"Gənc turist" layihəsinə start verilib

 

Layihə gənclərin turizm sahəsinə olan maraqlarını artırmaq məqsədilə təsis edilib

 

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Sərəncamı ilə 2011-ci il Azərbaycan Respublikasında "Turizm ili" elan edilmişdir. Respublika Prezidenti İlham Əliyevin hələ 11 fevral 2004-cü il tarixində imzaladığı Fərmanla "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda digər sahələr kimi, turizm sektoruna da xüsusi yer ayrılır. Turizmin Azərbaycanda yeni sahə olmasına baxmayaraq, bunun inkişaf etdirilməsi potensialı çox genişdir.

Ümumiyyətlə, turizmin inkişafı sosial problemlərin həllində mühüm rol oynayır. Bu, sülhün möhkəmlənməsinə, xalqların yaxınlaşması və inteqrasiyasına, incəsənətin və mədəniyyətin inkişafına, millətlərin mənəvi və fiziki cəhətdən daha sağlam olmasına gətirib çıxarır. Bir çox ölkələrdə turizm daha yüksək inkişafı ilə yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinə və ölkənin ödəniş balansının yaxşılaşdırılmasına şərait yaradır.

Azərbaycanda turizmin inkişafına hər birimiz öz töhfəmizi verməliyik. Son vaxtlar ölkəmizdə bu sektorun inkişafı, kurort və sanatoriya şəbəkələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür, möhtəşəm layihələr gerçəkləşdirilir.

Bu qəbildən olan növbəti layihə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən həyata keçirilməkdədir.

Belə ki, 2011-ci ilin respublikamızda "Turizm ili" elan olunması ilə əlaqədar olaraq Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə mədəniyyət müəssisələrində "Gənc turist" layihəsinə start verilmişdir.

İdarədən verilən məlumata görə, şəbəkəyə daxil olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən "Gənc turist" klubları gənclərin turizm sahəsinə olan maraqlarını artırmaq, formalaşdırmaq, bu sahənin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraq meyillərini, intellektual inkişaflarını təmin etmək məqsədilə təsis edilir.

Yeni yaradılan bu klubların başlıca məqsədlərindən biri turizm sahəsinə marağı olan, karyerasını bu sahədə qurmağı düşünən gənclərə təməl bilgilərin aşılanması və onların ixtisaslı kadr kimi yetişmələrinə yardımçı olmaqdır.

Bu klublara daxil olan gənclər, ilk növbədə, Vətənimizin səfalı guşələri, gəzməli yerləri ilə tanış olaraq onlar haqqında ətraflı məlumat əldə etmək, əyani olaraq bu yerlərə ekskursiya etmək imkanı qazanacaqlar. Bununla yanaşı, paytaxtın müxtəlif qəsəbələrində, o cümlədən, ucqar qəsəbələrində fəaliyyətə başlayan bu klublar yaşadıqları ərazinin tarixini, mədəniyyətini öyrənməklə yanaşı, həmin ərazilərin turizm potensialının üzə çıxarılmasında da mühüm rol oynayacaq.

Ölkəmizin hər bir regionunun tarixini, özünəməxsus xüsusiyyətlərini öyrənmək, təbliğ edərək yaymaq gənc nəslin vəzifəsidir. "Gənc turist" klubunun üzvləri diyarşünaslıq, ekoloji tərbiyə ilə bağlı biliklərə yiyələnərək, onları təbliğ etməklə ölkəmizin maddi-mənəvi irsinin keşiyində durmağı öyrənəcəklər. Bu da, öz növbəsində, gənclərin vətənpərvərlik, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına səbəb olacaqdır.

Fəaliyyəti yalnız "Turizm ili"ni əhatə etməyən və davamlı olan "Gənc turist" klubları asudə vaxtın maraqlı, əhatəli və dolğun keçirilməsində, təbiətə məhəbbət, torpağa sevgi, mənəvi saflıq kimi gözəl keyfiyyətlərin aşılanmasında əhəmiyyətli rol oynayacaqdır.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 16 aprel.- S. 13.