Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş futzal turnirinə start verildi

 

Yarışda Bakı və Abşeron gəncləri iştirak edəcəklər

 

Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin və Neftçi İdman Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş futzal turnirinə start verildi. Suraxanı rayonu əraz isində yerələşən Neftçi İSM-nin stadionunda keçiriləcək futzal turnirində Bakı və Abşeron rayon gənclərindən ibarət komandalar mübarizə aparacaq.

Futzal turnirində 12 komandadan ibarət 5 qrup əsil idman mübarizəsinə qatılacaq. Turnirin açılış mərasiminə Bakı və Abşeron rayon təşkilatlarından olan YAP gənclər birliklərinin üzvləri iştirak edib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88 illiyi ilə bağlı keçirilən futzal turnirinin açılışında çıxış edən Neftçi İSM-nin Kütləvi Bədən Tərbiyəsi və idman şöbəsinin rəisi Akif Məmmədov yarış iştirakçılarını salamlayaraq, onlara bu idman mübarizəsində uğurlar dilədi. Bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə ölkəmizdə gənc nəslin sağlam ruhda böyüməsi üçün idmana xüsusi qayğı ilə yanaşmışdır. Məhz bunun nəticəsi olaraq, ölkəmizi təmsil edən idmançılar həmişə böyük və mötəbər yaraşlarda Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırmış, himnimizin səsləndirilməsinə nail olmuşlar deyən A.Məmmədov Prezident İlham Əliyevin Azərbaycan Olimpiya Hərəkatının formalaşmasındakı misilsiz xidmətlərinin də ölkə idmanının yeni dövrü kimi xarakterizə olunduğunu yarış iştirakçılarının diqqətinə çatdırdı.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov da, bu möhtəşəm idman yarışının gənclərin idmana olan diqqətini daha da artırmağa hesablandığını söylədi. Bildirdi ki, YAP Gənclər Birliyi olaraq belə bir idman turnirinin məhz Ulu Öndər Heydər Əliyev anadan olmasının 88 illiyinə həsr olunması da xüsusi əhəmiyyətə malikdir. "Azərbaycan idmanına, gənclərimizin sağlam böyüməsinə həmişə diqqət və qayğı göstərən Ümummilli Liderimiz Heydər Əliyev bu məqsədlə bir sıra vacib addımlar atmış, mühüm sərəncamlar vermişdir. Məhz Ulu Öndərin sovet dönəmində siyasi hakimiyyətə gəldiyi müddətdə də, azərbaycanlı gənclərin dünyanın ən qabaqcıl ölkələrinə təhsil almasını təmin etməsi sadalananları bir daha təsdiqləmiş olur. İkinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz məhz müstəqil ölkəmizdə idmana, gənclər siyasətinə böyük yer vermişdir. Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin, bütün sahələrdə olduğu kimi, idman sahəsinə də, xüsusi diqqət yetirməsi Azərbaycanı bir idman ölkəsinə çevrilməsinə imkan vermişdir. Eyni zamanda, bu gün ölkəmizin hər bir bölgəsində tikilib istifadəyə verilmiş idman və olimpiya kompleksləri Azərbaycanda idmana olan dövlət qayğısını açıq şəkildə özündə ehtiva etmiş olub" deyən S.Orucov bütün bunların müqabilində isə ölkə idmançılarımızın dünya və Avropa çempionatlarında, olipiya yarışlarında ən yüksək uğurları təmin etdiklərini söylədi. Qeyd etdi ki, artıq ənənəvi formada Ulu Öndərimiz Heydər Əliyevin anadan olması tarixinə həsr olunmuş bu cür idman yarışları da ölkədə gedən idman rəqabətində mühüm töhfə kimi qiymətləndirilir.

Açılış mərasimindən sonra püşkatma yolu ilə müəyyənləşmiş komandalar futzal turnirində ilk mübarizələrinə başlayıblar.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş futzal turniri aprelin sonuna qədər davam edəcək. Turnirdə 12 komandadan ibarət 5 qrup idman mübarizəsinə qoşulacaq. Futzal turnirini Azərbaycan Futbol Federasiyaları Assosiasiyalarının təmsilçilərindən ibarət olan hakimlər idarə edəcək. Eyni zamanda, yarışla bağlı təşkilat komitəsi yaradılıb ki, burada YAP Gənclər Birliyinin sədri Seymur Orcuov, Neftçi İSM-nin direktoru Sadıq Sadıqov və işçi qrupu fəaliyyət göstərir.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 19 aprel.- S. 8.