Azərbaycan istənilən vasitə ilə ərazilərini işğaldan azad etməyə qadirdir

 

Elşad Mirbəşiroğlu: "Müharibənin başlaması regionda əlavə bir neçə münaqişənin yaranmasına səbəb ola bilməz"

 

- Elşad müəllim, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllin beynəlxalq güclərin Azərbaycana münasibətini dəyişməsinə səbəb ola bilərmi?

- Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli zamanı Azərbaycana beynəlxalq ictimaiyyət öz reaksiyasını göstərəcəkdir. Burada bir məsələni də qeyd etmək istərdim ki, bu gün beynəlxalq ictimaiyyətin özü maraqlarına uyğun gəldiyi təqdirdə, güc faktorundan çox istifadə edir. Eyni zamanda, əksər hallarda isə bunun üçün heç bir obyektiv səbəb olmadığı halda belə güc faktorundan istifadə edir. Buna misal olaraq, Yaxın Şərqdə və Liviyada gedən proseslər, bunu bir daha əyani şəkildə sübut edir. Yəni koalisiya qüvvələrinin Liviyada əməliyyatlar keçirməsi onu göstərir ki, heç də həmişə danışıqlar prosesinə üstünlük verilmir. Əksinə, əksər hallarda güc vasitələrindən istifadə edilir. Amma Azərbaycanla vəziyyət tamam başqadır. Bu gün Azərbaycanın beynəlxalq müsətəvidə tanınmış əraziləri, yəni burada beynəlxalq ictimaiyyətin özünün qəbul etdiyi və tanıdığı ərazilər, hələ də Ermənistan tərəfinin işğalı altındadır. Bir sözlə, burada beynəlxalq ictimaiyyət bu işğal faktını aradan qaldırmaq üçün heç bir addım atmır. Əksinə, Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsini şərtləndirən müəyyən addımlar atır. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın onlara verməyə kifayət qədər, qəti cavabları var. Hətta burada beynəlxalq ictimaiyyətin Azərbaycana münasibəti dəyişsə belə, Azərbaycan bunu arqumentləşdirilmiş şəkildə izah edə bilər. Beynəlxalq ictimaiyyətin bu məsələyə münasibəti qeyri-obyektiv xarakter daşıdığından, hesab edirəm ki, Azərbaycan tərəfi hərbi əməliyyatlara əl atarsa, bunun qiymətləndirməsi də qeyri obyektiv olacaqdır. Yəni bugünkü mövqelər bunu deməyə əsas verir. Bunu da, o baxımdan edəcəklər ki, beynəlxalq ictimaiyyət, yəni əsas güclər ermənipərəst mövqedən çıxış edirlər. Təbii ki, Azərbaycanın Ermənistana qarşı silah tətbiq etməsini onlar tədqiq etməyəcəklər. Amma hesab edirəm ki, heç nəyə baxmayaraq, indiki şəraitdə Azərbaycan özü müstəqil şəkildə addımlarını atmaq iqtidarındadır.   

- Müharibənin başlaması regionda əlavə bir neçə münaqişə ocağının yaranmasına gətirib çıxara bilər?

- Çox böyük qətiyyətlə qeyd etmək istərdim ki, Azərbaycanın işğal altında olan torpaqları, aparılan bu danışıqlar yolu ilə heç bir nəticə vermədiyi halda, hərbi vasitələrlə işğal altındakı ərazilərmizi geri qaytarmağa cəhd edərsək, bu, heç bir digər münaqişənin yaranmasına səbəb olmayacaq. Bir sözlə, hesab edirəm ki, müharibənin başlaması regionda əlavə bir neçə münaqişənin yaranmasına səbəb ola bilməz.

 

 

GÜLYANƏ

 

Səs.- 2011.- 16 aprel.- S. 13.