18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

 

Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə, buna səbəb insanların yaşaması üçün mülayimmünasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yol keçərək, çoxsaylı abidələr yaratmışlar və onlar bu gün  çox qiymətli nümunə olaraq qorunub saxlanılır.

Bu abidələr bizim tarixdir. İnsanlıq tarixi, yaranma tariximizdir. Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı dövrdən başlayaraq sivil bir tərzdə formalaşmışdır. Azərbaycan ərazisində bu abidələrin sayı olduqca çoxdur. Tədqiqatlar göstərir ki, Azərbaycan ərazisində olan abidələr ölkənin bütün ərazilərində mövcuddur ki, bunların da yaşı əsrləri əhatə edir. Bu abidələrin harada tikilməsindən asılı olmayaraq, müdafiə olunaraq qorunub saxlanılmışdır.

Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri ilə yanaşı, meqalit memarlıq abidələri-kromlexlər, menhirlər, dolmenlər və siklop tikililəri geniş yayılmışdır.

Azərbaycan ərazisində Manna dövlətinin təşəkkülü, daha sonralar güneydə Atropatena dövlətinin yaranması ilə bağlı şəhərlər yaranmış, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdir. Həsənli rayonundakı abidələr kompleksi, eləcə də, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, altıncı yüzilliyin eyvanlı mənzil tipi təşəkkül tapmışdı. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzədək gəlib çatmışdır. Bu dövrdə yaranmış abidələr Azərbaycan memarlığının sonrakı inkişafına, eləcə də, Əhəmənilər dövründə İranın və Ön Asiyanın digər ölkələrinin memarlığına əhəmiyyətli təsir göstərmişdir. Atəşpərəstliyin yayılması ilə bağlı yaranan ibadətgahlar islamdan öncə tikilmiş əsas dini binalar olmuşdur.

Ümumiyyətlə, islamdan öncəki və sonrakı dövrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol oynamış və tarixi abidələr inşa edilmişdir. Bu abidələrin bir qismi bu gün erməni işğalçılarının əlindədir. Belə ki, 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən, ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıtmışlar.

Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.

Şuşa tarixi-memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, Cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev-muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə, qoruq şəhərin Şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə SultanSoltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.

İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indidavam edir. İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli - 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalmışdır.

Bunlarla yanaşı, işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 mln kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103.2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçikhəcmli attraksion işğal altında qalmışdır.

Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələri erməni işğalçılarının əlindədir.

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.

Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın  xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin, Qubadlı tarix-diyarşünaslıq muzeyinin, Zəngilan tarix - diyarşünaslıq muzeyi qarət edilmiş, ermənilər tərəfindən işğal olunmuşdur.

Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.

Erməni təcavüzkarlarının qarət etdikləri abidələrdə  Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı təsəvvürlər yaşayır. Şuşa, Laçın və Qubadlı kimi rayonların rəsm qalereyaları dağıdılmışdır.

Erməni təcavüzkarları vəhşilik göstərərək Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir Hacıbəyovun və Bülbülün, habelə, şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışlar. Bu abidələr bütün əxlaq normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdir. Həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda İncəsənət Muzeyində nümayiş etdirilir.

Azərbaycan xalqının məhv edilmiş qədim, əvəzolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin qiymətini təyin etmək praktiki olaraq mümkün deyildir.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan, Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Bu gün dünya abidələr gününü qeyd edir. Bu sırada Azərbaycanın da öz yeri, payı vardır. Azərbaycan abidələri dünyada tanınır və hər il tariximizi yaşadan nümunələri görmək üçün dünya ölkələrinin nümayəndələri gəlib ziyarət edirlər.

 

 

Zümrüd

 

Səs.- 2011.- 19 aprel.- S. 12.