Beynəlxalq elmi konfrans keçirilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, müasir milli intibahımızın banisi, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Qeyd edək ki, bu, ADPU-da ali təhsildə keyfiyyətin idarə olunması mövzusunda keçirilən sayca 2-ci beynəlxalq elmi konfransdır. Belə bir konfrans 2010-cu ilin aprel ayında da keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, məzarı önünə əklil qoydular. Azərbaycan xalqının görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edildi, məzarı önünə gül dəstələri qoyuldu.

Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq, ali təhsil müəssisəsində təşkil olunan konfransa ilk olaraq uğurlar dilədi. O bildirdi ki, belə bir möhtəşəm elmi konfrans Təhsil Nazirliyinin Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurası, Azərbaycan Dövlət Pedaqoji UniversitetininQafqaz Universiteti birgə təşəbbüsü ilə təşkil olunub: "Beynəlxalq konfransın keçirilməsində əsas məqsəd Boloniya prosesində ali təhsildə keyfiyyətin idarə olunması sahəsində mövcud vəziyyətin təhlili, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və qarşıda duran vəzifələri müəyyən etməkdir. Konfransda Azərbaycanın və Türkiyənin nüfuzlu elm və təhsil müəssisələrinin, həmçinin, Türkiyənin Yüksək Öyrətim Kurulunun (YÖK) nümayəndələri və millət vəkilləri iştirak edirlər".

Nazir konfransın özəlliklərini diqqətə çatdıraraq, belə bir tədbirin, ilk növbədə, Ümummilli Liderin anadan olmasının 88-ci ildönümü və Azərbaycanın müstəqilliyinin 20 illik tarixinə hazırlıq məqamında təşkilinin çox böyük əhəmiyyətə malik olduğunu bildirdi.

Konfransda nazir Türkiyə ilə Azərbaycan arasında mövcud əlaqələrin genişliyindən söz açarkən, Qafqaz Universitetinin Azərbaycan və Türkiyə arasındakı elmi mübadilənin həyata keçirilməsində rolunu da vurğuladı.

Nazir müstəqillik dövründə Azərbaycan elminə, təhsilinə olan diqqətə nəzər salaraq, bu illər ərzində onun böyük bir dinamik yol keçdiyinidünya təhsil sisteminə inteqrasiya olunduğunu vurğuladı:"Azərbaycandan Türkiyədə 3 minə yaxın tələbə təhsil alır, eləcə də, çoxsaylı türkiyəli gənclər Azərbaycanda təhsilini davam etdirirlər. 20 illik bir dövr ərzində Azərbaycanın müstəqilliyini ilk olaraq tanıyan dövlət olan Türkiyə ilə əlaqələrinin möhkəmlənməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir".

Müasir cəmiyyətdə ali təhsilin cəmiyyətdə rolu artmaqdadır. Cəmiyyətin tələblərinə uyğun olaraq, ali təhsilin səmərəli şəkildə qurulmasının vacibliyini önə çəkən nazir bu sahədə həm məzmun, həm texnologiya, həm də idarəçilik baxımından dünyada qəbul olunmuş formada təhsilin qurulmasının vacibliyini söylədi: "2005-ci ildə Azərbaycan rəsmi olaraq Boloniya prosesinə qoşulub. Bu zamandan başlayaraq, Azərbaycan təhsil sistemi prioritet istiqamətdə Avropa təhsil sisteminə inteqrasiya edilərək, qurulur. Təhsilin inkişafı ilə bağlı Azərbaycan Prezidenti Sərəncam imzalayıb, Dövlət Proqramı qəbul olunub. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı, mütəmadi olaraq, ölkəmizdə tədbirlər keçirilib və əsas diqqət təhsilin keyfiyyətinə yönəldilir."

Nazir belə bir mötəbər tədbirin pedaqoji universitetdə keçirilməsinin təsadüfi olmadığını da bildirdi. Belə ki, pedaqoji universitetdə son illərdə təhsilin keyfiyyətinin artırılmasına, eləcə də, şəffaflığın qorunmasına nail olunmuşdur.

Konfransda Türkiyə Cümhuriyyəti Yüksək Öyretim Kurolunun icraçı heyətinin üzvü, professor Şaban H.Çalış-ın  çıxış edərək, Azərbaycan və Türkiyə arasında təhsil sistemindəki qarşılıqlı əlaqələrdən, Boloniya sisteminin təhsilin keyfiyyətinə təsirindən danışdı.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 19 aprel.- S. 9.