"Heydər Əliyev və Azərbaycan gəncliyi"

 

YAP Qaradağ rayon təşkilatının gəncləri bu mövzuda dəyirmi masa keçirib

 

Dünən YAP Qaradağ rayon təşkilatı rayondakı Heydər Əliyev Muzeyində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda konfrans keçirib. Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycanın inkişafında gəncliyin rolundan, dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb.

Azərbaycanın gələcəyinin məhz müasir düşüncəli gənclərin əlində olduğunu söyləyən A.Hüseynov ölkəmizin siyasiiqtisadi uğurlarından danışıb: "Regionda lider dövlət olan Azərbaycanın bütün gəncliyi ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib və bundan sonra da öz birliklərini nümayiş etdirəcəklər. Ona görə də, inanıram ki, bu gün gənclərimiz radikal və dağıdıcı müxalifətin yalanböhtan dolu çağırışlarına uymayacaq".

A.Hüseynov konfransda iştirak edən gənclərə hadisələrə düzgün qiymət verdiklərinə görə təşəkkürünü bildirərək, müasir Azərbaycanın bugünkü nailiyyətlərindən danışdı. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan A.Hüseynov Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait yaradıldığını bildirdi. O, bəzi qüvvələrin gəncləri öz çirkin niyyətlərinə cəlb etmək cəhdlərini pisləyib, müasir gəncliyimizi dövlətçiliyimizin qorunmasına, xarici havadarların fitvası ilə ölkəmizdə xaos yaratmaq istəyənlərə uymamağa çağırdı.

Konfrasda çıxış edən YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri Heyran İsaqova müxalifətin radikal qanadının Bakıda ictimai-siyasi sabitliyi pozmaq cəhdləri ilə bağlı məsələyə toxundu.

Sonra sözügedən məsələ ətrafında müzakirələr başlanıldı və gənclər radikal müxalifətin dağıdıcılıq fəaliyyətini pislədilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 16 aprel.- S. 7.