Regionda münaqişə ocaqları hər an alovlana bilər

 

Rəbiyyət Aslanova: "Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müharibə həddinə çatmayacaq"

 

- Rəbiyyət xanım, ölkə başçısı cənab İlham Əliyev bölgələrə səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün bütün vasitələrdən istifadə olunacağını bəyan etdi. Bu vasitələr sırasında müharibə variantı istisna deyil ki?

- Bölgələrə səfəri zamanı ölkə başçısı cənab İlham Əliyevin Dağlıq Qarabağla bağlı elədiyi çıxış əvvəlki çıxışların məntiqi davamıdır. Prezidentin sərt mövqeyi Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması istiqamətində fikrinin dəyişmədiyinin  bir daha sübutu sayıla bilər. Cənab Prezident İlham Əliyev bu dəfə də beynəlxalq qurumların, ekspertlərin nəzərinə çatdırdı ki, Azərbaycan dövləti öz mövqeyində qətidir. Və ərazilərinin bir qarışını belə güzəştə getməyəcək. Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq, yenə də beynəlxalq birliyin həqiqəti, obyektivliyi rəhbər tutacağına qəti əmindir. Beynəlxalq hüquq normaları əsasında Azərbaycanın ərazi bütövlüyü problemi həll olunacaq. Biz beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qeyri-obyektiv münasibətini, ikili standartını bilirik. Amma bütün bunların fonunda yenə də inanırıq ki, beynəlxalq qurumlar rasional düşüncəni əsas tutacaq. Hər bir beynəlxalq təşkilatın, böyük dövlətlərin obyektivlik nümayiş etdirmək borcudur. Başqa cür ola da  bilməz. Əgər beynəlxalq təşkilatlar bu məsələdə qəti mövqe tutmayacaqlarsa, bu halda, onların mövcudluğunu şübhə altına alıram.   Yəni bir sözlə, beynəlxalq birliyin gerçək fəaliyyəti, artıq demək olar ki, şübhə altına alınır. Bununla bağlı Azərbaycan öz mövqeyini dəfələrlə bildirib. Əgər Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq hüquq normaları çərçivəsində nail ola bilməyəcəyiksə, o zaman Azərbaycan  xalqı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu problemi həll edəcək. Amma bununla belə, biz   hərbdən çox sülh yoluna üstünlük veririk. Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  müharibə həddinə çatmayacaq. Dünya sülh, əmin-amanlıq, birgə yaşayış prinsiplərinin formalaşmasından danışırsa və bunu bir şüar etmək istəmirsə, o zaman konkter addımlar atmalıdırlar. Bu gün Azərbaycana gələn beynəlxalq təşkilatların nümayəndələri, ayrı-ayrı ekspertlər, siyasi analitiklər, missiyalar mahiyyət etibarı ilə eynidir. Əslində, bu missiyaların xidmət etdiyi bir əsas prinsip olmalıdır. O da ədalətin, sülhün bərpa və bərqərar olunması, işğalçı ilə işğala məruz qalan dövlət arasında fərqin ortaya qoyulmasıdır. Çox təəssüf ki, bu gün haqlı və haqsız dövlətlər arasında bərabərlik işarəsi qoyulur.

- BMT Liviyada Müəmmər Qəddafi rejiminə qarşı tez-tələsik qərar qəbul etdi və dərhal həmin qətnamənin icrası həyata keçirildi. Amma 20 ildir 20% torpaqları işğal altında olan Azərbaycanla bağlı Ermənistana qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib. Lakin bu günə qədər bu qətnamələrin icrası həyata keçirilməyib. Bu haqsız, ədalətsiz mövqe təəccüb doğurmur ki?

- Çox önəmli bir məqamdır ki, ərəb ölkələrində baş verən bütün hadisələri olduqca dəqiq formada izləyirlər. Liviya ilə bağlı qətnamə qəbul ediləndən dərhal sonra NATO qüvvələri bu ölkəyə qarşı səfərbər oldu. Axı necə ola bilər ki, Liviya ilə bağlı qətnaməyə belə ciddi reaksiya və problemin həlli üçün çox az vaxt verildi. Bu hadisə bütün dünyanın gözü qarşısında baş verdi. Amma Azərbaycan dövləti ilə bağlı olan qətnamələrin 20 ildir ki, icrası həyata keçirilmir. Deməli, beynəlxalq təşkilatlara üzv olan bütün aparıcı dövlətlər öz ənənəvi təsir dairələrində olan ölkələri itirmək istəmədikləri üçün bu məsələyə bu cür münasibət bəsləyirlər. Əbəs yerə deyilmir ki, bu gün dünyanı  maraqlar idarə edir.

- ATƏT nümayəndələri 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirildiyini  araşdırır. Artıq Respublika Prokurorluğu da qətl hadisəsi ilə bağlı faktları ATƏT nümayəndələrinə təqdim edib. Sizcə, bundan sonra ATƏT təcavüzkar Ermənistanı ittiham edən və ya qınayan hesabat yaya bilərmi?

- İnanmıram. Hələ ki, ATƏT-in bugünkü durumu ilə əlaqədar olaraq, tam optimist mövqe nümayiş etdirə bilmərəm. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərləri uzun illər davam edib. Həm tanışlıq missiyası, həm qiymətləndirmə missiyası və s. Müxtəlif adlar altında gələn missiyaların yekun bir qərarı olmadığına görə, inanmıram ki, ATƏT bu gün hansısa real bir mövqe nümayiş etdirə bilsin. Əgər ATƏT  istəsəydi, çoxdan obyektiv mövqe nümayiş etdirərdi. AŞ-dən fərqli olaraq, ATƏT bu gün Ermənistanı işğalçı dövlət adlandırmaqdan çəkinir. Halbu ki, bununla bağlı BMT-nin 4 qətnaməsi var. Uzun sürən səylərimizdən sonra AŞ-də Ermənistan işğalçı dövlət kimi tanınıb. Ən maraqlı cəhət odur ki, istər  BMT, istərsə də AŞPA-ya üzv olan dövlətlər həm də ATƏT-in üzvüdürlər. Bu gün ATƏT-in Minsk Qrupunun üzərinə çox böyük bir məsuliyyət düşür. Ya ATƏT-in Minsk Qrupu öz fəaliyyətini dayandırmalıdır, ya da konkret bir mövqe sərgiləməlidir. Real, tərəfsiz mövqe sərgiləmək ATƏT-in Minsk Qrupunun vəzifəsidir. İşğalçı ilə işğala məruz qalan dövlət  arasındakı fərq mütləq ortaya qoyulmalıdır. Bununla əlaqədar 56 ölkə işğalçı ölkəni cəzalandırmaq üçün ortaya konkret mövqe qoymalıdır.  ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı optimist mövqedən çıxış edə bilmərəm, çünki ATƏT-dəki durumu da bilirəm, təcavüzkar Ermənistanı öz mövqeyindən çəkindirmək üçün hansısa tədbirlərin olmadığını da görürəm. Biz yenə də həm ATƏT Parlament Assambleyasına, həm də ATƏT-in Minsk Qrupuna, bilavasitə, öz çağırışımızı edirik. Azərbaycan xalqının gözləməyə daha səbri yoxdur. Yəni insanların hissləri ilə ikili oyun oynamaq olmaz. Bu ikili standartlardan çəkinməyin vaxtıdır.

- ATƏT-in faktaraşdırıcı missiyasına və Soçi görüşünə olan ümidlərimiz özünü, demək olar ki, doğrultmadı. Sizcə, bundan sonra ATƏT həmsədrlərinin Dağlıq Qarabağla bağlı ədalətli, haqlı mövqeyini gözləmək olarmı?

- Hər hansı bir beynəlxalq  quruma özünü təsdiq etmək üçün ən çoxu 2 il  kifayət edir. Bu müddət ərzində beynəlxalq qurum özünün ortaya qoyduğu mövqeyini dünyaya çatdıra bilər. 20 ildir ki, həmsədrlərin gəlib-getmələri, dəyişməz mövqelər onu göstərir ki, ATƏT-in Minsk Qrupu bu günə qədər öz fəaliyyətini bir addım da olsun irəliyə aparmayıb.

- Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin eksperti İqor Sokolov bildirib ki, ATƏT həmsədrləri danışıqlar xatirinə danışıqlar aparmamalıdırlar. Əks halda, münaqişənin alovlanmasının qarşısı alınmayacaq. Doğrudanmı vəziyyət son dərəcə kritik xarakter alıb?

- Əlbəttə, vəziyyət olduqca kritik haldadır. Bu gün cəbhə bölgəsində baş verən atışmalar, Ermənistanın Azərbaycana qarşı təxribatçı addımları, 9 yaşlı azərbaycanlı uşağın ölümü  məgər bunlar beynəlxalq birliyə bir xəbərdarlıq mesajı deyilmi? Bunu İqor Sokolovun bildirməsinə ehtiyac yoxdur, çünki onsuz da bölgədə vəziyyət son dərəcə gərginləşib. Dünyada baş verən bütün bu proseslər onu göstərir ki, siyasətdə çeviklik, obyektivlik mövqeyində çıxış etmək lazımdır. Münaqişə dondurulmuş və yaxud alovlanan vəziyyətdə davam etməməlidir. Təsadüfi deyil ki, Azərbaycanda keçirilən o böyük  forumların, konfransların  əsas məqsədi, qayəsi dünyaya bir daha bəyan etməkdir ki, problemin həllinin yeganə yolu məhz insanların, dövlətlərin, dövlət başçılarının, beynəlxalq qurumların bir araya gəlməsidir.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 19 aprel.- S. 9.