif edərdim ki, yaxın vaxtlarda ölkədə "Azərbaycan jurnalistikası və ekoloji problemlər" adlı elmi-praktik konfrans keçirilsin. Həmçinin, ekoloji mövzuda yazılan yazıların tendensiyası, ekoloji problemlərin mətbuatda işıqlandırmanın necə yerinə yetirilməsi, bunun öhdəsində lazımi səviyyədə gələ bilməsi müəyyən olunsun. Azərbaycanda ali məktəblərin jurnalistika fakültələrində ekologiya dərsləri keçilmir. Yaxşı olardı ki, bu fakültədə jurnalistlər üçün ekologiyadan dərslər keçirilsin. Ekologiya mövzusunda yazan mətbuat orqanları müəyyən edilsin".

Sonra KİV rəhbərləri də bu mövzuda bir sıra təkliflərlə çıxış ediblər. SİA-nın baş direktoru və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev nazirliklə mətbuat orqanlarının sıx əməkdaşlığının təqdirəlayiq olduğunu bildirərək, ekoloji problemlərə qarşı və şəhərin təmizliyini qorumaq məqsədilə birgə aksiyalar təşkil etməyi zəruri hesab edib. B.Quliyev bildirib ki, belə aksiyaların təşkil edilməsi problemlərin kütləviləşməsinə, insanlar arasındakı ekoloji mədəniyyətin formalaşmasına öz töhfəsini verə bilər.

Həmçinin, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də həmkarları B.Quliyevin təklifi ilə tam razı olduqlarını bildiriblər və bu istiqamətdə sosial roliklərin hazırlanmasını vacib hesab ediblər.

Tədbirdə müsabiqə və ekoloji problemlərin qarşısının alınması istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda nazir H.Bağırov Bakı səmasında qeyri-adi işıqlanmanın səbəbi ilə bağlı açıqlama da verib. Bildirib ki, bu atmosferin yuxarı qatlarında suyun ionlaşmasının artması Bakı üzərində səmanın qeyri-adi rəng almasına səbəb olub: "Bu təbii hal insan orqanizmi üçün təhlükəli deyil".

Nazir Bakıda yağan "palçıqlı yağış"la bağlı bildirib ki, yağış Azərbaycana Mərkəzi Asiya və Ərəbistan yarımadasından gələn toz tufanları nəticəsində yağıb: "Son illər ərzində bu halların sayı artıb, bu isə qlobal mühitdə sabitliyin pozulmasının göstəricisidir".

 

 

RƏFİQƏ HÜSEYNOVA

 

Səs.- 2011.- 14 aprel.- S. 9.