AZƏRBAYCANDA ORDU QURUCULUĞU PROSESİNƏ BÖYÜK DİQQƏT YETİRİLİR

 

İlham ƏLİYEV: "Biz bilirik ki, hətta təmas xəttində, o təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır."

 

Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92 illiyi tamam olacaqdır. Ulu Öndər Heydər Əliyevin müstəsna, əvəzedilməz xidmətləri sayəsində formalaşan və hazırda sürətli  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla, müvəffəqiyyətlə davam etdirir. Ümummilli Lider Heydər Əliyev  1998-ci ilin  22 may tarixində imzaladığı Fərmanı ilə  bu qürurlu günü  tarixiləşdirmiş, əbədiləşdirmişdir. Eyni zamanda, Azərbaycan xalqı artıq 13 ilə yaxındır ki, 26 İyun Silahlı Qüvvələr Gününü  ümumxalq bayramı kimi qeyd etməkdədir.

Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev, həmçinin, qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı istənilən tapşırığı daim yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik   Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmış, inkişaf etmişdir. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konkret desək, Azərbaycan beynəlxalq aləmdə  güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir.

Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmləndirilməsində görən Ulu Öndər  tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli Lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Buna misal kimi, 90-cı illərin ortalarından başlayaraq Azərbaycanın  NATO ilə sıx və səmərəli əməkdaşlığını  ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsini, silahlı qüvvələrimizin  modernləşdirilməsini, müasir standartlara uyğunlaşdırılmasını göstərmək mümkündür. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan  NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq  1996 - cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001 - ci ildə isə  "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na  qoşulmuş, 2008 - ci ilin sonundan bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi  NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər. Yeri gəlmişkən, 1997 - ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi - humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək verirlər.  Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir.

 

Düşmənə zərbə vurmağa qadir olan qüdrətli ordu və Ali Baş Komandan

     

Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran  Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir:" Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdır Azərbaycan dövləti edir".

Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən, cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri kimi hesab olunmaqdadır. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına geniş şərait yaradıb . Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə, qətiyyətlə qoruyur

 

Görülən işlər, praktiki tədbirlər

 

Ümumiyyətlə, ordu quruculuğu məsələləri həmişə dövlətimizin prioritet istiqaməti olaraq, diqqət mərkəzindədir. Çünki bu, Azərbaycan üçün əsas məsələdir. Bu baxımdan, Prezident İlham Əliyev hərbi imkanların artırılması istiqamətində etdiyi çıxışı zamanı qeyd etmişdir ki, həmin imkanlar maksimum dərəcədə gücləndirilməlidir: "Bunu etmək üçün çox böyük işlər, praktiki tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin."

Ölkəmizin hərbi imkanları gündən-günə güclənir, iqtisadi imkanları artır və məlum həqiqətdir ki, Azərbaycan heç kimin yardımından asılı olan dövlət deyil. Bu gün Azərbaycan bölgədə o nadir ölkələrdəndir ki, öz hesabına yaşayır və günü-gündən daha da güclənir. Azərbaycanın maliyyə imkanları genişlənməsinə münasibət bildirən ölkə başçısı vurğulayıb ki, biz heç kimin yardımından, kreditindən asılı deyilik: "Belə olan halda, gələcəkdə əlbəttə ki, Ermənistan ilə Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də demoqrafik məsələlərdə fərq daha da böyüyəcəkdir. Azərbaycanda əhalinin sayı ildən-ilə artır. Ermənistanda isə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır.  Yəni biz bilirik ki, hətta təmas xəttində, o təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Bu yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər. Yəni onlar səfərbərliyə cəlb ediləcək insanların yaş həddini artırırlar. Orada canlı qüvvə Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməz. Bu, vacib məsələdir və üstünlük bizim tərəfimizdədir. Digər bütün başqa sahələrdə də üstünlük bizim tərəfimizdədir."

Görülən bütün bu işlərlə yanaşı, Azərbaycanda hərbi sənaye də çox sürətlə inkişaf edir. Bu sahəyə dövlət başçısının xüsusi diqqəti nəticəsində böyük vəsait ayrılır, diqqət göstərilir. Son illər ərzində çoxsaylı zavodlar yaradılıbdır. Azərbaycanda ən müasir hərbi texnikalar istehsal olunur. Bu barədə də qeyd edən cənab Prezident deyib ki, gələcəkdə dövlətin bu sahədə planları çox genişdir və böyükdür: "İstəyirik ki, bizə lazım olan hərbi sursat və texnika maksimum dərəcədə Azərbaycanda istehsal olunsun. Beləliklə, biz idxaldan da asılılığımızı azaldacağıq. Baxmayaraq ki, silah-sursatın alınması ilə əlaqədar qarşımızda heç bir problem yoxdur, bu proses davam edir və davam edəcəkdir."

Azərbaycan xalqı isə inanır. İnanır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, yürütdüyü iradəli və qətiyyətli siyasəti nəticəsində tezliklə, işğal altında olan torpaqlarımızı erməni təcavüzkarlarından azad edəcək və həmin ərazilərimiz də digər bölgələrimiz kimi, inkişaf strategiyasının bir parçası olacaq. Zaman Azərbaycanın xeyirinə işləyir...

 

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 21 aprel.- S. 3.