Regionların
inkişafı sürətlənib
İlham Əliyev:
"Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı uğurla icra olunur"
2009-2013-cu
illəri əhatə edən "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın qəbul
olunmasından cəmi 2 il vaxt keçməsinə baxmayaraq, bu
müddətdə sənədin icrası ilə bağlı
çox mühüm tədbirlər həyata keçirilib. Ötən
müddət ərzində regionların inkişafı ilə
bağlı genişmiqyaslı tədbirlər davam etdirilib,
rayonlarda abadlıq-quruculuq, yenidənqurma işləri sürətləndirilib.
İnfrastruktur təminatının yaxşılaşması
üçün mühüm addımlar atılıb.
Proqramın
icrasına cəlb olunmuş mühüm dövlət
strukturları və icra orqanları qarşıya qoyulmuş vəzifələrin
maksimum dərəcədə yerinə yetirilməsi
üçün bütün güclərini səfərbər
edib. Ötən müddətdə müxtəlif
regionlardakı şəhər və kəndlərdə
yaşayış məntəqələrində həyata
keçirilmiş sosial-iqtisadi inkişaf layihələri və
genişmiqyaslı islahatlar onu göstərir ki, yeni
proqramın icrasının ilk 2 ili çox uğurlu olub.
2009
və 2010-cu illər əhatəli layihələrin həyata
keçirilməsi bütün bölgələrin
yaşayış ərazilərində kompleks tədbirlərin
reallaşması ilə yadda qalıb. Dövlət
Proqramına uyğun olaraq makroiqtisadi inkişafın sürətlənməsi,
ölkə iqtisadiyyatının bütün sahələrində
dinamizmin yüksəlməsinə zəmin yaradan davamlı tədbirlərin
həyata keçirilməsi, regionlarda iş yerlərinin
yaradılması ilə bağlı konkret layihələrin
icra olunması, infrastruktur təminatı ilə əlaqədar
işlərin gerçəkləşməsi nəzərdə
tutulduğundan da yüksək səviyyədə yerinə
yetirilib.
Eyni
zamanda, rayon və kəndlərdə həll olunmamış məsələlərin,
əsasən də, kommunal xidmətlərin təminatı və
infrastrukturun yaxşılaşdırılması ilə
bağlı tədbirlər planının həyata
keçirilməsi bütün bölgələrin sosial-məişət
qayğılarının minimuma enməsi üçün əlverişli
imkanlar yaradıb. Bölgələrdə hər bir kəndin
problemlərinin həll olunması üçün yüzlərlə
layihələr həyata keçirilib.
Yeni
Dövlət Proqramının icrasına
başlanılmasının dünyada maliyyə
böhranın dərinləşdiyi bir dövrə təsadüf
etməsinə baxmayaraq, hökumətin
düşünülmüş makroiqtisadi siyasəti və
böhrana qarşı effektiv tədbirlər görmək məharəti,
respublikamızın dinamik inkişafını sürətləndirməklə
yanaşı, regionlarda həyata keçirilən
islahatların və layihələrin də dinamizminin yüksəlməsinə
stimul verib.
Son
illərdə bütün dövlətlərin ən
mühüm iqtisadi rayonlarında böhranla bağlı real
sektorun bir çox sahələri iflasa uğrayaraq, fəaliyyətini
dayandırdığı halda, Azərbaycanın
rayonlarında belə bir hal nəzərə
çarpmayıb.
Ümumiyyətlə,
bölgələrin inkişafındakı pozitivlik
davamlıdır və iqtisadi artım tempi ilə
müşayiət edilib. Bütün rayonlarda iş fəallığı
əvvəlki tək yüksək olub, məşğulluğun
səviyyəsi artıb və ümumilikdə, real gəlirlərin
həcmində pozitivlik müşayiət olunub. Bununla
yanaşı, respublikamızın bölgələrində
infrastruktur, sənaye, nəqliyyat, rabitə, tikinti, kənd təsərrüfatının
inkişafında önəmli dəyişikliklər baş
verib, regionlara xarici investorların axını geniş miqyas
alıb.
Yerli
istehsalın həcmi önəmli dərəcədə
artıb və ölkə sahibkarlarının xarici bazarlara
çıxışı stimullaşıb. Yol və
infrastrukturun yeniləşməsi sahibkarların yeni müəssisələr
yaratmasında və istehsal olunan məhsulun bazarlara
ixracında əhəmiyyətli rol oynayıb. Rayonlarda soyuducu
kameraların və taxıl anbarlarının
yaradılması istiqamətində işlərin sürətlənməsi
isə iqtisadi inkişafa təkan verməklə yanaşı,
əhalinin etibarlı şəkildə ərzaq məhsulları
ilə təmin olunmasına dərin baza yaradıb.
Bütün
iqtisadi hədəflərin yerinə yetirilməsi nəzərdə
tutulmuş plana uyğun olaraq vaxtında və əhatəli
şəkildə icra olunub. Prezident
İlham Əliyev regionların inkişafına xüsusi diqqət
göstərdiyindən, bölgələrdə həyata
keçirilən yenidənqurma işlərini və layihələrin
icra vəziyyətini daim nəzarətdə saxlayıb,
davamlı olaraq rayonlara səfər edib, ən mühüm
infrastruktur obyektlərinin, sosial, təhsil, mədəniyyət,
səhiyyə, idman və digər
bölmələrdə inşa olunan müəssisələrin
tikintisinin vəziyyəti ilə yaxından tanış olub.
Bütün
bunlar Prezident İlham Əliyevin regionların inkişafı
ilə bağlı aparılan işləri yaxından izləməsinin
və qayğısının məntiqi nəticəsi kimi
qiymətləndirilə bilər.
Yeni
Dövlət Proqramının əsas məqsədi və
spesifik xüsusiyyəti ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarət
olduğundan ötən dövrdə həmin hədəflərin
hər biri üzrə mühüm nəticələrin əldə
edildiyini görmək olar.
Bu
müddətdə qeyri-neft sektorunda sürətli inkişaf və
artım meyilləri qeydə alınıb, infrastruktur və əhalinin
kommunal xidmətlərlə təminatı xeyli
yaxşılaşıb, sahibkarlıq sektorunda önəmli
layihələr icra olunub, iqtisadiyyata investisiyaların cəlb
olunması sürətlənib, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılması nəzərə
çarpıb, məşğulluq səviyyəsi yüksəlib.
Bununla
yanaşı, Dövlət Proqramına uyğun olaraq, ölkə
iqtisadiyyatının prioritet sahələrinə iri həcmli
investisiyaların yönəldilməsi nəticəsində
bir çox istehsal və emal müəssisələrinin fəaliyyəti
bərpa edilib, iqtisadiyyatın
balanslaşdırılmış inkişafının sürətləndirilməsi,
sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin
və iş yerlərinin açılmasına şərait
yaradıb.
Təhsil,
səhiyyə, mədəniyyət, elm və digər humanitar
sahələrin inkişafı ilə bağlı layihələrin
icrası da geniş vüsət alıb. Göründüyü
kimi, hökumət proqramda nəzərdə tutulmuş
bütün bölmələr üzrə tədbirləri
yüksək səviyyədə yerinə yetirib. Nəticədə
ölkəmizdə iqtisadi fəallıq artıb, sosial layihələr,
investisiya və infrastruktur proqramları uğurla başa
çatdırılıb.
Elçin Bayramlı
Səs.- 2011.- 21 aprel.- S. 6.