"Turizm Məqsədli Coğrafi İnformasiya Naviqasiya Sistemi" yaradılıb

 

Turizm ilində yaradılan bu layihə turistlər və ölkə vətəndaşları üçün bir töhfədir

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Turizm Məqsədli Coğrafi İnformasiya və Naviqasiya Sistemi" yaradılıb. Layihənin məqsədi Azərbaycanda turizmin inkişafı naminə ölkənin elektron xəritəsinin və naviqasiya sisteminin yaradılması olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş turizm ilində yaradılmış bu sistem turistlər və ölkə vətəndaşları üçün bir töhfədir. Dünya standartlarına cavab verən və regionda analoqu olmayan elektron xəritə sistemi Transxəzər bölgəsində aparıcı sistem inteqratorlarından biri olan Azərbaycanın SINAM şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Milli Elektron Turizm Naviqasiya Sisteminin elektron xəritəsinə 70 şəhər, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 670000 bina tikililər, 43000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23770 km yaşıllıq sahələri və meşələr və s. məlumatlar daxil edilib. Elektron xəritədə bu məlumatlar sxemya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib.

Azərbaycan, ingilis rus dillərində fəaliyyəti nəzərdə tutulmuş veb-portaldakı elektron xəritə hər hansı bir tikili miqyasına qədər böyüdülə bilər. Elektron xəritədə, həmçinin, mövcud olan digər bu tip sistemlərlə inteqrasiya oluna bilir (məsələn:  "Google Satellite").

Elektron xəritənin GPS-naviqasiya sistemi mövcuddur. GPS-naviqasiya sistemi həm avtomobillərin, həm də piyadaların Azərbaycanın müxtəlif bölgələrində istənilən marşrutla hərəkəti üçün istifadə oluna bilər. Avtomobil sürücüləri üçün GPS-naviqasiyada yollar yol hərəkəti qaydaları tam göstərilməklə əks edilib.

Qeyd edək ki, xəritə üzərində onlayn trekinq funksiyası da vardır. Onlayn trekinq vasitəsilə turist marşrutlarını, turistləri, dağ-xizək zonalarında hərəkət edənləri və s. peyk izləmə sistemi vasitəsilə müşahidəsi mümkündür. Həmçinin, fövqəladə (bədbəxt hadisə) hallar zamanı hadisə yerində olanların koordinatlarını təyin etmək mümkündür.

 

 

ZÜMRÜD

 

Səs.-2011.- 20 aprel.- S. 6.