Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Şirvanda uğurla həyata keçirilir

 

Son illərdə respublikamızın bütün bölgələri kimi, Şirvan şəhəri də sürətlə inkişaf etməkdədir. Şəhər gündən-günə öz görkəmini dəyişir, burada yeni istirahət guşələri, park və meydançalar yaradılır, məhəllələr abadlaşdırılır, insanların rifahı naminə mühüm tədbirlər həyata keçirilir. Şirvan sənaye şəhəri olduğundan, bu sahənin inkişafı üçün bütün imkanlardan istifadə edilir, yeni sənaye müəssisələrinin, obyektlərin açılmasına xüsusi diqqət yetirilir.

 

Son illərin uğurları

 

Şirvan şəhəri 2005-2010-cu illərdə sənayenin inkişaf tempinə görə ölkədəki qabaqcıl şəhərlər içərisində layiqli yer almışdır. 2010-cu ildə şirvanlıların maddi yaşayış səviyyəsi xeyli yaxşılaşmış, onların pul gəlirləri 42,9 milyon manat olmuşdur. Bu da hər bir sakin üçün 544 manat pul deməkdir. Bu müddətdə keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz çox - 72,3 milyon manatlıq ümumi məhsul istehsal edilmiş, xidmətlər göstərilmişdir. Sənayedə istehsal olunan məhsulun 67 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Hesabat dövründə şəhərdə 109,3 min ton xam neft, 3,7 milyon kubmetr təbii qaz, 778 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Tikinti müəssisələri tərəfindən 758 min manat həcmində tikinti-quraşdırma işləri görülmüşdür. Əsas kapitala əvvəlki ilin eyni dövründəkindən 5,8 dəfə çox -5,7 milyon manat vəsait yönəldilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 4,5 milyon nəfər sərnişin, 75 min ton yük daşınmışdır.

 

Ötən il Şirvanda yolların abadlaşmasına 812,3 min manat vəsait xərclənibdir

 

Ölkə Prezidenti İlham Əliyevin respublikamızın rayonlarına müntəzəm səfərləri yeni-yeni sosial obyektlərin açılışı, istehsal və emal sahələrinin işə salınması, infrastrukturun yeniləşməsi ilə müşayiət olunur. Bu səfərlər, bir daha göstərir ki, dövlətimizin başçısı tərəfindən regional inkişaf üzrə Dövlət Proqramında əksini tapmış hər bənd, hər müddəa daim xüsusi diqqətdə saxlanılır. Bu baxımdan Şirvan şəhərində aparılan abadlıq-quruculuq işləri daha da genişləndirilibdir. Küçə və yolların təmiri daim diqqət mərkəzində olmuşdur. Bayramlı qəsəbəsinin giriş hissəsində 9 min kvadratmetr, Şirvan-Sabirabad yolunda 4900 kvadratmetr asfalt-beton örtüyünün tikintisi aparılmışdır. Ümumiyyətlə, ötən il Şirvanda yolların abadlaşmasına 812,3 min manat vəsait xərclənmişdir.

 

Rayonda yeni sənaye  müəssisələri yaradılır

 

Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində bu rayonda da sürətli abadlıq-quruculuq işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb. Şəhər elementləri ilə zəngin olan genişmiqyaslı yenidənqurma tədbirləri Şirvan şəhərinin simasını tamamilə dəyişib. Burada qazanılan uğurların məhz işgüzarlıq, zəhmətsevərlik kimi amillərin üzərində pərvəriş tapması xüsusi qeyd edilməlidir. Şəhər sakinlərinin məişət şəraitini yaxşılaşdırmaq başlıca qayğılardandır. Bu baxımdan Qaz- İstismar Sahəsi bir sıra əhəmiyyətli işlər həyata keçirmişdir. Qaz- İstismar Sahəsi tərəfindən əhali kateqoriyası üzrə istehlakçılara 7,1 milyon kubmetr təbii qaz satılmış və satılmış təbii qazın dəyərinin ödənilməsi 73,2 faiz həcmində təmin edilmişdir. İstehlakçıların qaz təminatının yaxşılaşdırılması və mövcud itkilərin qarşısının alınması məqsədilə şəhərin T.Bağırov, Füzuli, 1 May, Vidadi, T.İsmayılov, Naxçıvan və G.Şıxbalaoğlu küçələrində 700 poqonmetrə yaxın müxtəlif diametrli qaz xətləri çəkilmiş və təmir edilmişdir. Eyni zamanda, Muğan ölçü qovşağında Vidadi küçəsi ilə Heydər Əliyev prospektinə qədər 4000 poqonmetr 200 millimetrlik yeni plastik qaz xəttinin çəkilişinə başlanılmış və işin əsas hissəsi görülmüşdür.

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Telemexanika" və "Araz" zavodlarında xeyli işlər görülmüşdür və yenidənqurma işləri davam etdirilir. "Telemexanika" zavodunun 7-ci istehsal korpusu və köməkçi sahələr tam təmir edilmiş, alətlər sexi yeni sahəyə köçürülmüş, 1 yeni qablaşdırma və 2 anbar binası tikilib istifadəyə verilmişdir. Müəssisədə 6 nömrəli korpusun təmirinə başlanılmışdır. Beynəlxalq standartlara cavab verən nəzarət sınaq sahəsinin tikintisi başa çatmaq üzrədir. "Araz" zavodunun 7-ci sahəsində tikinti-quraşdırma işləri başa çatdırılmışdır, 6-cı sahənin inşası isə davam etdirilir.

 

Şəhərin qayğısına sığınan qaçqın - köçkünlərin güzəranı

 

Digər regionlarda olduğu kimi, Şirvan şəhərində də qaçqın və məcburi köçkün daim diqqət mərkəzindədir. Şuşa şəhərindən, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Qubadlı, Laçın, Xocalı, Kəlbəcər, Xocavənd, Ağdərə rayonlarından 1156 ailə neçə illərdir Şirvan şəhərinə sığınıb. Orta Asiyadan, Qərbi Azərbaycandan didərgin düşən daha 37 ailə də bu şəhərə pənah gətirib. Onlar ən yaxşı kommunal xidmətləri olan binalarda - mehmanxanalarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə yerləşdirilib. Xüsusi qeyd etmək lazımdır ki, Şirvan şəhərində bu sahəyə çox böyük diqqət verilir. Bunun nəticəsidir ki, 972 nəfər məcburi köçkün işlə təmin edilib, daha 600 nəfərdən çoxuna isə kiçik ticarətlə məşğul olmağa şərait yaradılıb. Müvəqqəti qonaqların yaşadıqları binalar daimi olaraq elektrik enerjisi, mavi qaz və su ilə təmin edilir. Şəhər rəhbərliyi ilə bərabər hər bir şirvanlı çalışır ki, yurd-yuvasını itirmiş bu insanlar burada olduqları müddətdə daha böyük çətinliklərlə qarşılaşmasınlar.

 

Cari ildə 331 yeni iş yeri açılıbdır

 

Sahibkarlara dövlət dəstəyinin nəticəsidir ki, Şirvan şəhərində əlverişli biznes mühitinin yaradılması məqsədilə özəl bank filialları və bank olmayan kredit təşkilatları tərəfindən yarım ildə sahibkarlara 8 milyon manat kredit verilibdir. Şirvan Rayonlararası Təchizat Bazası tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 704 min manat dəyərində 161 ədəd müxtəlif kənd təsərrüfatı texnikası servis və lizinq xidmətinə verilibdir. Bu yaxınlarda şəhərimizdə Sahibkarlığa Milli Kömək Fondu tərəfindən 45 nəfər yerli və ətraf rayonların sahibkarlarına 500 min manat həcmində güzəştli kreditlər verilibdir. Şəhər iqtisadiyyatının uğurlu inkişafı, yeni istehsal sahələrinin yaradılması əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmış, yeni iş yerləri açılmışdır. Qeyd edək ki, işsizliyin böyük sosial problem olduğunu nəzərə alaraq, işsiz vətəndaşların işlə təmin edilməsi istiqamətində Məşğulluq Mərkəzi tərəfindən bir sıra işlər görülübdür. Əhalinin işsizlik probleminin həllində mövcud müəssisələrin genişləndirilməsi, yeni obyektlərin açılması böyük rol oynayır. Cari ildə həyata keçirilən tədbirlər nəticəsində 331 yeni iş yeri açılmışdır ki, bunlar da daimi iş yerləridir.

Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Şirvan şəhərində böyük uğurla reallaşır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 19 aprel.- S. 7.