“Biz Heydər Əliyev
siyasi kursunu öyrənirik"
Yeni Azərbaycan Partiyasının
Nizami rayon təşkilatında bu adda yaradılan məktəbin
ilk məşğələsi keçirilib
Yeni
Azərbaycan Partiyasının Nizami rayon təşkilatında
yaradılan "Biz Heydər Əliyev siyasi kursunu öyrənirik"
məktəbinin ilk məşğələsi keçirilib. Məşğələnin
ilk məruzəsində Yeni Azərbaycan Partiyasının Sədr
müavini, İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov,
YAP İcra katibinin müavini, millət vəkili Mübariz
Qurbanlı, YAP Nizami rayon təşkilatının sədri, millət
vəkili Sədaqət Vəliyeva iştirak edib.
Məşğələnin
iştirakçıları olan gənclər
qarşısında çıxış edən Sədaqət
Vəliyeva Ulu Öndər Heydər Əliyevin taleyin Azərbaycan
xalqına bəxş etdiyi böyük tarixi şəxsiyyət olduğunu bildirdi. Qeyd etdi ki,
müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli
dövlətçiliyimizin ideya əsasını məhz
Ümummilli Lider Heydər Əliyev yaradıb. "Bütün
mənalı həyatını öz xalqına bəxş
etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və
dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan
xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət
idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli
bu böyük məktəbdən, Ulu Öndər Heydər Əliyevin
zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanacaq" deyə
S.Vəliyeva əlavə edib.
Məşğələ
çərçivəsində YAP sıralarına yeni daxil
olan bir qrup gəncə üzvlük vəsiqələri də
təqdim edildi.
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov öz siyasi talelərini Yeni Azərbaycan Partiyasına bağlayan gəncləri təbrik edərək, bu addımlarını onların həyatında mühüm hadisə kimi diqqətə çatdırdı. Bildirdi ki, belə möhtəşəm, qüdrətli bir partiyanın üzvü olmaq gənclər üçün qürurverici haldır. "Düşünürəm ki, gənclər bu addımınızdan daha da ruhlanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edəcək, ölkəmizin inkişafı, qüdrətinin artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin reallaşmasına öz töhfələrini verəcəklər" deyən Ə.Əhmədov gənclərin daima doğru və düzgün yolla getməsinin vacibliyini də diqqətə çatdırdı.
Ə.Əhmədov YAP Nizami rayon təşkilatında yaradılan "Biz Heydər Əliyev siyasi kursunu öyrənirik" məktəbinin həqiqətdə gənclərin liderlik məktəbi olduğunu diqqətə çatdırdı. "Bu məktəbin ilk dinləyicisi olmaq böyük xoşbəxtlikdir. Proqramda nəzərdə tutulduğu müddətdə çox maraqlı mühazirələr dinləyəcək, maraqlı insanlarla görüşəcək, ölkənin ictimai-siyasi mühitinin incəlikləri ilə tanış olacaq, gənc liderlərə xas olan keyfiyyətləri mənimsəyəcəksiniz. Bu məktəbdə dərs almağınız, biliklərə yiyələnməyiniz Azərbaycanın ictimai-siyasi həyatında fəallığınızın artırılmasına öz müsbət təsirini göstərəcək. Düşünürəm ki, bu məktəbin "Biz Heydər Əliyev siyasi kursunu öyrənirik" adlandırılması kifayət qədər böyük məna və əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük, ən dahi simalardan biridir. Azərbaycanın müasir tarixi və bu tarixdə əldə olunan nailiyyətlər, müstəqil Azərbaycan və Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Azərbaycanın müasir tarixini Ulu Öndər Heydər Əliyevsiz, Onun müəyyənləşdirdiyi siyasətsiz təsəvvür etmək qeyri-mümkündür. Eyni zamanda, bu gün ölkəmizdə həyata keçirilən siyasət də ictimaiyyət tərəfindən Ulu Öndər Heydər Əliyev siyasəti kimi qəbul olunur. Azərbaycan xalqı bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin şahididir".
O da qeyd edildi ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə, gənclərimiz Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında zəngin biliklərə malikdirlər. "Çünki 40 ildən artıqdır ki, Azərbaycanın siyasi həyatının əsas amili, hərəkətverici qüvvəsi Ulu Öndər Heydər Əliyev, Onun müəyyənləşdirdiyi ideyalar olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək, respublikanın rəhbəri olmuşdur. Bu dövrdən etibarən Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyası adlandırılan məfkurənin əsasını qoyaraq, Azərbaycanın uzunmüddətli inkişafının fundamentini yaradıb, hazırda bu əsas üzərində Azərbaycan sürətlə inkişaf edir. Ona görə də, Heydər Əliyevə Azərbaycan vətəndaşları həm xilaskar, həm qurucu, həm də ən böyük lider, bu gün isə Ümummilli Lider kimi yanaşıb. Təbii ki, bunların hər biri üçün ciddi əsaslar var. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycan o zaman da təlatümlü dövrünü yaşayırdı. İqtisadi inkişaf baxımından 15 respublika arasında son yerdə dayanan bir ölkə idi. Bu tənəzzül digər sahələrdə də özünü göstərirdi. 1969-cu ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra çox qısa zamanda Azərbaycan 15 respublika arasında tutduğu yeri inanılmaz dərəcədə sürətlə dəyişdirdi. Ona görə də, Azərbaycan vətəndaşları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu müəyyənləşdirərkən, Ona həm xilasedici, həm də qurucu Lider kimi yanaşıblar və bu yanaşma özünü tarixi nöqteyi-nəzərdən tamamilə doğruldub. Sonrakı dövrlərdə görülən işlər də məlumdur. Daha sonra isə 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Ulu Öndər Heydər Əliyev o zaman Azərbaycanın milli qürur və iftixar mənbəyinə çevrilmişdir" deyən Ə.Əhmədov Ümummilli Lider Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdiyini də məşğələ iştirakçılarının diqqətinə çatdırdı.
"Bu dövrdən sonra Azərbaycanda inkişaf tədricən tənəzzüllə əvəz olunmağa başladı" deyən Ə.Əhmədov sovetlər birliyinin dağılmasından, Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa olunmasından sonra tez-tez baş verən hakimiyyət dəyişikliyi, Ermənistanın Azərbaycana təcavüzü, torpaqlarımızın işğalı Azərbaycanın iqtisadiyyatına və digər sahələrə çox ciddi təsir göstərdiyini söylədi. Vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmaması, Azərbaycanın siyasi proseslərində birbaşa iştirak etməməsi ölkəmizin bütün sferalarında geriləmələrlə müşahidə olunmağa başladı. "1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. 1993-cü il 15 iyunun tarixə Milli Qurtuluş Günü kimi daxil olması səbəbsiz deyil. Azərbaycan dağılmaq - parçalanmaq təhlükəsindən xilas oldu. Bu dövrdən başlanan yol Azərbaycanı inkişafa, tərəqqiyə aparır. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra özünün siyasi bacarığı xalqı yenidən vahid bir məfkurə ətrafında səfərbər edib, onun qəlbində sabaha inam hissi yaratdı. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmız tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur" deyən İcra katibi Ə.Əhmədov ölkədə sabitliyin yaradılması 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanmasına da geniş imkanlar açdığını məşğələ iştirakçılarının diqqətinə çatdırdı.
Ə.Əhmədov bəzi qüvvələrin gənclərdən öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi bəhrələnmələrinə də münasibətini açıqladı. Bildirdi ki, Azərbaycan gəncləri sağlam düşüncəli gənclərdir. "Çox yaxşı başa düşürlər ki, həmin qüvvələrin cızdıqları planlar onların maraqlarına uyğun deyil. Gənclərin əsas vəzifəsi biliklərə yiyələnmək, Azərbaycanın inkişafına, tərəqqisinə öz töhfələrini verməkdir. Bu gün bəzi qüvvələrin ölkədə ictimai-siyasi durumu gərginləşdirmək üçün küçələrə can atmaları ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzi müxalif qüvvələr öz siyasi fəaliyyətlərinin ancaq mitinqlər, küçə yürüşləri keçirməkdən ibarət olduğunu təsdiqləyir, törətdikləri əməllərlə özlərini qınaq hədəfinə çevirirlər. Reallığı inkar etmək qeyri-mümkündür. Bu gün Azərbaycanın inkişafın hansı səviyyəsində olduğunu görmək üçün əvvəlki illərə nəzər salıb, qısaca müqayisə aparmaq kifayətdir. Azərbaycanın uğurları dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında da öz əksini tapır. Bu uğurlarımız bizi daha da ruhlandırır, gələcəyə doğru böyük inamla irəliləməyə əsas verir. Bu uğurları bizə bəxş edən Ulu Öndər Heydər Əliyev siyasəti və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir" deyə vurğulayıb.
Sonda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin üzvü Sədaqət Vəliyeva "Biz Heydər Əliyev siyasi kursunu öyrənirik" məktəbinin növbəti məşğələləri barədə iştirakçıları məlumatlandırıb.
Tapdıq Qurbanlı
Səs.- 2011.- 19 aprel.- S. 5.