Beyləqanda dinamik inkişaf davam edir
Rayonda ötən il əsas kapitala
8,3 milyon manat investisiya yönəldilibdir
İlk
onilliyini yaşadığımız XXI əsr Azərbaycanın
bir çox guşələri kimi Beyləqanın da tarixinə
sürətli inkişaf və intibah dövrü kimi daxil olub.
Regional inkişaf üzrə dövlət proqramlarının
uğurlu icrası sayəsində bu rayonda da sürətli
abadlıq-quruculuq işləri həyata keçirilib,
müasir infrastruktur yaradılıb. Məhz geniş
miqyaslı yenidənqurma tədbirləri Beyləqan rayonunun
simasını tamamilə dəyişib, rayonun gözəlliklərini
daha da artırıb.
Sosial-iqtisadi yüksəliş
Bütün
bölgələrdə olduğu kimi, Beyləqan rayonunda da
proqram vəzifələrin icrası istiqamətində əsaslı
işlər görülübdür. Rayonun ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatının
bütün sahələrində köklü irəliləyişlərə
nail olunubdur. Rayon icra hakimiyyətinin məlumatına görə, ötən ildə
rayon iqtisadiyyatının dinamik inkişaf tempi qorunub
saxlanılıbdır. Rayonda istehsal olunan məhsulların,
görülən işlərin və xidmətlərin həcmi
105 milyon manat olubdur. Bu, əvvəlki illə müqayisədə
6,9 milyon manat çoxdur. Ümumi məhsulun 4,1 faizi sənayenin,
63,4 faizi kənd təsərrüfatının, 6,3 faizi
tikintinin, 2,5 faizi nəqliyyat və rabitənin, 23,9 faizi ticarət
xidmətinin payına düşmüşdür. Həmçinin
əsas kapitala 8,3 milyon manat investisiya yönəldilib. Onun 79,2
faizi tikinti-quraşdırma işlərinə, o cümlədən,
48,6 faizi istehsal təyinatlı obyektlərin inşasına sərf
edilmişdir. Bütün maliyyə mənbələri
hesabına istifadəyə verilən əsas fondların dəyəri
5,9 milyon manat, mərkəzləşdirilmiş qaydada qoyulan
investisiyaların həcmi 3,3 milyon manat olmuşdur.
Aqrar bölmə yeniləşir
Respublikanın
meliorasiya və irriqasiya proqramına uyğun olaraq, hökumətin
və Dünya Bankının xətti ilə "Yuxarı
Mil" kanalı ilə "Xan qızı" kanalı
arasında yerləşən, habelə Şərq, Türklər
və Sarısu ərazilərini əhatə edən 5200 hektar
sahədə kompleks meliorativ tədbirlər həyata
keçirilir. Qısa müddətdə 3000 hektar sahədə
işlər başa çatdırılmış, 40 kilometr
kollektor-drenaj şəbəkəsi istifadəyə verilmişdir.
Bundan əlavə, son illər rayonda 50,5 kilometr yeni
kollektor-dren şəbəkəsi qazılmış,
mövcud şəbəkələrin 244,6 kilometr, suvarma
kanallarının isə 814,3 kilometr hissəsi lildən təmizlənilib.
Son iki ildə torpaq mülkiyyətçilərinə və
buğda istehsalçılarına 5,2 milyon manat məbləğində
dövlət yardımı verilibdir. Cari il ərzində
rayonun fərdi və fermer təsərrüfatlarında ət
istehsalı 1675 sentner, süd istehsalı 3845 sentner, yun 475
sentner, yumurta istehsalı 679 min ədəd olubdur. Həmçinin,
ötən il 214868 sentner buğda, 3380 sentner arpa, 7567 sentner
şəkər çuğunduru, 5310 sentner tərəvəz,
1190 sentner kartof, 1012 sentner günəbaxan
götürülübdür.
Fermerlərə
50 faiz güzəştli qiymətlərlə 136 ton yüksək
reproduksiyalı buğda toxumu satılıb. Aqrar bölmənin
inkişafına dövlətin göstərdiyi diqqət və
qayğı sayəsində rayonda bütün təsərrüfat
sahələri üzrə 50,4 min hektarda əkin
aparılıbdır. Rayonda heyvandarlıq daha yüksək
templə inkişaf etmişdir. İri malın sayı beş
ildə 9692 baş, il ərzində 1375 baş artaraq 52,6 min başa
çatıbdır. Qoyun-keçilərin sayı isə
beş ildə 75820 baş, il ərzində 10506 baş artaraq
281,6 min baş olubdur. Quşların sayı beş ildə
30752 baş, il ərzində isə 13449 baş artaraq 413,3 min
başa yüksəlibdir. Heyvandarlıq məhsulları - ət,
süd, yun, yumurta istehsalı artmışdır.
Abadlıq-quruculuq işləri
uğurla aparılır
Eyni
zamanda, görülən tədbirlər yerli xammala əsaslanan
istehsal sahələrinin yaranmasına, bu sahədə
böyük inkişafın müşahidə olunmasına
şərait yaradıb. Dövlət Proqramının icra
olunduğu müddətdə rayonda yerli xammala əsaslanan
istehsal və emal müəssisələrinin
yaradılması, sahibkarlığın inkişafı, habelə,
yeni iş yerlərinin dəstəklənməsi sahəsində
bir sıra mühüm tədbirlər həyata keçirilib.
Belə ki, rayonda iqtisadiyyatın aparıcı sahəsi olan
heyvandarlığın dinamik templə inkişafı, öz
növbəsində, heyvandarlıq məhsullarının
emalına ciddi ehtiyac yaradıb və nəticədə əsasən,
heyvandarlıqla məşğul olan iri yaşayış məntəqələrində
(Təzəkənd, Kəbirli, I Şahsevən, Milabad,
Bünyadlı və sair) gündəlik istehsal gücü 29
ton olan 9 süd qəbulu və emalı sexləri
yaradılıb. Bu dövrdə heyvandarlığın yem
bazasının təşkili məqsədilə 2
qarışıq yem zavodu tikilərək istifadəyə
verilib. Hesabat dövründə Dünyamalılar, Milabad, Kəbirli,
Örənqala, Birinci Şahsevən, Şəfəq,
Qaralılar, Bünyadlı, Əhmədli kəndlərində
yeni un dəyirmanlarının istifadəyə verilməsi nəticəsində
rayonda yüzlərlə yeni iş yeri yaradılıb, əhalinin
keyfiyyətli un məhsulu ilə təmin olunması
üçün ciddi addımlar atılıb. Rayon mərkəzində
və Birinci Şahsevən kəndində 6 üzlük plitə
sexi, SMD-4 qəsəbəsində "Nurlan" mebel sexi,
Örənqala qəsəbəsində "Narsıxma"
sexi, Qəhrəmanlı qəsəbəsində pambıq
emalı sexi, Birinci Şahsevən kəndi ərazisində iki
çınqıl karxanası, Dünyamalılar kəndi ərazisində
illik istehsal gücü 626 min şərti banka olan "Tərəvəz"
məhsullarının konserv sexi, Birinci Şahsevən kəndi
ərazisində "CTS AQRO" MMC-yə məxsus, illik
istehsal gücü 35 min ton olan pambıq emalı müəssisəsi,
Şəfəq qəsəbəsi ərazisində mərmər
daşların istehsalı və cilalanması sexi tikilib istifadəyə
verilib. "Aran-Qala" LTD-yə məxsus kərpic zabodunda
(illik istehsal gücü 6,5 milyon ədəd) istehsal prosesi bərpa
olunub. Həyata keçirilmiş tədbirlər nəticəsində
yüzlərlə rayon sakininin və ərazidə müvəqqəti
məskunlaşmış məcburi köçkünlərin
məşğulluğunun təmin olunmasına şərait
yaranıb.
Ümumiyyətlə,
ötən il əsas kapitala 8,3 milyon manat investisiya yönəldilibdir.
Onun 79,2 faizi tikinti-quraşdırma işlərinə, o
cümlədən, 48,6 faizi istehsal təyinatlı obyektlərin
inşasına sərf edilibdir. Bütün maliyyə mənbələri
hesabına istifadəyə verilən əsas fondların dəyəri
5,9 milyon manat, mərkəzləşdirilmiş qaydada qoyulan
investisiyaların həcmi 3,3 milyon manat olubdur.
İşgüzarlığı
ilə seçilən beyləqanlılar, hər il olduğu
kimi, ötən ildə də rayonda aqrar sahənin
inkişafının sürətlənməsi və yüksək
göstəricilər əldə olunması sahəsində
Dövlət Proqramında nəzərdə tutulan
bütün tələblərə məsuliyyətlə əməl
edirlər. Bu isə, onu göstərir ki, beyləqanlılar,
doğrudan da, torpaqla canlı ünsiyyət qurmağı və
ondan istədiklərini almağı bacarırlar.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 16 aprel.- S. 8.