“Dağlıq Qarabağı heç kəs və heç vaxt dövlət kimi tanımayacaqdır”

 

APA agentliyinin Moskva bürosunun müxbiri Fərid Əkbərov İTAR-TASS agentliyinin Baş direktorunun müavini Mixail Qusmandan müsahibə almışdır.

AzərTAc həmin müsahibənin mətnini oxuculara təqdim edir.

-Mixail Solomonoviç, əvvəlcə Bakı haqqında sualdan başlamaq istərdim. Siz bu şəhərdə doğulmusunuz və həmişə onunla əlaqə saxlayırsınız. Hər ikimiz bakılıyıq, bir həmyerli kimi bilmək istərdim, bugünkü Bakının, o cümlədən əvvəllər Sizin yaşadığınız məhəllənin yenidən qurulmasına münasibətiniz necədir? Fikrinizcə, şəhərin simasının dəyişməsi yaxşı tendensiyadır, yoxsa pis?

-Bilirsinizmi, bu, yaxşı sualdır. Ona görə ki, həyatının, gənclik, yeniyetməlik dövrünün yarısından çoxunu Bakıda keçirmiş adam kimi mən öz şəhərimin simasının dəyişməsinə maraqla, hətta qısqanclıqla yanaşıram. Əlbəttə, şəhərimiz günbəgün yaxşılaşır, onun sadəcə gözəlləşdiyini demək azdır, o, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bir qədər qeyri-təvazökar olsa da mənim müqayisə aparmaq imkanım var. Məsələn Neftçilər prospekti dünyada ən gözəl və baxımlı sahil küçələrindən biridir. Müasir binaların memarlıq tərtibatı çox gözəldir. Moskva prospektinin (Heydər Əliyev prospektinin - red.) əvvəlində yerləşən bədii-mədəni kompleksdə işlər hələ başa çatmamışdır, lakin məncə bu kompleks ən böyük memarlıq həllərindən biri olacaqdır. Onun necə nadir bina olacağı artıq indidən görünür. Bu cür çox misal göstərmək olar. Mən özüm ömrümün Bakı dövrünü vaxtilə Aziatskaya adlandırılan küçədə yaşamışam... Bilavasitə bizim məhəlləyə gəldikdə isə bir tərəfdən başa düşürəm ki, şəhər dəyişir, digər tərəfdən mənim yaşadığım ev Bakının mərkəzindəki köhnə rayonların birində yerləşir. Əlbəttə, evlər köhnədir, hərçənd biz, necə deyərlər, hər cür şəraiti olan evdə yaşayırdıq. Amma orada normal su kəməri və başqa rahatlıqlar yox idi. Ancaq biz bunları hiss etmirdik, Bakıda klassik bir həyət evində yaşayırdıq və əlbəttə, yaxın gələcəkdə bu ev yerini yeni layihələrdən, yeni evlərdən birinə verəcəkdir. Bunları deyərkən kədərlənmədiyimi söyləsəm, səmimiyyətdən uzaq olar. Ona görə ki, insanın ata evi söküləndə o həmişə kədərlənir. Digər tərəfdən isə bu həyatdır, nə etmək olar. Bilirsiniz, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi çox müdrik siyasət mənim xoşuma gəlir, respublikanın gəlirləri müxtəlif sahələrə, sosial sahəyə, müdafiə ehtiyaclarının təmin edilməsinə yönəldilir. Eyni zamanda həm özəl sərmayədarların, həm də dövlətin vəsaitləri şəhərin simasının dəyişdirilməsinə sərf edilir. Artıq dediyim kimi şəhər günbəgün gözəlləşir.

-Təsadüfən, Bakı haqqında kitab yazmırsınız ki?

-Bu sualı mənə tez-tez verirlər, ona görə ki, mən hər gün öz dostlarımla, tanışlarımla və ya tanımadığım adamlarla istər camaat arasında, istərsə də şəxsi söhbət əsnasında Bakı haqqında danışıram, Bakını xatırlayıram. Əgər bu mövzuda şifahi şəkildə dediklərimin hamısını yazsaydım, bir yox, bir neçə kitab alınardı. Kitab yazmağa isə, sadəcə olaraq vaxtım yoxdur.

-Mixail Solomonoviç, indi sırf peşənizlə bağlı sual vermək istəyirəm: siz Azərbaycan KİV-lərinin, xüsusən informasiya agentliklərinin səviyyəsini necə qiymətləndirərdiniz? İTAR-TASS həmin agentliklərin hansıları ilə əməkdaşlıq edir?

-İnformasiya agentliklərinə gəldikdə, mən belə hesab edirəm ki, AzərTAc agentliyinin işi çox peşəkar səviyyədə qurulmuşdur. Burada yüksək səviyyəli, çox dəqiq iş gedir. Sevinirəm ki, bu gün AzərTAc dünyanın ən iri informasiya strukturlarında, Avropa İnformasiya Agentlikləri Alyansında, Sakit Okean ölkələrinin informasiya qurumlarında təmsil olunmuşdur. Buna görə də mən bu agentliyin rəhbərinə dərin hörmət bəsləyirəm, şəxsən AzərTAc-ın Baş direktoru Aslan Aslanovu yüksək səviyyəli peşəkar kimi tanıyıram və buna görə də hesab edirəm ki, onlar yaxşı işləyirlər. Bu agentlik öz işini sözün yaxşı mənasında mühafizəkar tərzdə, lakin çox dəqiq qurmuşdur. Bununla bərabər, digər yaxşı agentliklər də vardır. Deməliyəm ki, APA agentliyinin materialları çox keyfiyyətli olur, başqa yaxşı agentliklər də vardır. Bildiyiniz kimi, mən Azərbaycan dilində qəzetləri oxumuram, sadəcə ona görə ki, Azərbaycanda yaşamayanda təəssüf ki, dili itirirsən. Amma Azərbaycanda çıxan rusdilli qəzetlərin hamısını və mütəmadi olaraq oxuyuram. Səmimi desək, bu qəzetlərin jurnalistika baxımından keyfiyyəti məni o qədər də qane etmir. Hər halda həmin qəzetlərdə çalışan jurnalistlərin peşəkarlıq səviyyəsi itirilir və mənə belə gəlir ki, rusdilli qəzetlərin rəhbərləri bu baxımdan öz jurnalistlərinə qayğı göstərməli, onlara kömək etməli, jurnalistlər üçün kurslar təşkil etməlidirlər. Bax, siz özünüz hazırda burada təcrübə keçirsiniz. Bu təcrübə sizə çox şey verəcəkdir. Əlbəttə, jurnalistikanı Azərbaycanda da öyrənmək olar, lakin rusdilli jurnalistlərin burada ustad siniflərində məşğələ keçməsi daha yaxşı olar, sizin özünüzdə də ustad sinifləri təşkil etmək olar. Məsələn mən belə hesab edirəm ki, iki-üç qəzet birləşərək Moskvadan və ya Sankt-Peterburqdan yaxşı jurnalistləri sizdə ustad dərsləri keçmək üçün bir-iki günlüyə dəvət edə bilər. Məncə, bu çox faydalı olar. Biz İTAR-TASS-da xəbərlər lenti buraxırıq və abunəçilərimizlə əməkdaşlıq edirik.

-Bəs İTAR-TASS-ın dünya miqyasında işini necə qiymətləndirərdiniz?

-İTAR-TASS əvvəlki kimi yenə də Röyters, Assoşieyted-press, Frans-press agentlikləri ilə birlikdə dünyanın dörd əsas informasiya agentliyindən biridir. Dünyanın 60-dan çox ölkəsində bizim nümayəndəliklərimiz vardır. Biz dünyadakı bütün informasiya strukturlarının üzvüyük. Ona görə də şikayətlənmək günah olardı.

-Siz necə hesab edirsiniz, sosial şəbəkələr informasiya agentliyinin fəaliyyətini ənənəvi şəkildə başa düşmək üçün problemlər yaradırmı?

-Bu, çox yaxşı sualdır. Hesab edirəm ki, informasiya texnologiyaları sayəsində internet çox güclü çağırışdır, ingilislər demişkən "çelenc"dir. Bu baxımdan siz məni mühafizəkar hesab edə bilərsiniz, lakin mənim fikrimcə hazırda internetdə baş verənləri rus dilində "bespredel", Azərbaycan dilində "özbaşınalıq" adlandırmaq olar. İnformasiya sayəsində internetdə baş verənlərə başqa ad vermək olmaz. Hazırda İnternetdə baş verənlər XIX əsrin axırları - XX əsrin əvvəlində avtomobilin yarandığı dövrü xatırladır. O vaxt avtomobillər bir növ oyuncaq idi, maşınların üzərində nömrə, küçələrdə yol nişanları, yol hərəkəti qaydaları yox idi, kimin kefi necə istəsə maşını o cür sürürdü. Maşınların sayı çox deyildi və kim hara istəsə sürürdü. Lakin zaman keçdikcə maşınların sayı artdı, maşın qəzalarının ilk qurbanları yarandı və insanlar bu məsələni hansı şəkildəsə sistemləşdirmək zərurəti ilə üzləşdilər. İndi internetdə həmin vəziyyət yaranmışdır. İndi orada özbaşınalıqdır. Bu, pis vəziyyətdir, ona görə ki, bir tərəfdən internet böyük nailiyyət, böyük informasiya imkanları deməkdir. Lakin məsuliyyətsizlik və anonimlik mənim xoşuma gəlmir. Ənənəvi agentlikdə, məsələn sizin APA agentliyində siz gördüyünüz işə görə cavabdehsiniz, sizdə vətəndaş məsuliyyəti və Allah eləməsin, yeri gəlsə hüquqi məsuliyyətiniz də vardır. Eyni sözlər bizə də aiddir. İnternetdə hökm sürən özbaşınalıq isə o deməkdir ki, heç bir məsuliyyət yoxdur, saytların sahibləri və ya operatorlar başqa ölkədədir və bütün bunlar çox təhlükəlidir. Bir də ki, bu, ayrıca bir müsahibə mövzusudur, çünki bu barədə çox danışmaq olar. Məsələn, Vikiliks saytı ilə bağlı son hadisələr göstərdi ki, bu cəzasızlıq, məsuliyyətsizlik və təhlükə doğurur. İnsanlar hələ bunun mahiyyətini tam dərk etməyiblər. Yəni onlar bundan ləzzət alır, amma bunun təhlükəli olmasını başa düşmürlər.

-Xahiş edirəm, Rusiya-Azərbaycan İkinci Humanitar Əməkdaşlıq Forumuna hazırlıq işləri barədə danışasınız. Axı payıza o qədər də çox qalmayıb. Prinsip etibarilə bu forumun perspektivləri necədir? İkinci forum birincidən nə ilə fərqlənəcəkdir? Bu forumun işində hansı ölkələr iştirak edə bilərlər?

-Ümumiyyətlə, iki prezidentin - hörmətli Prezident İlham Əliyev və Prezident Dmitri Medvedevin himayəsi ilə Bakıda humanitar forumlar keçirilməsi ideyası çox gözəl fikirdir. Ümumiyyətlə, Bakı humanitar əməkdaşlıq baxımından dünya səviyyəli mərkəzdir. Bu, çox xoşagələn haldır. Ona görə ki, Bakı tarixən təkcə mühüm geosiyasi nöqtə deyil, həm də müxtəlif fəlsəfi "fori və ya porilərin" qovuşduğu mühüm məkandır. Bakı həmişə son dərəcə beynəlmiləl, multikonfessional, multimədəni şəhər kimi ad çıxarmışdır və indi də belədir. Məsələn Davos iqtisadi forumunu xatırlayaq. Davos İsveçrənin kiçik bir şəhəridir. Lakin hər il bütün dünyanın başbilən iqtisadçıları iqtisadiyyat sahəsində ən qabaqcıl ideyaları mübadilə etmək üçün həmin şəhərdə toplaşırlar. Bakı da intellektual, humanitar inkişaf baxımından buna oxşar dünya mərkəzi ola bilər və olmalıdır. Mən əminəm ki, bu forum illik tədbirə çevriləcəkdir. Keçən il birinci forumda belə bir təklif səslənmişdi. Prezident İlham Əliyevlə görüşdə də bu barədə söhbət olmuşdu. O özü təklif etdi ki, bu forum ənənəvi, hər il keçirilən tədbirə çevrilsin və onun daimi yeri Bakı olsun. İkinci "gəliş" prinsip etibarilə birincidən fərqli olacaqdır. Ona görə ki, bu forum ikitərəfli deyil, beynəlxalq xarakter daşıyacaqdır. Birinci forum ikitərəfli Rusiya-Azərbaycan tədbiri idi. Bu ilin oktyabr ayında, bildiyimə görə oktyabrın 10-11-də keçiriləcək forum isə beynəlxalq tədbir olacaq, orada bütün dünyadan gələn ən yüksək intellekt sahibləri təmsil olunacaqdır.

-Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq sahəsində hansı yeni layihələrin həyata keçirilməsi planlaşdırılır?

-Onlarca bu cür layihə vardır. Bu layihələr ən müxtəlif aspektləri, sosiomədəni, təhsil və informasiya əlaqələrini əhatə edir. Ümumiyyətlə, Allaha şükür edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi bizim ölkələr arasında həll edilməmiş məsələlər olmadığını söyləməyə imkan verir. Bunu Dmitri Medvedev də demişdir, İlham Əliyev də. Diskussiyalar ola bilər, hətta müəyyən kəskin məsələlər də müzakirə edilə bilər, lakin Rusiya və Azərbaycanın münasibətləri üçün ağrılı ola biləcək məsələlər yoxdur.

-İndi isə əhəmiyyəti heç də az olmayan başqa bir layihə barədə fikrinizi bilmək istərdim. İyunda Rus mətbuatının 11-ci ümumdünya konqresi açılacaqdır. Konqresə dəvət edilən KİV-lərin sayı nə qədər olacaq? Azərbaycan KİV-lərinin nümayəndələrindən kimləri burada görmək olar? Sizin fikrinizcə, bu tipli tədbirlərin əsas məqsədi nədən ibarətdir?

-Konqresə dünyanın 60-dan çox ölkəsindən 300-dən çox iştirakçı gələcəyini gözləyirik. Konqres Odessada və Kiyevdə keçiriləcəkdir. Ənənəvi məsələlər müzakirə ediləcəkdir, lakin indiki halda müzakirəyə çıxarılacaq məsələlərdən biri necə salamat qalmaq məsələsidir. Axı rusdilli mətbuat Rusiyadan başqa digər ölkələrdə azlığı təmsil edən mətbuatdır. Deməli, azlığın mətbuatının iqtisadi baxımdan salamat qalması məsələsi qarşıya çıxır. Bu, böyük və mürəkkəb məsələdir. Azərbaycanın rusdilli KİV-ləri belə tədbirlərdə ənənəvi olaraq iştirak edirlər. Arzusunu bildirmiş KİV-lərin demək olar ki, hamısı konqresə dəvət edilə bilər.

-Sizinlə söhbətdə daha bir mövzuya toxunmaya bilmərəm... Azərbaycan və Ermənistan ziyalıları işğal edilmiş Dağlıq Qarabağa, Bakıya və Yerevana iki dəfə səfər etmişlər. Əgər üçüncü bu cür səfər təşkil edilərsə, siz həmin missiyada iştirak etmək istərdinizmi? Şəxsən siz Dağlıq Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz? Və prinsip etibarilə bu münaqişənin həlli vardırmı?

-Bu, mənim üçün mürəkkəb məsələdir. Mən hesab edirəm ki, Azərbaycan və Ermənistan nümayəndələrinin dialoq yolları tapmaq üçün gördüyü işləri alqışlamaq lazımdır. Dağlıq Qarabağ ərazisinə iki dəfə səfər edilməsini bilirəm. Şəxsən mənim həmin səfərdə iştirak etmək istəyib-istəməməyim məsələsinə gəldikdə isə, bilirsinizmi, məndən ötrü bu, adi səfərdən qat-qat mürəkkəb məsələdir. Çünki mənə elə gəlir ki, burada əsas strateji məsələ dialoq, diskussiya aparmağın prinsipcə pis olmamasından ibarət deyildir. Bütün bunlar pis deyil, lakin əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin tamamilə və ədalətli tənzimlənməsidir və fikrimcə, bu tənzimləmə ilk növbədə Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi prinsipinə əsaslanmalıdır. Mənim fikrimcə, bu addım hələ də gündəmdədir və bu addımı atmaq lazımdır, çünki həmin rayonların işğal olunmasını bütün dünya etiraf edir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın özünün statusuna dair danışıqlar barədə söhbətlərə gəldikdə isə, bu, ola bilsin ki, danışıqlar prosesi ilə bağlı məsələdir. İşğal olunmuş rayonlar məsələsinə gəldikdə, onlar qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Əsas məsələ budur. İşğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır. Başa düşürəm, Sovet İttifaqı dövründə olan vəziyyət və indiki vəziyyət eyni şey deyildir. Əlbəttə, Dağlıq Qarabağ ərazisi ən geniş muxtariyyətə malik ola bilər. Lakin mən Dağlıq Qarabağ ərazisinin müstəqil dövlət ola biləcəyini güman etmirəm. Bu dövləti heç kim və heç vaxt tanımayacaqdır.

 

 

Səs.- 2011.- 15 aprel.- S. 8.