ABŞ Ermənistanı işğalçı dövlət kimi tanıdı

 

ABŞ Ermənistanı işğalçı dövlət kimi tanıdığına dair hesabat yayıb. Sizcə, bundan sonra ABŞ Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edə bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərmizə müraciət etdik.

 

Fəzail İbrahimli, millət vəkili:

 

- Hesab edirəm ki, ABŞ-ın Ermənistanı işğalçı dövlət kimi tanıdığına dair hesabat yayması çox yaxşı bir haldır. ABŞ-ın belə bir mövqeyini, artıq Azərbaycanın xarici siyasət sahəsində ən böyük uğuru hesab etmək olar. Çünki bugünə qədər Azərbaycanın haqq səsi dünya ölkələrində qulaqardına vurulurdu. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri də ABŞ-dır. Yəni burada ABŞ-ın nümayəndəsinin özü bizim ölkədə həmsədr kimi fəaliyyət göstərir. Amma işğal edilmiş rayonların heç vaxt kim tərəfindən işğal edilib sualına ünvan yazılmırdı. Bir sözlə, bu, çox yaxşı bir haldır və eyni zamanda, Dağlıq Qarabağ məsələsinin həllində vacib amillərindəndir. Çünki işğalçı kimi tanınan bir dövlətə hər hansı bir sanksiya tətbiq etmək mümkündür. Yəni, beynəlxalq hüquq bu məsələdə ciddi bir addım atmağa imkan verir. Qaldı ki, ABŞ-ın bundan sonra Ermənistana qarşı atacağı addımı bəri başdan söyləmək çətindir. Çünki bu gün dünyada hüquqi təminat güc müstəvisində həll olunur. Bu, ABŞ-ın artıq özündən asılı olan bir məsələdir. Amma ümumilikdə götürəndə isə, bu, kifayət qədər ciddi bir addımdır. 

 

Elman Nəsirov, politoloq:

 

- Hesab edirəm ki, ABŞ Ermənistanı işğalçı dövlət kimi tanıdığına dair hesabat yaymasına baxmayaraq, Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyəcək. Nəyə görə tətbiq etməyəcək? Ona görə ki, ABŞ Dövlət Departamenti əvvəllər də belə bəyanatlarla çıxış edib. 2001-ci ildə də, Ermənistanda insan hüquqlarının kütləvi şəkildə pozulması, Azərbaycan torpaqlarının işğal altında saxlaması ilə bağlı məlumatlar verib. Lakin ondan sonra fərqli bir situasiyanın şahidi olmamışıq. Budəfəki hesabata gəldikdə isə, bəli, budəfəki hesabatda da Dövlət Departamentinin Ermənistanla bağlı hissəsində qeyd olunur ki, "bu ölkədə çoxsaylı insan hüququ və azadlıqlarının pozulması faktı mövcuddur". Amma bizim üçün ən əhəmiyyətli məqam onunla bağlıdır ki, qeyd olunduğuna görə, "erməni separatçıları Dağlıq Qarabağ ərazisi və ətrafındakı rayonları işğal altında saxlayır". Yəni, bu nöqteyi-nəzərdən, düzdür, orada birbaşa Ermənistanın adı çəkilməyib. Amma burada Ermənistana işarə edilib. Burada məhz Ermənistanla bağlı, insan hüquq və azadlıqlarından bəhs edərkən, bu ifadə qeyd olunub. Yəni, artıq Ermənistanın, məhz  burada həm Dağlıq Qarabağı, həm də ətrafındakı rayonları işğal altında saxlaması anlamına gəlinir. Eyni zamanda, bizim üçün bu bəyanatda, bu ifadə o baxımdan əhəmiyyətlidir ki, ABŞ-da xarici siyasəti prezident müəyyən etsə də, Dövlət Departamenti xarici siyasəti həyata keçirən icraçı funksiyasını yerinə yetirir. Əgər burada Dövlət Departamenti Ermənistanın işğalçı tərəf olması ilə bağlı, öz hesabatında aydın şəkildə qeyd edib və Yerevanı işğalçı dövlət kimi göstərirsə, bu, o deməkdir ki, Dövlət Departamentinin 180 ölkəsində səfirliklər var. Yəni, bu ölkələrlə diplomatik münasibətlər var. Yəni, istənilən ölkədə olan səfirliklər də məhz bu hesabatdan qaynaqlanıb, Ermənistanla bağlı fəaliyyətlərini tənzimləməlidilər. Xüsusilə də, ABŞ-ın Ermənistandakı, səfirliyi bu yöndə çıxış edərək, Ermənistanda fəaliyyətin bu və ya digər təhlükələr gətirə biləcəyini bəyan edir. Amma hesab edirəm ki, Dövlət Departamentinin bu hesabatının ardınca, artıq ABŞ-ın Ermənistana qarşı çox ciddi iradlar bildirəcəyi gözlənilmir. Çünki Avropa Şurası Parlament Assambleyası Ermənistana işğalçı dövlət olduğunu bildirib. Lakin onu tərkibindən çıxarmayıb və heç bir sanksiya tətbiq etməyib. Bundan başqa, hamıdan öncə, 1991-ci ildə İslam Konfransı Təşkilatı Ermənistanın işğalçı dövlət olduğunu deyib. Amma İslam Konfransı Təşkilatı Ermənistana münasibətdə konkret təzyiq mexanizmlərini bu günə kimi işə salmayıb. 2010-ci ildə isə Avropa Parlamenti Ermənistanı işğalçı dövlət kimi tanıdı. Ancaq bu təşkilatın da Ermənistana münasibətdə, konkret olaraq, hər hansı mexanizmlər və təzyiq metodlarını işə saldığının şahidi olmamışıq. Bu, nöqteyi-nəzərdən, və heç şübhəsiz ki, hesabatda belə fikirlərin verilməsi müsbət haldır və biz bundan məmnunuq. Amma bu müsbət hal o zaman effektli olur ki, onun nəticəsi olsun. Əgər ABŞ bu cür bəyanat veribsə, gərək sözünü üstündə dura bilsin. Yəni, onu konkret olaraq, işlək metodlar və mexanizmlərlə təmin eləsin. Əgər bu cür olacaqsa, hesab edirəm ki, Dövlət Departamentinin bu hesabatının tayı-bərabəri olmayacaq. Yox, əgər bu hesabatın ardınca elə əvvəlki vəziyyət dəyişməz olaraq qalacaqsa və Dövlət Departamenti burada konkret bir addım atmayacaqsa, hesab edirəm ki, bu, elə-belə gəlişi gözəl sözlər kimi qalacaqdır. Bir sözlə, onun arxasında konkret heç bir iş dayanmır. Ona görə də, bu bəyanatın nəticələrini gözləməli olacağıq. "Ermənistan dövləti Azərbaycanın Dağlıq Qarabağ ərazisini və onun ətrafındakı 7 rayonu işğal edib" ifadəsi həmin hesabatda qeyd olunmayıb. Düzdür, hesabatda erməni separatçılarının adı var, amma bu ad Ermənistanla əlaqədar qeyd olunur. Yəni, bu diplomatik məna o deməkdir ki, burada əslində, işğalçı Ermənistan tərəfidir. Bir qədər gözləmək lazımdır ki, görək bu hesabatın konkret bir nəticəsi olacaq, ya yox.

 

 

GÜLYANƏ

 

Səs.- 2011.- 15 aprel.- S. 9.