Milli Məclisin növbəti iclası keçirildi
İclasda Hesablama Palatasının
2010-cu ildəki fəaliyyətinə dair hesabatı təqdim
olundu
Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəliyə münasibət bildirdilər. Gündəlik təsdiq edildikdən sonra deputatlar cari məsələlər barədə danışdılar.
Milli Məclisin
deputatı Asəf Hacıyev qeyd etdi ki,
1992-ci ildə bir qrup təcrübəsiz və dövlət
anlayışından uzaq olan
insanlar hakimiyyətə gətirildi: "Bu proseslərin
arxasında erməni lobbisi
ilə bağlı
müxtəlif təşkilatlar və şəxslər dururdu.". Asəf Hacıyev onu da vurğuladı ki, bu gün
güclü Azərbaycan
dövləti və ölkəyə
qarşı yönələn istənilən cəhdin
qarşısı qətiyyətlə alınacaq.
Siyavuş Novruzov: "Radikal
müxalifət dağıdıcılıq prosesindən,
başqa-başqa dövlətlərə xidmət etməkdən
savayı, heç bir addım atmayıb"
YAP
İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov
ölkəmizə akkreditasiya olunmuş bir qrup diplomatın
radikal müxalifət liderləri ilə keçirilən
görüşünə toxundu. Siyavuş Novruzov qeyd etdi ki, sözügedən
diplomatların görüşdüyü radikal müxalifətin
təmsilçiləri olan insanlar hansısa məsələdə
bir-birilərinə güzəştə getmirlər: "Onda
xalqın marağı ilə bağlı onlar hansı güzəştə
gedə bilərlər? Onlar dağıdıcılıq
prosesindən, başqa-başqa dövlətlərə xidmət
etməkdən savayı, heç bir addım atmayıblar. Hamı
bilir ki, həmin insanların heç bir sosial bazası yoxdur. İnsanları
aldatmaqla yalançı vədlər verməkdə və dəfələrlə
şahidi olduğumuz kimi pul paylamaqla aksiyalara cəlb etmək
istəyirlər. Lakin heç 300-400 nəfər insanı da ətraflarına
toplaya bilmirlər".
Millət
vəkili Fəzail İbrahimli vurğuladı ki, ölkədaxili
bütün problemlər Azərbaycanın öz daxilində həll olunmalı və
buna heç bir kənar qüvvə müdaxilə etməməlidir.
Deputat Elton Məmmədov bildirdi ki, radikal müxalifət
ictimai gərginliyi artırmaq, cəmiyyətdə
çaşqınlıq yaratmaq taktikasını seçib. Onların
təxribat xarakterli aksiyaları heç də dinc xarakter
daşımırdı və son aksiyalarda bu aydın göründü.
Lakin çox düzgün olaraq hüquq-mühafizə
orqanları həmin təxribatlara getmədilər və qanun
çərçivəsində hərəkət etdilər. Radikalizmi,
aqressivliyi qəbul etməyən Azərbaycan cəmiyyətində
hansısa iğtişaş törətmək, sabitliyi pozmaq
qeyri-mümkündür.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda keçirdiyi görüşlərdən danışdı: "Əhalinin bütün qrupları ilə görüş keçirdim. Təqaüdçülərlə baş tutan görüşdə onlar 2006-cı il yanvar ayının 1-dək olan pensiyaların ödənilməsi ilə bağlı bütün cəmiyyətin narahat olduğu məsələnin həlli istiqamətində Prezident İlham Əliyevin cəsarətli, müdrik və vaxtında verilmiş siyasi qərarını alqışladılar". Deputat Fazil Mustafa isə radikal müxalifət partiyaları ilə görüşən diplomatik korpusların nümayəndələrini qeyri-səmimilikdə ittiham etdi: Deputat qeyd etdi ki, diplomatik korpusların nümayəndələri heç də bütün müxalifət partiyaları ilə bərabər məsafə saxlamır və fərqli münasibət sərgiləyirlər: "Bu, kifayət qədər yanlış addımdır".
Mübariz Qurbanlı: "Qərb dövlətləri
rəhbərlərinin heç biri İsa Qəmbərovun
və Əli Kərimovun mövcudluğundan
xəbərdar deyil"
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirdi ki, hər bir ölkənin vətəndaşı, ilk növbədə, milli maraqları qorumalıdır: "Radikal müxalifətin son vaxtlarda Bakı şəhərində qarşıdurma yaratmaq cəhdləri milli maraqlardan tamamilə uzaqdır. Həmin radikal müxalifətin qanadında yer alan qüvvələrin rəhbərləri olan şəxslər tarixi keçmişi, siyasi fəaliyyətləri ilə bir daha sübut edirlər ki, onlar hər zaman Azərbaycanın milli maraqlarına ziyan vururlar. Əminəm ki, Qərb dövlətləri rəhbərlərinin heç biri İsa Qəmbərovun və Əli Kərimovun mövcudluğundan xəbərdar deyil. Qərb dövlətlərinin Azərbaycan gələn rəsmi nümayəndələri, yüksək səviyyəli rəsmi şəxsləri və digərləri bir dəfə olsun belə radikal müxalifət nümayəndələri ilə görüşmürlər. Çünki onların Azərbaycan cəmiyyətində hansısa gücə malik olmadığı həmin Qərb rəhbərlərinə aydın şəkildə məlumdur. Onda sual doğur: radikal müxalifətin xaricdən bu və ya digər dəstək alması tezisi nədən ortaya çıxır? Bu gün xaricdə, məsələn, ABŞ Konqresində, Fransa parlamentində, Rusiya Dövlət Dumasında və digərlərində Ermənistanla, erməni lobbisi ilə bağlı olan siyasətçilər var. Bu, hamıya məlumdur. Radikal müxalifət bu və ya digər formada məhz həmin qüvvələrin əlində bir alətə çevrilib".
Əli Əhmədov:
"Azərbaycanda nə iqtidar, nə parlament təmsilçiləri
çox az sayda tərəfdarı olan
radikal müxalifətin
mitinq keçirmək
cəhdlərindən narahat
deyil"
YAP-ın Sədr müavini-İcra katibi, deputat Əli Əhmədov qeyd etdi ki, radikal müxalifətin keçirdiyi mitinqdən narahatlıq duyulduğuna dair iddialar səslənsə də, bunun heç bir əsası yoxdur: "Bu, belə deyil. Azərbaycan nə iqtidarın, nə parlamentin təmsilçiləri çox az sayda tərəfdarı olan radikal müxalifətin mitinq keçirmək cəhdlərindən narahat deyil. Çünki onların bu yolda hansısa bir nailiyyət əldə etməsi mümkün deyil. Bu gün Azərbaycanda insanları düşündürən və sözün həqiqi mənasında, narahatlıq yaradan məsələ tamam başqadır. Bu da Azərbaycanda radikal müxalifətin ideologiyasına çevrilməkdə olan düşmənçilik psixologiyası və əhval-ruhiyyəsidir".
Bahar Muradova:
"Səfirlərin və diplomatların radikal
müxalifətlə görüşlərində
maliyyə məsələləri müzakirə olunub"
Milli Məclis Sədrinin müavini Bahar Muradova qeyd etdi ki, radikal müxalifət təkcə YAP-ın üzvlərinə yox, həm də parlamentdə təmsil olunan müxalifətin digər nümayəndələrinə qarşı düşmənçilik hissi bəsləyir. Bahar Muradova daha sonra qeyd etdi ki, mətbuatda və ictimai gündəmdə belə bir fikir var ki, səfirlərin və diplomatların radikal müxalifətlə keçirdikləri görüşlərində maliyyə məsələləri ilə bağlı söhbətlər aparılıb: "Yaxşı olardı ki, diplomatlar bununla bağlı izahat və açıqlama versinlər". O, keçirilən görüşlərdə şəffaflıq məsələsinə də toxundu: "Milli Məclisdə xarici diplomatlarla görüşlər keçirilərkən parlamentin beynəlxalq şöbəsinin əməkdaşları yanımızda olur, televiziyalar çəkilişlər aparır, mətbuat nümayəndələri bu tədbiri işıqlandırır. Bu səbəbdən həmin görüşlərlə bağlı lazım olan məqamların hamısını istənilən vaxt ortaya çıxarmaq mümkündür. Bəs diplomatlarla radikal müxalifətin görüşündə hansı mətbuat orqanı iştirak edib? Əgər etmişdisə, niyə materiallar açıq şəkildə mətbuata çıxmadı? Bizdən şəffaflıq tələb edən dairələr niyə özləri qeyri-şəffaf fəaliyyət göstərir?"
Oqtay Əsədov: "Ölkəmizə
həmişə şəffaflıqdan dərs keçən, mediaya açıq olmamaqda mühazirə oxuyanlar
özləri qapalı
iclas keçirirlər"
Milli Məclisin Sədri Oqtay Əsədov da radikal müxalifətlə ölkəmizdə bəzi diplomatik korpusların təmsilçilərinin görüşündən narahatlığını bildirdi: "Ona görə narahatlığımı bildirirəm ki, ölkəmizə həmişə şəffaflıqdan dərs keçən, mediaya açıq olmamaqda ittiham edənlər özləri qapalı iclas keçirirlər, heç bir qəzetdə həmin görüş barədə hər hansı material yer almayıb".
Daha sonra Hesablama Palatasının sədri Heydər Əsədov orqanlarda aparılan audit barədə məlumat verdi. Dövlət Neft Fondunda 2010-cu il üçün İş Planına uyğun olaraq "2008-2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin idarə olunması və istifadəsi üzrə" keçirilən tədbir barəsində danışdı.
Müzakirələrdə çıxış edən İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, hesabat Hesablama Palatasının fəaliyyətinin ildən-ilə təkmilləşməsinin real göstəricisi kimi çıxış edir. Onun sözlərinə görə, Azərbaycanda aparılan iqtisadi siyasət ölkənin sürətli inkişafına xidmət edir, ölkənin maliyyə imkanları artır və bu zaman inkişafa xidmət üçün ayrılan maliyyə vəsaitindən səmərəli istifadə ön plana çəkilir. Bu baxamdan, o, Hesablama Palatasının iş planının diqqətəlayiq olduğunu bildirdi.
Deputat Elton Məmmədov 2010-cu ilə dair hazırlanan hesabatı yüksək dəyərləndirdi və onun əhatəli şəkildə hazırlandığını vurğuladı. Millət vəkilləri S.Novruzov və M.Qurbanlı çıxışlarında Heydər Əsədovun məruzəsini yüksək qiymətləndirdilər.
Daha sonra hesabat səsə qoyularaq Milli Məclis tərəfindən nəzərə alındı.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 16 aprel.- S. 5.